Əsas Səhifə > Dünya, Güney Press > “Rusiya ilə danışıqlara məcbur olduq”

“Rusiya ilə danışıqlara məcbur olduq”


4-06-2018, 12:17
“Rusiya ilə danışıqlara məcbur olduq”
Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksləri almasına cavab olaraq Ankaraya "F-35" beşinici nəsil qırıcı təyyarələrinin verilməməsilə bağlı Vaşinqtonda müzakirələr aparılması Türkiyə-ABŞ münasibətlərində gərginlik yaradır.
AzVision.az “Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Vaşinqtonda ABŞ dövlət katibi Mayk Pompeo ilə planlaşdırılan görüşü ərəfəsinə deyib.

“Ankara ilə Vaşinqton arasında beşinci nəsil qırıcıların verilməsinə dair müqavilə üzrə həqiqətən də gərginlik var. Amma unutmaq lazım deyil ki, Türkiyə hələ Rusiya ilə müvafiq saziş imzalamazdan əvvəl raketən müdafiə sistemlərinin alışı barədə məsələni öz müttəfiqi ABŞ-la müzakirə etmişdi. Vaşinqton həmin sistemləri bizə satmaqdan imtina etdi. Onda biz Rusiya ilə danışıqlar aparmağa məcbur olduq. Əgər ABŞ bu gün Türkiyəyə həmin sistemləri satmağa hazırdırsa, biz də onları əldə etməyə hazırıq” – deyə Çavuşoğlu bildirib.

Qeyd edək ki, ötən ilin dekabrında Türkiyə "S-400" zenit-raket komplekslərini almaq üçün Rusiya ilə kredit müqaviləsi imzalayıb. Türkiyənin müdafiə sənayesi üzrə müşaviri İsmayıl Dəmir Rusiyanın "S-400" sistemlərinin 2019-cu ilin 29 iyulunda ölkəyə gətiriləcəyini deyib.

ABŞ və NATO rəhbərliyi Türkiyənin Rusiyadan "S-400" raketdən müdafiə kompleksləri almaq istəyini dəfələrlə pisləyərək, bunun alyansın ümumi müdafiə sistemi ilə uzlaşmadığını bildiriblər. ABŞ Konqresinin nümayəndələr palatasının ötən həftə təsdiq etdiyi 2019-cu maliyyə ili üçün Pentaqonun büdcə qanun layihəsində vurğulanıb ki, Pentaqon Ankaranın Rusiya istehsalı olan "S-400" zenit-raket kompleksləri alması haqqında xüsusi hesabat təqdim etməsə, ABŞ müdafiə naziri Türkiyəyə amerikan silahlarının verilməsini təsdiq edə bilməz.

Bundan əlavə Vaşinqtondan bəyan edilib ki, "S-400" sistemlərinin alınması Türkiyəyə "F-35" qırıcılarının verilməsinə mənfi təsir edə bilər. Daha sonra isə məlumat yayıldı ki, Türkiyə Amerikanın "F-35"ləri əvəzinə Rusiyanın beşinci nəsil "Su-57" qırıcılarını ala bilər.

Geri qayıt