Əsas Səhifə > Dünya > Qərb mediasının Ərdoğana QƏRƏZİ
Qərb mediasının Ərdoğana QƏRƏZİ2-06-2018, 09:43 |
Son həftələr ərzində Qərb mediasının Türkiyədə keçiriləcək seçkilərə qərəzli mövqeyi diqqət çəkir. ATƏT Türkiyədə keçirilən seçkiləri hələ 2002-ci ildən bəri izləyir və bu səbəbdən bütün seçkilərlə əlaqədar ən sağlam hesabatı verir. Onu qeyd etmək lazımdır ki, dünya ölkələrində sadə insanların məşhur Qərb mediasından dünyadakı hadisələr haqqında obyektiv və balanslı məlumatlar gözlədikləri həqiqətdir. Modern.az saytının məlumatına görə, Qərb mediasının bundan əvvəl bir çox siyasi hadisəyə , məsələn 11 sentyabr hadisələrinə, 2003-cü ildə ABŞ-ın İraqa qarşı elan etdiyi müharibəyə qərəzli baxışı diqqətdən qaçmayıb. Təəssüf ki, 2018-ci ildə də vəziyyət çox fərqli deyil. Qərb mediasının Türkiyədə iyunun 24-də keçiriləcək növbədənkənar prezident və parlament seçkilərinə baxışı olduqca qərəzli və sensasiyalı xarakter daşıyır. Hətta bəzən böhtana da yol verilir. Məsələn, Fransanın həftəlik “Le Point” jurnalı “ Diktator Ərdoğan” başlığı ilə məqalə yayıb. Oxucular yaxınlaşan seçkilər haqqında daha çox məlumat sahibi olmaq istəyərkən, məqalə nəinki həqiqətdən uzaq idi, həm də insanları aldatmaq üçün bir yol idi. Bunu etməzdən əvvəl ATƏT-in və bəzi beynəlxalq təşkilatların Türkiyə haqqındakı hesabatlarına diqqət yetirmək daha yaxşı olardı. Avropada keçirilən seçkiləri izləməyə cavabdeh olan ATƏT, 2015-ci ildə Türkiyədə hüquqi qanunvericiliyin şəffaflığını tərifləmişdi, ölkədə azad və demokratik seçkilərin keçirilməsinə çox əlverişli ölkə olduğunu açıqlamışdı. Bəlkə “Le Point” jurnalı bundan xəbərsiz idi, amma ATƏT Türkiyədəki bütün seçkiləri 16 ildir ki izləyir və beynəlxalq ekspertlərdən ibarət nümayəndələrini seçkilərin beynəlxalq normalara uyğun olub-olmadığını yoxlamaq üçün ölkənin bütün bölgələrinə göndərir. Və həmişə də müsbət hesabatlar verir. Buna bənzər daha bir məqaləni “ The Washington Post” 24 mayda yayımladığı sayında verdi. “ Ərdoğanın hakimiyyəti ələ keçirmək səyi qarışıqlıq yaradır” başlığı ilə verilən yazıda iki mövqe görünür. Əsas mövzu Türkiyədə azad və rəqabətə davamlı seçkilərin təşkil edilməsi ilə bağlı olsa da, yenə də Ərdoğanın bir diktator kimi təsvir edildiyini açıq-aşkar sezmək olur. İkincisi isə, Türkiyənin iqtisadi və siyasi sahəsinə diqqət yetirilir, hadisələr daha da qabarıq verilir. Xüsusən də son zamanlarda türk lirəsinin getdikcə dəyərini itirməsi “şişirdilərək” təqdim edilir. Bütün bunlar Türkiyənin son 15 ildə əldə etdiyi iqtisadi və siyasi uğurlarını heçə sayaraq, sıradan bir Asiya dövləti kimi təqdim edilməsinə bənzəyir. Üstəlik yazının müəllifi nə türk lirəsinə edilən hücumları araşdırıb, nə də bu işin arxasında kimlərin olduğunu və ya məqsədlərini aşkar etməyə çalışıb. Bunlar qərəzli məqalələrin yaratdığı mənzərədən sadəcə ikisidir. “ Le Point” jurnalında dərc olunan məqalənin Fransa prezidenti Emmanuel Makron tərəfindən “mətbuat azadlığı” kimi adlandırılması isə məsələni daha da dərindən düşünməyə vadar edir. Geri qayıt |