Əsas Səhifə > Dünya > CHP-də üsyan, Kılıçdaroğlu istefa verə bilər

CHP-də üsyan, Kılıçdaroğlu istefa verə bilər


25-06-2018, 11:34
CHP-də üsyan, Kılıçdaroğlu istefa verə bilər
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan qarşısında məğlubiyyət Cumhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğluya qarşı partiyadaxili üsyanı gücləndirib.
AzVision.az Türkiyə mediasına istinadən bildirir ki, CHP-li bir qrup deputat və partiya üzvləri baş ofisinin binası qarşısına yığışaraq, bundan sonra Kılıçdaroğlu ilə eyni yola davam edə bilməyəcəklərini bəyan ediblər.

CHP-yə yaxın bir sıra qəzetlər də manşetlərində “Kılıçdaroğlunun ən uğursuz seçimi” başlıqlı məqalələr dərc ediblər. Hətta Kılıçdaroğlunun bu dəfəki parlament seçkiləri siyahısına salmadığı sabiq deputatalar da məğlubiyyəti partiyaya böyük zərbə adlandırıblar.

CHP baş ofisi önündə yığışan partiya üzvləri Kılıçdaroğlu əleyhinə tənqidi fikirlər səsləndirərək, CHP sədrinin onlarla görüşməsini, həmçinin partiya rəhbərliyinin istefa verməsini tələb ediblər. CHP sədri Kamal Kılıçdaroğlunun köməkçiləri etiraz edən partiya üzvlərini sakitləşdirməyə çalışsa da, etirazçılar baş ofisin binası qarşısında oturaq aksiyanı davam etdirirlər.

Türkiyədə Ədalət və İnkişaf Partiyasının (AKP) 16 illik hakimiyyəti dövründə əsas müxalifət partiyası olan CHP bu müddət ərzində keçirilən 13 seçkidən məğlub çıxıb. Ötən günkü seçkilər isə Türkiyə siyasi tarixinin ən kritik seçimlərindən biri idi. Çünki konstitusiyaya edilən dəyişikliklə, Türkiyədə prezident üsul-idarəsinə keçid istiqamətində baş tutan ilk seçkilərdir. Lakin 2010-cu ildə Dəniz Baykalın yerini tutaraq CHP sədri olan Kamal Kılıçdaroğlu bu dəfə də AKP-yə uduzaraq 9-cu məğlubiyyətini yaşadı. Seçicilərin 52,6 faizi hazırkı prezident Rəcəb Tayyib Ərdoğana etimad göstərib. CHP-nin namizədi Muharrəm İncə isə 30 faiz səslə ikinci yerdə qərarlaşıb.

Türkiyə KİV-ləri və analitikləri CHP-lilərin təzyiqi nəticəsində Kılıçdaroğlunun istefa verəcəyini istisna etmirlər. Lakin keçmiş təcrübəni nəzərə alaraq, onun partiya rəhbərliyini asanlıqla tərk etməyəcəyi bildirilir. Hazırda Muharrem İncə ilə Kamal Kılıçdaroğlu arasında kreslo davası gedir. İncənin 30 faiz səs toplaması Kılıçdaroğlu üçün böyük təhlükə yaradıb. Partiya üzvlərinin əksəriyyəti də İncəni dəstəkləyirlər. Bu mənada, Kılıçdaroğlunun hansı qərarı verəcəyi ciddi maraq doğurur.

Geri qayıt