Əsas Səhifə > Dünya > Aİ liderlərindən Trampın dediklərinə “dost” reaksiyası
Aİ liderlərindən Trampın dediklərinə “dost” reaksiyası16-07-2018, 09:04 |
Avropa İttifaqının yüksəkçinli rəsmiləri ABŞ prezidenti Donald Trump-ın “Aİ düşməndir” bəyanatına reaksiyasında deyib ki, Avropa “heç vaxt Amerikadan imtina etməyəcək”. Avropa Komissiyasının vitse-prezidenti Frans Timmermans iyulun 15-də axşam Twitter-də yazıb ki, “ən yaxşı dostlarını düşmən adlandırmaq əsl düşmənlərini, sadəcə, xoşbəxt edə bilər”. “Avropalılar və amerikalılar tarixən bağlıdırlar, ümumi dəyərləri paylaşırlar. Avropalılar Amerikadan heç vaxt imtina etməyəcək, çünki Amerika heç vaxt bizdən imtina etməyəcək. Dostlar elə bunun üçündür”, – o əlavə edib. Aİ Şurasının prezidenti Donald Tusk isə Twitter-də qeyd edib ki, “Amerika və Aİ ən yaxşı dostlardır. Kim bizim düşmən olduğumuzu deyirsə, saxta xəbərlər yayır”. Trump bundan öncə CBS News-un yaydığı müsahibəsində demişdi ki, onun fikrincə, Birləşmiş Ştatların “bir çox düşməni var”, ABŞ-ın yaxın müttəfiqləri sayılan ölkələr də onların sırasındadır. “Məncə, Avropa Birliyi düşməndir, ticarətdə bizə bu cür yanaşırlar. Avropa ittifaqı barədə belə düşünməzdiniz, ancaq onlar düşməndirlər”, – Trump yazıb. Geri qayıt |