Əsas Səhifə > Dünya > Putin Ukraynadan nə istəyir?
Putin Ukraynadan nə istəyir?9-04-2021, 08:18 |
Ukrayna prezidenti Vladimir Zelenski bu gün cəbhə xəttinə gedərək əsgər və zabitlərlə görüşüb. Bu səfər həm ölkənin şərqindəki təmas xəttində, həm də Rusiya ilə sərhədlərdə gərginliyin artması fonunda gerçəkləşib. Son həftələrdə atəşkəs pozuntuları intensivləşib və demək olar ki, hər gün həlak olan və yaralanan Ukrayna hərbçiləri barədə xəbərlər daxil olur. İlin əvvəlindən bəri həlak olan Ukrayna hərbçilərinin sayı 30-u ötüb. Halbuki atəşkəs haqqında 27 iyul 2020-ci il tarixindən qüvvəyə minən razılaşma var. Bu razılaşma Ukrayna, Rusiya və ATƏT nümayəndələrindən ibarət üçtərəfli təmas qrupu çərçivəsində əldə olunub, prezidentlər Zelenski və Putin 26 iyul 2020-ci il tarixli telefon danışığında atəşkəsin təmin olunmasına dair əlavə tədbirləri müzakirə edərək ortaq rəyə gəliblər. Lakin o vaxtdan bəri çox şey dəyişib və Moskvanın yeni Ukrayna prezidentinə bəslədiyi ümidlər özünü doğrultmayıb. Hazırda Putinin əmri ilə Rusiyanın hər yerindən çoxlu sayda hərbi texnika və ordu birlikləri Ukrayna sərhədlərində və işğal altındakı Krımda cəmləşdirilir. Rusiyanın Qara dəniz donanmasının qüvvələri yetmirmiş kimi, Xəzər donanmasının gəmiləri də oraya göndərilir. Amma bu yazıda biz müharbə ehtimalından yox, hadisələrin niyə bu həddə gəlib çatmasından və Rusiyanın məqsədlərindən danışırıq. Putin Zelenskidən nə gözləyirdi? Siyasətə “komediyalar aləmi”ndən gələn Vladimir Zelenski 2019-cu ildə seçki kampaniyasını sülh notları üzərində qurmuşdu. O, ukraynalı gənclərin hər gün cəbhədə həlak olmasından ürək yanğısı ilə danışır, müharibəyə son qoymağı birinci dərəcəli vəzifə elan edirdi. Müharibənin niyə, hansı səbəbdən baş verdiyinə çox da toxunmayan Zelenski bu məsələdə Rusiyadan çox, öz ölkəsinin rəhbərliyini ittiham edirdi. O, prezident Poroşenko və çevrəsini ağır qınaqlara məruz qoyur, hətta onları müharibədən pul qazanan əclaflar və vicdansızlar adlandırmaqdan da çəkinmirdi. Bu cür ritorika əlbəttə ki, Kremldə müsbət qarşılanırdı, çünki Poroşenko hökuməti ilə aparılan danışıqlar dalana dirənmişdi, Moskvada düşünürdülər ki, Ukrayna prezidenti radikal millətçi-faşist qüvvələrə təslim olub, onların diktəsi ilə hərəkət edir. Poroşenko Moskvada “anlaşmağı bacarmayan adam” (недоговороспособный) kimi qəbul olunurdu və tamam gözdən düşmüşdü. Zelenski isə Poroşenkonun antaqonisti kimi ortaya çıxdı. Qeyd etdiyimiz sülhə meylli ritorikası ilə birlikdə gənc rusdilli aktyor Ukrayna millətçilərindən fərqli olaraq, rus kultural mühitinə daha yaxın adam hesab olunduğu, yaxud hələ KVN-də çıxış etdiyi dövrdən belə tanındığı üçün də Rusiyada simpatik qarşılanırdı. Uzun sözün qısası, Zelenski hakimiyyətə gəldi və ilk vaxtlar həqiqətən Rusiya ilə masaya oturub, qarşılıqlı güzəştlərlə münaqişəni həll etməyə cəhd göstərsə də, sərt reallıqlarla üzləşərək öncə tərəddüd etməyə, sonra isə güzəşt niyyətindən tədricən vaz keçməyə məcbur oldu. Üzərində xalqın və dövlətin taleyi ilə bağlı məsuliyyət olmayanda bir siyasətçi üçün danışmaq, vədlər vermək asandır, amma bu məsuliyyəti üzərinə götürdükdə vəziyyət dəyişir. Zelenski də bunu yaşadı. Komik aktyorun dramı… Dövlət idarə etmək (üstəlik, Ukrayna kimi çox ağır problemlərlə üzləşmiş bir ölkədən söhbət gedirsə) serialda Ukrayna prezidentini canlandırıb, pafoslu və sentimental çıxışlar etməkdən xeyli çətin işdir. İnsanlar təkcə sülh vədinə görə yox, həm də Ukrayna siyasətinin çirkabına bulaşmadığına, təmiz reputasiyasına görə Zelenskiyə səs verdilər. Hətta onun qələbəsində ikinci amilin birincidən daha çox rol oynadığını söyləsək, yanılmış olmarıq. Təcrübəsiz siyasətçi Bankovaya küçəsindəki iqamətgaha yerləşdikdən bir qədər sonra anlamağa başladı ki, Putinə güzəştə getməyin onun özü və ölkə üçün hansı nəticələri ola bilər. Əhali arasında – xüsusən paytaxt Kiyevdə, qərb vilayətlərində və mərkəzi vilayətlərin əksəriyyətində, eləcə də rusiyameylli əhali kütləsinin nisbətən ağırlıqda olduğu cənub-şərq vilayətlərinin milli mövqeli sakinləri arasında “güzəşt” və “kompromis” sözləri şübhəli qarşılanır, bir çoxları bunu təslimçiliyin sinonimi kimi anlayır. Üstəlik, müharibədə iştirak etmiş, silahdaşlarını itirmiş, yaralanmış və tərxis olunmuş minlərlə keçmiş döyüşçü var ki, hər hansı ciddi güzəşti onlara izah etmək və qəbul etdirmək mümkün deyil. Bu adamların bu mövzuda söz deməyə mənəvi haqları var və onları əks fikirlərə inandırmaq dünyanın ən mürəkkəb vəzifəsidir. Ona görə də, güzəştlər yolu ilə münaqişəni həll etmək siyasəti yarımçıq qaldı. Rusiya konkret nə istəyir? Donbas probleminin həllinə dair Minsk razılaşmaları var: birincisi 2014-cü ilin sentyabrında, ikincisi 2015-ci ilin fevralında imzalanıb. Bu razılaşmalarda həm təhlükəsizlik, həm də siyasi problemlərin həllinə dair müddəalar yazılıb. Təhlükəsizliklə bağlı müddəalar Ukraynanın maraqlarına cavab verir, çünki bütün xarici silahlı dəstələrin, hərbi texnikanın, muzdluların Ukrayna ərazisindən çıxarılmasını (aydındır ki, söhbət Rusiyadan gələn canlı qüvvə və hərbi texnikadan gedir), bütün qanunsuz silahlı dəstələrin (yerli separatçılar) tərksilah olunmasını və Ukrayna-Rusiya dövlət sərhədinin nəzarətdən çıxmış hissəsinin Kiyevin nəzarətinə qaytarılmasını nəzərdə tutur. Lakin siyasi blokda təhlükəli müddəalar var. Orada Donetsk və Luqansk vilayətlərinin separatçıların (əslində Rusiyanın) nəzarətindəki hissələrinə xüsusi status verilməsi və bunun Ukrayna Konstitusiyasında təsbit olunması, yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilməsi, döyüşlərdə iştirak etmiş şəxslərə (əli qana batmış separatçılara və onların liderlərinə) amnistiya verilməsi əksini tapıb. Yəni faktiki olaraq, Ukraynanın federallaşması nəzərdə tutulur. Ukrayna tərəfi İlovaysk və Debaltsevo məğlubiyyətlərindən sonra bu razılaşmalara imza atmağa məcbur olub. (Xüsusən İlovaysk məğlubiyyəti çox ağır idi, Rusiya ordusunun birbaşa müdaxiləsi nəticəsində Ukrayna ordu hissələri və könüllü batalyonlar orada mühasirəyə düşüb. Ukrayna Baş Prokurorluğunun məlumatına görə, mühasirəni yarıb çıxarkən 366 nəfər əsgər və könüllü həlak olub, 429-u yaralanıb, 300-ü əsir düşüb.) Ukrayna tərəfi bu razılaşmalardan imtina etmir, amma hesab edir ki, əvvəlcə təhlükəsizlik komponenti yerinə yetirilməlidir. Yəni öncə Rusiyadan gələn bütün silahlı adamlar və hərbi texnika çıxarılmalı, sərhəd xətti Ukraynanın nəzarətinə verilməlidir, yalnız bundan sonra siyasi müddəaların həyata keçirilməsinə başlamaq olar. Rusiya tərəfi isə bildirir ki, əvvəlcə Ukrayna siyasi komponenti icra etsin, bundan sonra digər məsələlərə növbə çata bilər. Hər iki tərəf ona görə bu mövqelərində israrlıdır ki, sərhəd bağlandıqdan və Rusiyadan gələn bütün silahlılar, siyasi kuratorlar çıxdıqdan sonra həmin ərazilərdə seçkilərin keçirilməsi, yerli hakimiyyət orqanlarının formalaşdırılması Ukrayna mərkəzi hökumətinin nəzarətində baş verəcək. Bu halda Ukraynanın bütün siyasi partiyaları həmin ərazilərdə sürətlə təşkilatlanacaq, tərəfdar toplayacaq, seçkilərə rahat şəkildə qatılacaq və nəticədə dövlətə sadiq qüvvələr yerli hakimiyyətdə təmsil olunacaq. Bu isə siyasi müddəaları və federallaşma ssenarisini heçə endirəcək. Siyasi müddəaların ilk növbədə həyata keçirilməsi isə Donetsk və Luqansk vilayətlərindəki oyuncaq rejimlərin legitimlik qazanması, “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın federasiya subyektləri kimi Ukraynanın tərkibində yer alması deməkdir. Bu halda dövlət Ukrayna Federativ Respublikası adlandırılmasa da, mahiyyət etibarilə Ukraynanın dövlət quruluşu federasiya olacaq. Təsəvvür edin ki, Ukraynanın tərkibində tamamilə Moskvadan asılı olan, onun direktivləri əsasında hərəkət edən 2 respublika yaranır, sonra federativ quruluşa uyğun olaraq ikipalatalı qanunverici orqan formalaşır, yuxarı palatada federasiya subyektlərinin nümayəndələri digər regionlarla bərabər sayda təmsilçilik hüququ əldə edir, aşağı palatada da həmin ərazilərdən seçilmiş deputatlar Ukraynada artıq mövcud olan rusiyayönümlü partiyaların deputatlarına qoşulur və böyük bir fraksiya yaradırlar. Yuxarı palata bütün önəmli qanunları – məsələn, Ukraynanın NATO-ya və Avropa Birliyinə üzv olmasını bloklamaq imkanına malik olur. Rusiyanın bu ssenarisi gerçəkləşərsə, Ukrayna təkrar Moskvadan asılılığa düşəcək, ən yaxşı halda neytral dövlət kimi Rusiya və Qərbin arasında hər hansı inkişaf perspektivi olmadan “baş girləyəcək.” Putinin istədiyi məhz budur. Moskva bu problemi yaradarkən heç də həmin ərazilərin Ukraynadan qoparılmasını və ilhaqını planlaşdırmayıb. Məqsəd separatçı respublikalar yaradaraq onları zorla Ukraynanın tərkibinə daxil etmək və ölkəni federallaşdırıb, onun avroatlantik inteqrasiyasını və Rusiyanın qonşuluğunda normal, demokratik, inkişaf edən dövlətə – rusiyalılar üçün bir cazibə mərkəzinə çevrilməsini əngəlləməkdir! Rusiyanın bu tələblərini qəbul etmək, yəni Minsk razılaşmalarını Moskvanın interpretasiyasına uyğun həyata keçirmək Zelenski və Ukrayna üçün intihar olardı. Ona görə də Zelenski buna getmir. Hələ üstəlik, ABŞ-ın yeni Bayden hökumətindən cəsarət alaraq 5-ci kolonun üstünə yeriyir, Rusiyanın Ukrayna daxilindəki şəbəkələrini demontaj edir. Putin məhz bu 2 səbəbdən qəzəblənib: Zelenski həm Donbas məsələsində güzəştə getmir, həm də Rusiyanın nüfuzunu sarsıdan, Putinin xarizmasını cızan addımlar atır. Ukrayna dövlətinin hədəfində olan oliqarx-siyasətçi Viktor Medvedçuk Rusiyanın adamı olmaqdan əlavə, həm də şəxsən Putinin qohumu sayılır: Rusiya prezidenti bu şəxsin qızının xaç atasıdır. Ona görə də, Putin qərara gəlib ki, həm Zelenskini geri oturdub, onu güzəştlərə vadar etsin, həm də Baydenin sərt siyasi kursuna Ukraynada cavab verərək Vaşinqtonu bir tərəfdən Rusiyaya qarşı planlaşdırdığı addımlardan, digər yandan Ukraynanı hərtərəfli dəstəkləyərək onu NATO-ya aparmaq siyasətindən çəkindirsin. Müəllif: Şahin Cəfərli //pressklub.az// Geri qayıt |