Əsas Səhifə > Dünya > Kim Çen Ukraynaya verilən “zəmanət”in nəticəsini görür və...

Kim Çen Ukraynaya verilən “zəmanət”in nəticəsini görür və...


15-06-2018, 08:17
Kim Çen Ukraynaya verilən “zəmanət”in nəticəsini görür və...
Ukraynadan fərqli olaraq, Şimali Koreya nüvə silahından ancaq beynəlxalq zəmanət qarşılığında imtina edə bilər.

Bunu Axar.az-a ABŞ və Şimali Koreya liderləri arasında imzalanan razılaşmanı şərh edən siyasi ekspert Natiq Cəfərli deyib. Ekspertin sözlərinə görə, nüvə silahından imtinası qarşılığında Şimali Koreyaya yalnız ABŞ tərəfindən təhlükəsizlik zəmanətinin verilməsi müqavilənin taleyini şübhə altında qoyur:

“ABŞ və Şimali Koreya lideri arasındakı tarixi görüş əslində nüvə silahına dair beynəlxalq təhlükəsizlik zəmanətinin alınmasına xidmət edirdi. Əsas problem də ondan ibarətdir ki, Şimali Koreya çox kasıb və həddindən artıq militarist bir ölkədir. Bu ölkə baş verəcək hər hansı bir hadisə zamanı 3 milyonluq ordu yığmağa qadirdir. Ona görə də Ukraynadan fərqli olaraq, Şimali Koreya nüvə silahından ancaq beynəlxalq zəmanət qarşılığında imtina edə bilər. Kim Çen İn bu tələbi ABŞ, Cənubi Koreya, Yaponiya və yaxud da digər koalisiyaların Şimali Koreyaya qarşı hər hansı əməliyyat başlada bilmə ehtimalına qarşı irəli sürüb. Şimali Koreya ABŞ, Çin və Rusiya ilə təhlükəsizlik zəmanətinə dair yalnız güclü bir saziş bağlamaqda maraqlıdır. Gələcəkdə sözügedən üç ölkənin iştirakı ilə belə bir müqavilənin imzalanması ehtimalı çox yüksəkdir. Açığı, Şimali Koreya bu məsələdə sırf ABŞ-a güvənmir, Ukraynanın taleyini yaşamamaq üçün də çox ehtiyatlı davranır. Şimali Koreyanın tələb etdiyi beynəlxalq zəmanət paketində beynəlxalq strukturlar, BMT, regional və dünya liderləri tərəfindən də müqavilənin dəstəklənməsi tələb olunur”.

Ekspert bildirib ki, əgər belə bir müqavilə imzalanarsa, ilk növbədə Şimali Koreyaya tətbiq olunmuş sanksiyaların ləğv olunması gündəmə gələcək:

“Eyni zamanda, Şimali Koreyaya iqtisadi yardımlar ediləcək. Bu yardımlar artdıqca Şimali Koreya əhalisi özündə və ölkədə ciddi dəyişikliklər hiss edəcək. Bu uzun proses çox güman ki, 5-10 il çəkəcək və gələcəkdə Şimali və Cənubi Koreyanın əvvəlcə konfederasiya, daha sonra isə vahid dövlət şəklində birləşməsi ilə nəticələnə bilər. Ancaq indiki şəraitdə hər iki ölkənin cəmiyyəti buna hazır deyil. Əsasən də Şimali Koreya cəmiyyətində cənuba qarşı nifrət, Cənub Koreyada isə şimala qarşı qorxu toxumu səpilib. İlk növbədə bu stereotiplər qırılmalıdır. Fikir verin, SSRİ dağılarkən Rusiyanın Qazaxıstan, Belarus və Ukraynada torpaq iddiaları qalmışdı. Çünki Sovetlər zamanı bir çox hissələr həmin respublikalara keçmişdi. Atom silahından imtina onların həmin sərhədlər çərçivəsində tanınmasının şərtlərindən biri idi. Əslində, bu baş verdi və hər üç ölkə SSRİ-nin tərkibində olan sərhədlərlə tanındı, ancaq sonradan Ukrayna ilə bağlı proseslər Krımın işğalı ilə nəticələndi. Burada zəmanətçi kimi çıxış edən Böyük Britaniya və ABŞ-ın Rusiyaya qarşı sanksiyaları da məhz bunun nəticəsidir. Ən böyük səbəb də Rusiyanın həmin anlaşmanı yerinə yetirməyərək Ukraynanın ərazisinin bir hissəsini işğal etməsi idi. Əslində, beynəlxalq reaksiya ciddi oldu, sadəcə nüvə dövləti olan Rusiyaya qarşı müharibə elan etmək mümkün deyil. Bu fonda Rusiyaya qarşı ciddi sanksiyalar Ukraynanın ərazi bütövlüyü bərpa olunana qədər davam edəcək”.

N.Cəfərli bildirib ki, Kim Çen İn də məhz bu təhlükəni anlayaraq daha işlək bir modelin qurulmasına çalışır:

“ABŞ, Çin və Rusiya zəmanət versə, Şimali Koreya daha rahat hərəkət edə bilər. Sözügedən üç böyük güc Şimali Koreya ərazisində hər hansı bir müharibə ehtimalını və bunun böyük güclərin toqquşması ilə nəticələnəcəyini nəzərə alsalar, verdikləri zəmanətin arxasında duracaqlar. Şimali Koreya da anlayır ki, uzun zaman belə qapalı rejimdə fəaliyyət mümkün deyil. Çünki Şimali Koreya dünyada adambaşına ən az ÜDM düşən ölkələrdən biridir. Belə bir iqtisadi durumda Şimali Koreya uzun zaman davam gətirə bilməz. Ona görə də açılıma getmək Şimali Koreyaya da sərf edir. Hətta Cənubi Koreya şirkətlərinin indidən Şimali Koreya ilə bağlı arzularını ifadə etməsi diqqətdən yayınmır. Bunun üçün isə ümumi siyasi anlaşma lazımdır. Əgər zəmanətçi ölkələr sözlərinin üstündə dursalar, Şimali Koreya yaxın aylarda dünyaya açıla bilər”.

Qeyd edək ki, ABŞ və Şimali Koreya liderləri arasında baş tutan tarixi görüş nəticəsində ABŞ Şimali Koreyaya nüvə silahından imtinası qarşılığında təhlükəsizlik zəmanəti verəcəyini bəyan edib.

Bundan öncə tarixdə də belə bir hadisə olub. Belə ki, Ukraynanın nüvə silahlarından imtinası qarşılığında Budapeşt memorandumu imzalanıb. Bu memoranduma əsasən, Ukraynaya nüvə silahından imtinası qarşılığında Britaniya, ABŞ və Rusiya tərəfindən təhlükəsizlik zəmanəti verilib. Lakin 2014-cü ildə bu memorandumun şərtləri pozuldu və zamin ölkələrdən biri olan Rusiya özü Ukrayna ərazisini işğal etdi.

Geri qayıt