Əsas Səhifə > Dünya > Zimbabvedə etirazlar böyüdü, prezident Mnanqaqva xarici səfərini yarımçıq qoydu

Zimbabvedə etirazlar böyüdü, prezident Mnanqaqva xarici səfərini yarımçıq qoydu


21-01-2019, 08:55
Zimbabvedə etirazlar böyüdü, prezident Mnanqaqva xarici səfərini yarımçıq qoydu
Afrika ölkəsi Zimbabvedə hökumət əleyhinə etirazların böyüməsi prezident Emmerson Mnanqaqvanı xarici səfərini yarımçıq qoymağa məcbur edib. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, Azərbaycandan sonra Qazaxıstana səfər edən Mnanqaqva oradan ölkəsinə dönməyi qərara alıb. Mnanqaqva Qazaxıstana səfərinin ardınca Dünya İqtisadi Forumunda iştirak etmək üçün Davosa getməliydi.

Zimbabvedə etirazlar Mnanqaqvanın ölkəni tərk etməsinin ardınca, hökumətin yanacağın qiymətini kəskin artırmasına görə başlamışdı. Emmerson Mnanqaqva Rusiya, Belarus, Azərbaycan və Qazaxıstana səfərlərindən əvvəl benzinin qiymətini 200 faiz artırıb və hazırda Zimbabvedə benzinin 1 litri 3.4 ABŞ dollarına yaxındır. Bu, dünyada ən bahalı benzindir.

Onsuz da aclıq çəkən və illik on minlərlə faiz inflyasiya ilə üzləşən əhali yanacağın qiymətinin artırılmasına etiraz olaraq küçələrə çıxıb və günlərdir Zimbabvedə etrazlar səngimir. Təhlükəsizlik qüvvələri nümayişçilərə qarşı silah işlədib və son xəbərlərə görə artıq 9 nəfər güllələnib, onlarla nümayişçi yaralanıb. Öldürülənlərdən biri də paytaxt Hararedə kiçik futbol komandasında oynayan gənc futbolçu olub və onun cəsədinin fotolarının sosial şəbəkələrdə yayılmasından sonra etirazlar daha da güclənib.

Etirazların böyüməsindən sonra Mnanqaqva geri dönməyi qərara alıb və özünün Tvitter bloqunda bu barədə yazıb. “Mən bir həftə ərzində investisiya-ticarət əlaqələrinə dair məhsuldar görüşlər keçirəndən sora evə qayıdıram. Bizim ölkəmizi Davosda kompetent şəkildə maliyyə naziri Mtuli Nkube təmsil edəcək. Birinci dərəcəli vəzifə budur ki, Zimbabveyə sakitlik, sabitlik və iş qabiliyyəti geri qayıtsın”-o bildirib.

Zimbabveə KİV-ləri xəbər verirdi ki, Mnanqaqva xarici səfərləri üçün Honkonq şirkətindən “Boeing 787” VİP-təyyarəsini icarəyə götürüb və təyyarənin bir saatlıq uçuşu 74 min dollara başa gəlir.

Geri qayıt