Əsas Səhifə > Dünya > ABŞ və Rusiya qarşı-qarşıya: Avropa hər an...

ABŞ və Rusiya qarşı-qarşıya: Avropa hər an...


3-11-2018, 14:46
ABŞ və Rusiya qarşı-qarşıya: Avropa hər an...
ABŞ-Rusiya qarşıdurması səngimək bilmir və yüksələn xətt üzrə davam edir.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq tərəflərin bir-birinə qarşı hədələrinin getdikcə kəskin hal aldığını bildirib:

“NATO Avropanın şimal şərqində 35 min nəfərlik heyət və 1000-dən çox texnikanın iştirakı ilə böyük bir tədqiqat keçirir. Bu, sözün əsl mənasında Rusiyanın Avropa ölkələrinə təhdidinin qarşısını almaq və bir növ Moskvanın gözünü qorxutmaq üçündür. Buna baxmayaraq Rusiya bəzi məsələlərdə ABŞ-la rəqabətə davam edir. Əslində, ABŞ-ın yaxın və orta mənzilli nüvə raketlərinə dair müqavilədən çıxacağını bəyan etməsi Rusiyanı ciddi şəkildə narahat edir. Çünki Kreml ABŞ-ın qanadlı “Perşinq” raketlərini yenidən Avropaya yerləşdirəcəyindən ehtiyat edir. Buna görə də Moskva ABŞ-ın sözügedən addımına qarşı ikiqat cavab verəcəyini bildirir. Bütün bunlar çox təhlükəli tendensiyalardır və nəticə etibarilə Avropa ölkələrini ciddi təhlükə qarşısında qoyur”.

Politoloq bildirib ki, Rusiyanın İrana qarşı hər hansı bir blokun yaradılmasını önləməyə çalışması da dünya üçün yaxşı heç nə vəd etmir:

“Moskva formalaşması ehtimal edilən blokları gözdən salmağa və bu fonda ABŞ-ın planlarını pozmağa çalışır. Beləliklə, dünya güc tətbiqinə həddindən artıq əsaslana biləcək bir vəziyyətə gəlib çatıb. Bu vəziyyət kiçik bir qığılcımla genişmiqyaslı hərbi qarşıdurmalara, hətta müharibələrə gətirib çıxara bilər. Bu nöqteyi-nəzərdən ABŞ, Rusiya, eyni zamanda, Çinin müasir dünyadakı davranışları dünya üçün ciddi təhlükə mənbəyi olaraq qalmaqdadır”.

Geri qayıt