Əsas Səhifə > Dünya > Suriya ordusunun aviabazalarına raket zərbələri endirilib

Suriya ordusunun aviabazalarına raket zərbələri endirilib


17-04-2018, 08:05
Suriya ordusunun aviabazalarına raket zərbələri endirilib
Aprelin 17-ə keçən gecə Suriyanın Hüms əyalətindəki “Şayrat” aviabazası və Dəməşqdən 50 km şimalda yerləşən Dümeyr aerodromuna raket zərbələri endirilib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Suriyanın havadan müdafiə sistemləri “Şayrat” aviabazasına atılan 6 raketi vurub. Daha 3 raket Dümeyrə çatmamış vurulub.

“Al Masdar” portalının məlumatına əsasən, zərbələr Suriyaya Livan ərazisindən daxil olan İsrail Hərbi-Hava Qüvvələrinin təyyarələri tərəfindən endirilib. Məlumat rəsmi olaraq Suriya hökuməti tərəfindən təsdiqlənməyib.

İlkin məlumata görə, insident nəticəsində ölən və yaralanan yoxdur.

“Al-Masdar”-ın digər məlumatına əsasən, Suriya havadan müdafiə sistemləri ölkənin hava məkanını pozan hərbi təyyarələr istiqamətində bir neçə raket buraxıblar.

İsrail Müdafiə Ordusunun mətbuat xidməti Suriyadakı insidentlə bağlı onlarda heç bir məlumatın olmadığını bildirib.

***

02:33

Suriyanın Hüms əyalətində yerləşən “Şayrat” aviabazasına raket zərbələri endirilib.

APA-nın məlumatına görə, bu barədə yerli SANA agentliyi xəbər verib.

Məlumata görə, Suriya ordusunun havadan müdafiə sistemləri zərbələri dəf edir. Hücumun kim tərəfindən törədildiyi hələlik məlum deyil. “Al Masdar” portalının məlumatına əsasən, aviabazaya zərbələr İsrail Hərbi-Hava Qüvvələri tərəfindən endirilib.

Qeyd edək ki, ötən ilin aprelində ABŞ-ın Aralıq dənizindəki gəmilərindən “Şayrat” aviabazası istiqamətində 59 "Tomahawk" raketi buraxılıb. Hadisə nəticəsində 5 nəfər ölüb, 7 nəfər yaralanıb.

Geri qayıt