Əsas Səhifə > Dünya > ABŞ-ın dəniz və hava qüvvələri İrana zərbə endirə bilər
ABŞ-ın dəniz və hava qüvvələri İrana zərbə endirə bilər23-05-2018, 08:34 |
ABŞ-ın şərtləri İranın Yaxın Şərqdəki fəallığının azaldılmasına, İraq və Suriyadakı təsirinin azaldılmasına, islam inqilabının başqa ölkələrə yönləndirilməsinə, bir sözlə, Tehranın öz qınına çəkilməsinə qarşı yönəlib. Bu sözləri Axar.az-a ABŞ-ın nüvə müqaviləsindən geri çəkilməsindən sonra İranla bağlı strategiyasını şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, ABŞ təkbaşına irəli sürdüyü şərtlərin yerinə yetirilməsində yalnız İsrail vasitəsilə hərəkət edəcək: “Bu məsələnin xüsusən sanksiyalar formasında həyata keçirilməsinə o qədər bel bağlamaq olmaz. Görünür, ABŞ İranda daxili proseslərdən də istifadə etmək niyyətindədir. İsrail bir müddət öncə İranın daxilindəki antihökumət qruplarını bir gündə ayağa qaldıra biləcəyini bildirmişdi. Belə təsəvvür yaranır ki, İranla bağlı ortada hazır planlar var və bu müddəalar da əbəs yerə irəli sürülməyib. ABŞ və İsrail İranın Yaxın Şərqdəki artan rolunu tamamilə yox etməyə çalışır. Sözsüz ki, əsas hədəf İranda teokratik rejimin aradan qaldırılmasıdır. Bu prosesdə hətta hərbi gücdən istifadə edilməsi də istisna olunmur. Söhbət hərbi dəniz və hərbi hava qüvvələrinin işə salınmasından gedir. ABŞ bu məsələdə kifayət qədər prinsipial görünür və Almaniya, Fransa və Böyük Britaniyanın etirazlarına zərrə qədər əhəmiyyət vermir. ABŞ üçün ən arzuolunmaz şey Avropa və Çinin “Altılıq”dan çıxmamasıdır. Belə görünür ki, yəhudi lobbisi Tramp üzərində kifayət qədər hakimiyyətə malikdir və İran məsələsində ciddi və ardıcıl xətt həyata keçirirlər. Bununla da İsrailin təhlükəsizliyini təmin etmək niyyətindədirlər”. Politoloqun fikrincə, İran ABŞ-ın şərtlərini yerinə yetirməzsə, bölgədə vəziyyət nəzarətdən çıxa bilər: “Bu məsələdə bütün prinsipiallığı İsrail üstlənib. İsrail bilir ki, İranın hərbi qüvvəsini zəiflətmədən uranın saflaşdırılması və ballistik raketlərin hazırlanması prosesini önləyə bilməyəcəklər. Belə bir şəraitdə İranın sakit duracağını da gözləmək olmaz. Hətta Şimali Koreya məsələsi də bir növ arxa plana keçəcək. Çünki ABŞ və İsrail İran məsələsində olduqca qərarlı görünür”. Qeyd edək ki, ABŞ Dövlət katibi Mayk Pompeo ABŞ-ın nüvə müqaviləsindən geri çəkilməsindən sonra İran strategiyasını açıqlayıb. Pompeo Tehranla yeni razılaşma əldə edilməsi üçün 12 şərt irəli sürüb. Geri qayıt |