Əsas Səhifə > Dünya > Tramp ümid edir ki, İtaliya TAP-ın tikintisini yekunlaşdıra biləcək
Tramp ümid edir ki, İtaliya TAP-ın tikintisini yekunlaşdıra biləcək31-07-2018, 11:21 |
ABŞ prezidenti Donald Tramp İtaliyanın Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik boru kəmərini (TAP) tikib yekunlaşdıracağına ümid edir. Trend-in məlumatına görə, bunu Vaşinqtonda İtaliyanın Baş naziri Cuzeppe Konte ilə birgə mətbuat konfransı zamanı ABŞ Prezidenti Donald Tramp deyib. ABŞ Prezidenti bildirib: "Boru kəmərinə gəlincə, mən rəqabətqabiliyyətli boru kəməri görmək istərdim. Cənab Baş nazir, mən ümid edirəm ki, siz bu rəqabətqabiliyyətli boru kəmərini tikə biləcəksiniz". TAP Türkiyə-Yunanıstan sərhədində birbaşa TANAP-la birləşəcək və Yunanıstan, Albaniya ərazilərindən, həmçinin Adriatik dənizindən keçərək təbii qazı Cənubi İtaliyaya nəql edəcək. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu təşkil etdiyi üçün TAP-ın Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsinə görə strateji məqsədlərində əsas rol oynayacağı gözlənilir. Bundan əlavə, TAP lazımi təqdirdə təbii qazın Cənub-Şərqi Avropaya yönəltmək üçün texniki imkanlara malik olacaq. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan respublikaları arasında “Hökümətlərarası Saziş” 2013-cü ilin fevral ayında imzalanıb. TAP-ın təməlqoyma mərasimi 17 may 2016-cı il tarixində keçirilib. Boru kəmərinin uzunluğu 878 km təşkil edəcək və fəaliyyətə başlaması 2020-ci ildə gözlənilir. İlkin nəql qabiliyyəti 10 milyard kubmetr olacaq (illik 20 milyard kubmetrə kimi artırıla bilər). TAP boru kəmərinin Yunanıstanda yerləşən hissəsi Türkiyə-Yunanıstan sərhədinin yaxınlığında Kipoi məntəqəsindən başlayaraq Leropigidən cənub-qərbdə Yunanıstanın Albaniya ilə sərhədində başa çatır və uzunluğu təxminən 550 km təşkil edir. TAP boru kəmərinin Albaniyada yerləşən hissəsi Korça bölgəsində Yunanıstanla sərhəddə Bilisht Qender-dən başlayaraq, təxminən 215 km uzunluğa malikdir. TAP boru kəməri Albaniyada Fier-dən 17 km şimal-qərbdə, sahil xəttindən 400 metrə qədər quruya doğru çıxır. Albaniyanın ərazi sularında dənizdə yerləşən seksiyanın uzunluğu təxminən 60 km-dir. TAP boru kəmərinin Adriatik Dənizində yerləşən hissəsi Albaniya sahilindən İtaliya sahilinə doğru dəniz dibi ilə təxminən 105 km uzanır.TAP boru kəməri İtaliyanın cənubunda, San Foca yaxınlığında yerləşən Melendugno bələdiyyə ərazisinin Lecce məntəqəsindən sahilə çıxır. İtaliya ərazi sularında boru kəmərinin dənizdə yerləşən hissəsi təxminən 45 km, qurudakı hissəsi isə təxminən 8 km təşkil edir. Bu yer isə öz növbəsində 11 alternativ kəmər marşrutu qiymətləndirildikdən sonra ekoloji, təhlükəsizlik və sosial nöqteyi-nəzərdən ən məqsədəuyğun yer kimi seçilib. Geri qayıt |