Əsas Səhifə > Dünya > Ərdoğanın məqaləsi ABŞ mediasında:
Ərdoğanın məqaləsi ABŞ mediasında:11-09-2018, 09:52 |
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikanın "Wall Street Journal" qəzeti üçün məqalə qələmə alıb. Open.az türk mətbuatına istinadən xəbər verir ki, məqalədə Suriya böhranı və İdlib probleminə toxunulub. "Dünya Əsədi dayandırmalıdır" başlıqlı məqaləsində Ərdoğan bu ifadələrə yer verib: "Əsəd rejimi yeddi ildir ki, Türkiyənin cənub sərhədində Suriya vətəndaşlarını özbaşına həbs edir, sistematik işgəncə, edamlar, çən bombaları, kimyəvi və adi silahlarla hədəfə alır. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının "İkinci Dünya Müharibəsindən bəri baş verən ən böyük insan mənşəli fəlakət" kimi xarakterizə etdiyi Suriya vətəndaş müharibəsi nəticəsində milyonlarla günahsız insan qaçqın və ya öz ölkələri daxilində didərgin düşüb. Suriya xalqının acısını yüngülləşdirmək üçün fövqəladə səy göstərən Türkiyə bu gün təxminən 3.5 milyon qaçqına ev sahibliyi edir. Eyni zamanda yanımızda fəaliyyət göstərən terror təşkilatları DEAŞ və PKK-nın hədəfi olduq. Ancaq nə humanitar yardım səylərimizin yüksək dəyəri nə də, təhlükəsizlik narahatlıqları qətiyyətimizi zəiflədib". Ərdoğan Əsəd rejiminin yaxınlaşan hücumunu terrorla mübarizə zəminində qanuniləşdirməyə cəhd etdiyini bildirib: "Terrorizmlə mübarizənin əhəmiyyətini heç bir ölkə Türkiyədən daha yaxşı anlaya bilməz. Ancaq Bəşər Əsədin həlli saxta bir həldir. Terrorla mübarizə adına günahsız insanlar qurban edilə bilməz. Belə bir addım ancaq yeni terrorizm və ekstremizm yuvalarını yaratmağa səbəb olur. Belə ki, DEAŞ-ın ortaya çıxması Suriyada baş verənlərin səbəbi yox, nəticəsi deməkdir. Beynəlxalq cəmiyyət terrorun kök atmasının qarşısını almaq üçün bu şiddəti kontrol altında tutmaq məcburiyyətindədir. İdlibdə də oxşar problemlərlə qarşı-qarşıya olmuşuq. Aralarında HTŞ-nin də olduğu terror təşkilatları bu regionda fəaliyyətlərini davam etdirir. Ancaq bu faktorlar İdlibin ümumi əhalisinin çox kiçik bir hissəsini təşkil edir. Terrorçuları və radikal ünsürləri zərərsizləşdirmək və xarici döyüşçüləri ədalətə təslim etmək üçün lazım olan geniş beynəlxalq terrorizmlə mübarizə əməliyyatıdır. Türkiyənin Suriyanın şimalında terrorçulara qarşı apardığı mübarizədə aparıcı rol oynayan mülayim müxaliflərin verəcəyi dəstək və istiqamətləndirmə İdlibdə də çox əhəmiyyətli olacaq". Türkiyə prezidenti Avropa və ABŞ-ın lazımı addımları atmayacağı təqdirdə bunun bədəlini bütün dünyanın ödəcəyini qeyd edib: "Yaşanacaq qətliamı dayandırma məsuliyyəti yalnız Qərbə aid deyil. Astana prosesindəki tərəfdaşlarımız Rusiya və İran da insanı bir fəlakətin qarşısını almağa borcludur. Əgər Avropa və ABŞ, o cümlədən beynəlxalq cəmiyyət bu gün lazımı addımları atmasa, bunun bədəlini yalnız suriyalı günahsızlar deyil, bütün dünya ödəyəcək. Türkiyə qonşuda baş verən qətliamın qarşısını almaq üçün əlindən gələn hər şeyi edib". Geri qayıt |