Əsas Səhifə > Dünya > Paşinyanın adından Trampa saxta təbrik yazan şəxs saxlanılıb

Paşinyanın adından Trampa saxta təbrik yazan şəxs saxlanılıb


6-01-2020, 09:16
Paşinyanın adından Trampa saxta təbrik yazan şəxs saxlanılıb
Ermənistanın Milli Təhlükəsizlik Xidməti ölkənin baş naziri Nikol Paşinyanın İrana qarşı əməliyyata görə ABŞ prezidenti Donald Trampı təbrik etməsi barədə “facebook”da yanlış informasiya yayan səhifənin sahibini aşkarlayıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə xidmətin mətbuat mərkəzindən bildirilib.

Xidmətin saytında qeyd edilir ki, keçirilmiş operativ əməliyyat-axtarış tədbirləri nəticəsində saxta “Diana Arutunyan” səhifəsinin sahibinin şəxsiyyəti müəyyənləşdirilib. "O, Milli Təhlükəsizlik Xidmətinə aparılıb və öz hərəkətləri haqqında izahat verib", - xəbərdə əlavə olunur.

Saytda saxlanılan şəxsin ifadələrinin yer aldığı videoçarx da yerləşdirilib. Həmin şəxs görüntülərdə bildirib ki, "Ermənistan hakimiyyətini nüfuzdan salmaq üçün saxta məlumatlar yayıb. Çünki müxalif baxışlara malikdir və Robert Koçaryanın həbsini qanunsuz hesab edir".

Videoçarxda onun üzü bağlanılıb.

Mətbuat mərkəzindən bildirilib ki, fakt üzrə cinayət işi qaldırılıb. Ona qarşı Cinayət Məcəlləsinin hansı maddəsi üzrə ittihamın irəli sürüldüyü açıqlanmır.

"Report" xatırladır ki, Paşinyan ənənsinə sadiq olaraq bu məsələdə Azərbaycan mətbuatını ittiham edirdi. Baş nazir iddia edirdi ki, onun adından ABŞ prezidentini təbrik etməsi barədə yalan məlumatı guya Azərbaycan mediası yayıb, İran KİV-i isə bunu tirajlayıb. Lakin sonda Ermənistanın baş nazirinin yalan danışdığı üzə çıxıb.

Geri qayıt