Əsas Səhifə > Dünya > Makedoniyanın ad məsələsi parlamentə çıxarılır

Makedoniyanın ad məsələsi parlamentə çıxarılır


9-10-2018, 08:46
Makedoniyanın ad məsələsi parlamentə çıxarılır
Makedoniya hökuməti parlamentdən xahiş edib ki, ölkənin adının dəyişdirilməsi üçün konstitusiyaya düzəliş prosesinə başlasın. Makedoniya bu haqda qonşu Yunanıstanla razılaşma əldə edib.

Ölkənin adı dəyişdirilib Şimali Makedoniya olarsa, Skopyenin NATO və Avropa İttifaqına yolu da açılar.

Sentyabrın 30-da keçirilən referendumda əksəriyyət dəyişikliyə səs verdi, amma səsvermənin baş tutmuş sayılması üçün seçici iştirakı yetərli olmadı.

Parlament məsələyə oktyabrın 9-da baxacaq. Dəyişikliyin 120 yerlik parlamentdə qəbul olunması üçün ona deputatların üçdə ikisi səs verməlidir. Amma baş nazir Zoran Zaev tərəfdarlarının bu dəstəyi qazanması üçün azı 12 səsi çatmır.

Zaev millətçi müxalifət deputatlarını dəyişikliyi dəstəkləməyə çağırıb.

Əsas müxalifət partiyası olan millətçi VMRO-DPMNE isə qanun layihəsinə qarşı səs verəcəyini bildirib.

Zaev deyib ki, dəyişiklik parlamentdən keçməzsə, erkən seçki çağıracaq.

Geri qayıt