Əsas Səhifə > Dünya > Koronavirusda pik: Hansı ölkə bu mərhələni geridə qoydu?

Koronavirusda pik: Hansı ölkə bu mərhələni geridə qoydu?


14-05-2020, 09:17
Koronavirusda pik: Hansı ölkə bu mərhələni geridə qoydu?
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, dünyanın bir sıra ölkəsində koronavirusa yoluxanların sayının artdığını nəzərə alaraq, pandemiyanın pik nöqtəsinin hələ qabaqda olduğunu söyləmək olar: “Yoluxma halları İspaniya və İtaliya kimi ölkələrdə azalır. Böyük Britaniya və Türkiyədə, isə əksinə, bu say artır. Hal-hazırda virusun yayılmasını durdurub vəziyyəti nəzarət altına almalıyıq. Yalnız bundan sonra karantin məhdudiyyətlərini yumşalda bilərik”.

Mütəxəssislərin fikrincə, dünyada pandemiya öz zirvəsinə mayın əvvəlində çatacaq. bundan sonra yoluxmaların sayı əyri xətt üzrə enməyə başlayacaq. Mayın ikinci yarısından başlayaraq məhdudiyyətlər qismən ortadan qaldırıla bilər. Ancaq bir sıra məhdudiyyət tədbirləri uzun müddət yenə də davam etdiriləcək.

Bunlara əsasən mütəxəssislər koronavirus pandemiyasının bütövlükdə dünyada pik nöqtəsinə çatmadıını düşünür. Düzdür, bəzi ölkələr pik nöqtəni arxada qoyub.

Cebhe.info xəbər verir ki, pandemiyanın yayıldığı Çində pik nöqtə geridə qalıb. Martın 29-da Çin koronavirusun ölkədə yayılmasının qarşısı aldığını elan edən ilk ölkə olub. Aprelin 8-də virusun ilk yayılma ocağı olan Vuhan şəhərindən sakinlərin çıxışına icazə verilib. Həmin gün 65 min sakin şəhəri tərk edib. Karantin ləğv olunsa da, şəhər sakinlərinin maskada gəzməsi mütləqdir və mərkəzi küçələrdə onların temperaturu tez-tez ölçülür. Ümumilikdə, Çinin əksər müəssisələri və insanlar normal həyata geri dönüblər.

Bu fonda pandemiyanın mərkəzinə çevrilən ABŞ və Avropa da yaxın həftələrdə tətbiq etdikləri sərt karantin rejimini yumşaltmağı planlaşdırır. Belə ki, Fransa, İspaniya, Belçika, Finlandiya və s. ölkələrdə karantin məhdudiyyətlərinin azaldılması üçün ekspert şuraları yaradılıb. İngiltərədə də koronavirusa yoluxma hallarının pik nöqtəsi geridə qalıb. Bunu İngiltərənin Xarici İşlər naziri Dominik Raab keçirdiyi brifinqdə deyib:

"Virusa hələ ki, qalib gəlməmişik. O, yoluxucu və ölümcül xüsusiyyətlərini hələ də qoruyur. Ancaq pik hədd arxada qaldı".

ABŞ Prezidenti Donald Tramp da bildirib ki, Birləşmiş Ştatlar da koronavirus pandemiyasının pik nöqtəsini aşıb:

“Bizim strategiyamız çox əla işləyir. Lakin buna baxmayaraq, ayıq-sayıq qalmalıyıq. Pandemiya ilə mübarizə davam edir, amma yeni məlumatlar onu göstərir ki, ümummilli səviyyədə yoluxma halları ilə bağlı pik nöqtəni geridə qoymuşuq”.

Şərqi Afrikadakı ada ölkəsi olan Morityusda aktiv koronavirus hadisəsinin artıq qalmadığı bildirilib. Bu barədə Səhiyyə Nazirliyi bəyanat yayıb. Bəyanatda bildirilib ki, virusun başladığı tarixdən bəri ölkədə 332 yoluxma hadisəsi olub. Xəstələrdən 10-u həyatını itirib, qalanları sağalıb. Ölkədə ümumilikdə 73 min 572 koronavirus testi edilib. Təxminən 1,2 milyon əhalisi ilə Afrikanın turizm mərkəzlərindən biri olan Morityus inkişaf etmiş səhiyyə sistemi ilə də tanınır.

Şimali Kiprdə də koronaviruslu xəstə qalmadığı bildirilib.

Yoluxmanın çox olduğu Rusiyada isə pik nöqtəsinə hələ mayın ortasında təsadüf ediləcəyi bildirilir. Buna baxmayaraq, ökədə 12 maydan etibarən qeyri-i günləri ləğv edilib.

Azərbaycanda da karantin tədbirləri yumşaldıqdan sonra yoluxma halları artıb. Ancaq hələlik Azərbaycanda pik nöqtəsinin arxada qalıb-qalmadığını söyləmək mümkün deyil. ÜST-ün Azərbaycan nümayəndəsi Hande Harmançının sözlərinə görə, ancaq yoluxma azaldıqdan sonra pik nöqtəsinin nə zaman arxada qaldığını söyləmək mümkün olacaq.

Geri qayıt