Əsas Səhifə > Dünya > Venesuela ordusu Maduronun tərəfində olduğunu bəyan edib
Venesuela ordusu Maduronun tərəfində olduğunu bəyan edib30-04-2019, 15:53 |
Venesuela müdafiə naziri Vladimir Padrino silahlı qüvvələrin tam olaraq ölkə konstitusiyası və legitim hökumətin tərəfində olduğunu bəyan edib. Bu barədə o, “twitter” səhifəsində yazıb. “Ordu milli konstitusiyanı və qanuni hakimiyyəti tam dəstəkləyir. 8 vilayətdə yerləşdirilmiş bütün hərbi hissələr ştatlarda və bazalarda normal vəziyyətin olduğunu məruzə ediblər. Hər kəs öz komandirinə tabedir”,- deyə nazir yazıb. O həmçinin bildirib ki, ordu çevriliş təşkilatçılarının fəaliyyətini rədd edir. Qeyd edək ki, Venesuelada qiyam baş verib. İnformasiya naziri Xorxe Rodriqes öz “twitter” səhifəsində yazıb ki, hökuməti müxalifətə bağlı bir qrup hərbçi tərəfindən təşkil olunmuş hərbi çevrilişə cəhdin qarşısını almaq üçün tədbirlər görür. Venesuela müxalifətinin lideri Xuan Quaydo videomüraciətində hərbçiləri üsyana və prezident Nikolas Maduronu devirməyə çağırıb. Baş verənləri “Azadlıq” əməliyyatının final mərhələsi adlandıran müxalifət lideri bildirib ki, ordu onun tərəfindədir. Venesuela müxalifətinin lideri Xuan Quaydoya və onun yanında olan 70 nəfərə qarşı gözyaşardıcı qaz tətbiq olunub. “Reuters”in şahidlərə istinadən verdiyi xəbərə görə, hadisə paytaxt Karakasdakı La Karlota aviabazasının yaxınlığında qeydə alınıb. Venesuela Milli Konstitusiya Assambleyasının sədri Diosdado Kabelyo bildirib ki, müxalifətin Karakasdakı aviabazaya daxil olmaq cəhdləri uğursuzluqla nəticələnib. O, prezident Nikolas Maduronu qorumaq üçün xalqı Prezident Sarayının qarşısına toplaşmağa çağırıb. Geri qayıt |