Əsas Səhifə > Dünya > Bosfor boğazı Rusiyanın üzünə bağlana bilər
Bosfor boğazı Rusiyanın üzünə bağlana bilər30-03-2021, 08:18 |
Türkiyə rus gəmilərinin Bosfordan keçməsini qadağan etmək niyyətindədir. Ovqat.com xəbər verir ki, bu iddianı Rusiyanın hərbi-aviasiya portalı Avia.pro irəli sürüb. Portalın iddiasına görə, Ankara bundan əlavə, Qara dənizdə NATO hərbi donanmasını da artırmağı planlaşdırır. “Ankara Rusiyanın hərbi gəmilərinin Qara dəniz sularından Aralıq dənizinə və əks istiqamətə keçməməsi üçün çox ciddi məhdudiyyət nəzərdə tutur. Bu, ilk növbədə, Türkiyənin Montrö Konvensiyasını pozmağa imkan verəcək alternativ kanal inşa etmək niyyəti ilə əlaqədardır”, - portal belə yazıb. Avia.pro Türkiyənin ana müxalifət partiyası CHP yetkilisi Gürsel Tekinin fikirlərinə istinad edərək bildirir ki, bu barədə gizli qərar qəbul olunub. Saytın istinad etdiyi fikir: "İstanbul tarixində ən böyük korrupsiya ilə üzləşdi. Təcrübənin əksinə olaraq, abadlıq planı hər hansı bir təşkilatın, qeyri-hökumət qurumlarının, ticarət assosiasiyalarının fikirləri nəzərə alınmadan və İstanbul bələdiyyəsinin komissiyalarında və toplantılarında müzakirə olunmadan, qapalı qapılar arxasında təsdiq edilib", - deyə Cümhuriyyət Xalq Partiyasının sabiq Baş katibi Gürsel Tekin bildirib. Potal vurğulayır ki, Ankara ilə Moskva arasındakı Suriya gərginliyi Rusiya Donanması üçün xoşagəlməz nəticələrə gətirib çıxara bilər: “İstanbul kanalı tikiləndən sonra Montrö Konvensiyası öz fəaliyyətini dayandıracaq, bu da Rusiyanın cənub sərhədlərində çox ciddi gərginliklərə səbəb ola bilər”. Ovqat.com-un qeydi 1936-cı ildə Qara dəniz sahildaş ölkələri ilə bağlanan Montrö sazişinə görə, Türkiyə yalnız regional dövlətlərdən biri ilə müharibə edərsə, Bosfor boğazını bağlaya bilər. Son zamanlar Yunanıstanla Türkiyə arasında Şərqi Aralıq dənizi üstündə münasibətlərin gərginləşməsi Ankara üçün belə bir fürsət doğurmuşdu. Lakin hazırda iki dövlət danışıqlar masasında aralarındakı ziddiyyətlərin həllinə çalışırlar. Bunu Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali komissarı Cosep Borellin dünən media orqanlarında dərc olunan bir yazısı da təsdiqləyir. Məqalədə bildirilir ki, Türkiyə-Yunanıstan arasındakı konflikt tədricən ortadan qalxır. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə ötən həftə Brüsseldə keçirdikləri görüşdə “tərəflər arasında daha konstruktiv münasibət qurmağın vacibliyinə əmin olduğunu” yazan Borell bu təşəbbüsü davam etdirmək üçün “daha fəal şəkildə çalışacaqlarını” vurğulayıb. Odur ki, Türkiyənin yaxın aylarda Bosfor boğazını bağlayacağı inandırıcı görünmür. Bununla yanaşı, belə bir planının olmadığını söyləmək də mümkün deyil. Məlumdur ki, son 500 il ərzində müxtəlif aralıqlarla davam edən, bu gün belə, soyuq savaş metodları ilə sürdürülən türk-rus müharibələrinin əsas hədəfi Bosfor boğazına yiyələnmək olub. İstanbul boğazı da adlanan və Qara dənizlə Aralığı birləşdirən bu keçid məntəqəsi Rusiyanın dünyaya açılan qapısıdır. Həmin qapı bağlanarsa Rusiyanın Qara dəniz hərbi donanması mənasız dəmir yığıntısına çevrilər və ölkənin ixrac məhsullarının mühüm qismi öz bazarını itirər. Bu baxımdan Bosfor boğazı əslində Türkiyənin pəncəsində hər an sıxılmağa hazır vəziyyətdə olan rus boğazıdır. Rusiyanın iqtisadi cəhətdən tamamilə çökdürülmə planı işə düşərsə, Bosfor boğazının ən müxtəlif səbəblərdən bağlanma ssenarisinə start verilə bilər. Məsələn, Türkiyə ilə Yunanıstan arasında artan hərbi gərginliyin bu sahədə potensial səbəb kimi ortaya çıxması istisna deyil. Maraqlıdır ki, Cosep Borellin haqqında məqalə qələmə aldığı Avropa İttifaqı ölkələrinin Xarici İşlər nazirlərinin son Brüssel toplantısında müzakirəyə çıxarılan məsələlərdən biri də Rusiya ilə münasibətlərdi. Hər kəs bu toplantıdan ağır sanksiyaların çıxmasını gözlədiyi halda, Moskvaya yaya qədər möhlət verildi. Elə həmin ərəfədə Yunanıstanın Türkiyəyə qarşı iddiaları xeyli yumşaldı, Misir Yunanıstanla bağladığı Aralıq dənizi sazişindən geri çəkildi. Görünən bu idi ki, Avropa İttifaqı yetkililəri son anda Rusiyanın əhlilləşəcəyinə dair siqnal aldılar. Verilən son möhlətin bitməsinə isə cəmi bir neçə ay qalıb. Geri qayıt |