Əsas Səhifə > Dünya > Ağ Ev İrana qarşı tələblərinin siyahısını dərc edib
Ağ Ev İrana qarşı tələblərinin siyahısını dərc edib9-05-2018, 08:12 |
Ağ Ev İrana qarşı tələblərinin siyahısını dərc edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bəyanatda deyilir: “Prezident Tramp aydın şəkildə bəyan edib ki, İran heç vaxt nüvə silahının istehsalı ilə məşğul olmamalıdır. İran rejimi həmçinin heç vaxt qitələrarası ballistik və nüvə başlığı daşıya biləcək raketlər istehsal etməməli, raket texnologiyalarının digər ölkələrə ötürülməsini dayandırmalıdır”. “İran “Hizbullah”, HƏMAS, “Taliban”, “Əl Qaidə” kimi terrorçu, ekstremist qruplaşmalarını dəstəkləməyə, İsraili məhv edəcəyi kimi bəyanatlar verməyə son qoymalıdır, Fars körfəzi və Qırmızı dənizdə naviqasiyanın dayandıracağına dair hədə-qorxu gəlməməli, Yəməndəki münaqişəni qızışdırmamalı, üsyançı husilələ silah-sursat ötürülməməlidir”, - deyə Ağ Evin bəyanatında qeyd olunub. “İran ABŞ-a və İsrail də daxil olmaqla, onun müttəfiqlərinə qarşı kiber hücumlara son qoymalı, insan haqlarının kobud şəkildə pozulması hallarına bir daha yol verməməli, ABŞ vətəndaşları daxil olmaqla əcnəbilərin qanunsuz həbsdə saxlanılmasına son qoymalıdır”, - deyə bəyanatda vurğulanır. Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bundan əvvəl ölkəsinin İranla bağlanmış nüvə sazişindən çıxdığını və İrana qarşı sanksiyaların bərpa olunacağını bəyan edib. İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və “altılıq ölkələri” - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir. 2017-ci ildə ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni strategiyanı elan edib. D.Tramp İranı terrorun maliyyələşdirilməsində ittiham edib, rəsmi Tehranın nüvə razılaşmasının müddəalarını pozduğunu söyləyib. Tramp razılaşmanın pozulmasını istisna etməmişdi. Geri qayıt |