Əsas Səhifə > Dünya > Tiflisdə keçirilən etiraz aksiyasında 55 nəfər yaralanıb

Tiflisdə keçirilən etiraz aksiyasında 55 nəfər yaralanıb


21-06-2019, 08:41
Tiflisdə keçirilən etiraz aksiyasında 55 nəfər yaralanıb
Tbilisidə keçirilən mitinqdə polis gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib

Tbilisidə parlament binasının qarşısında keçirilən mitinqdə nümayiçilərlə polis arasında qarşıdurma yaranıb.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, qarşıdurma zamanı həm nümayişçilərdən, həm də hüquq-mühafizə orqanlarının əməkdaşlarından xəsarət alanlar olub. Polis nümayişçilərin dağıdılması üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Bundan sonra nümayişçilər parlament binasından uzaqlaşmağa başlayıblar.

Son məlumatlara görə, etiraz aksiyasında 38 polis və 17 nümayişçi yaralanıb. Bu barədə Gürcüstanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, xəsarət alanların bəzilərinin durumu ağır qiymətləndirilir. Xəsarət alan nümayişçilərin hamısının Tbilisinin müxtəlif xəstəxanalarına yerləşdirildiyi qeyd olunub.
Yaralanan polislərdən 4-ü xəstəxanaya yerləşdirilib, yerdə qalanlarına ambulator yardım göstərilib.

Yaralananlar arasında jurnalistlərin də olduğu bildirilir.

Qeyd edək ki, bir qədər öncə Baş nazir Mamuka Baxtadze, daxili işlər naziri Giorgi Qaxaria və Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbəri Anzor Çubinidze parlament binasına gəliblər.

Xatırladaq ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı assambleyanın prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Gavrilovun parlament sədrinin kürsüsündə əyləşərək toplantıya sədrlik etməsi etirazlara səbəb olub. O, bir müddət öncə Gürcüstanı reallıqla barışmağa, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımağa çağırıb.
S.Qavrilovun artıq ölkəni tərk etdiyi bildirilib.

Geri qayıt