Əsas Səhifə > Dünya > ABŞ geri addım atdı: Ukrayna Rusiyanın qucağına atıldı

ABŞ geri addım atdı: Ukrayna Rusiyanın qucağına atıldı


15-04-2021, 11:22
ABŞ geri addım atdı: Ukrayna Rusiyanın qucağına atıldı
ABŞ Qara dənizə göndərdiyi 2 gəmisinin Türk boğazlarından keçməsini təxirə salıb.

Ovqat.com xəbər verir ki, bu məlumatı ABŞ-ın Türkiyədəki səfirliyi ölkənin Xarici İşlər Nazirliyinə göndərdiyi məktubda bildirib.

Məlumata görə, təxirə salınan bu planın nə zaman gerçəkləşəcəyi barədə isə heç bir informasiya verilməyib. Başqa sözlə, keçiş təxirə salınmayıb, sadəcə plandan vaz keçilib.

Qeyd edək ki, ABŞ bu gəmiləri guya Ukraynaya hərbi dəstək və Rusiyaya göz dağı vermək üçün göndərirdi. ABŞ yetkililəri açıqlamalarında həmin gəmilərin Moskvaya ünvanlanmış “təhdid məktubu” olacağını bildirirdilər. Gəmilərdən biri dünən, digəri bu gün Qara dənizə daxil olacaqdı. ABŞ səfirliyinin məktubundan isə belə anlaşılır ki, Mirzə Cəlilin sözü olmasın, “namə öz ünvanına yetişməyəcək”.

Xatırladaq ki, ABŞ 2008-ci ildə Rusiya Gürcüstana hücum edərkən Saakaşviliyə də eyni vəd verib, daha sonra arxasından qaçmışdı. Saakaşvilinin bu vədə inanması həm hakimiyyətinin, həm də Cənubi Osetiya və Abxaziyanın itirilməsi ilə nəticələnmişdi. Bənzər hadisənin Ukraynada da yaşanılacağından əndişə edilir.

Məlum olduğu kimi, 2014-cü ildə Rusiya ilhaq hərəkətlərinə başlayanda Ukraynanın 6-dan çox vilayəti separatizm bayrağını qaldırmış, Moskva da onlardan sadəcə 3-ni (Donetks, Luqansk və Krım) Kiyevin əlindən qoparmışdı. Digər bölgələri isə Kiyevin özünü necə aparması ehtimalına qarşı ehtiyatda saxlamışdı.

Kiyevin Qara dənizdə ABŞ və NATO tərəfindən yalnız buraxılması Ukraynanın digər bölgələrini də separatizmə həvəsləndirə bilər. Bu həm də Ukraynanın Qərbə bağlı siyasi qüvvələrinin tam məğlubiyyəti deməkdir və böyük ehtimalla indiki hakimiyyətin dayaqlarını laxladacaq.

Xatırladaq ki, ABŞ və NATO qüvvələri Ukraynanı açıq şəkildə dəstəklədikdən və ABŞ prezidenti Cozef Bayden Rusiyalı həmkarını “qatil” adlandırdıqdan sonra Kreml bu bölgədə hərbi qüvvələrini artırmış, ən azı 100 min əsgərini və xeyli sayda hərbi texnikalarını təmas xəttinə göndərmişdi. Ardınca Qara dəniz donanmasındakı 6 sualtı qayığını Krım yaxınlığında hərbi təlim keçən NATO gəmilərinin yaxınlığına çıxarmış və onlara bu strateji silahlarının tam heyətlə işlək vəziyyətdə olduğunu göstərmişdi. İddialara inansaq, Rusiyanın bu sualtı qayıqları ən müasir silahlarla təchiz edilib və dəniz altında fəaliyyət göstərdiyi radara yaxalanması da müşküldür.

Bununla kifayətlənməyən Rusiya Xəzər dənizindəki 15 gəmisini də Qara dənizə gəndərərək bu su hövzəsindəki hərbi donanmasını gücləndirmişdi. Baltik dənizindəki bəzi gəmiləri də eyni məqsədlə bölgəyə göndərəcəyinə dair ciddi siqnal vermişdi. Bununla da Ukraynanı əldən buraxmayacağını göstərmişdi.

Ukrayna Rusiyanın böyük dövlət olması və Avrasiya imperiyası xüsusiyyətini qoruması üçün vazkeçilməz coğrafiya sayılır. Moskva da bu üstünlüyünü qorumağa çalışır və güzəştə getmək istəmir. Qara dəniz sahilində yerləşən Gürcüstan da Rusiya üçün eyni dərəcədə önəmlidir.

Rusiyanın Qara dənizdə əzələ nümayişindən sonra ABŞ prezidenti geri addım atmış və bir müddət əvvəl “qatil” adlandırdığı Putinə zəng edib, onunla danışıqlara hazır olduğunu bildirmişdi. Ardınca isə Qara dənizə göndərəcəyi 2 gəmisinin səhayətindən vaz keçməsi Vaşinqtonun Moskva qarşısında biabırçı məğlubiyyəti və “ağ bayraq” qaldırması anlamına gəlir.

Bir çox mütəxəssislər ABŞ-ın nüvə dövləti olan Rusiya ilə savaşı gözə almayacağını proqnozlaşdırır və Vaşinqtonun məqsədinin Avropa daxilində Suriya probleminə bənzər böhran yaratmaq olduğunu bildirirlər. Təxminlərə görə, Ukrayna da məhz səbəbdən seçilmişdi. Amma başda Almaniya olmaqla Avropa ölkələrinin bu tələyə düşməməsi, belə görünür ki, Vaşinqtonun son anda “ağ bayraq qaldırması” ilə nəticələndi.

Bununla belə, Ukrayna böhranının Rusiya ilə Qərbi Avropa arasında münasibətlərə də mənfi təsir göstərəcəyi təxmin olunur. Bu da ABŞ-ın əsl məqsədinə çatmaq ehtimalının hələ tükənmədiyi ehtimalını yaradır. Mülahizələrə görə, ABŞ-ın əsas məqsədinin nüvə dövləti olan Rusiya ilə döyüşmək yox, onun Avropanın əsas enerjisi təchizatçısına çevrilmək imkanlarını məhdudlaşdıraraq iqtisadi böhrana sürükləməkdir. Ukrayna məğlubiyyətindən sonra Qərbi Avropa dövlətlərinin, xüsusilə də Almaniyanın necə addım atacağı isə bəlli deyiı. Mümkündür ki, hesablar yenə tərsinə dönsün; Rusiya qarşısından geri çəkilməsi ABŞ-ın beynəlxalq nüfuzunun itirməsi və NATO-nun tamamilə dağılması ilə nəticələnsin. Zira son Ukrayna böhranı Rusiyanın hərbi yolla çökdürülməsinin mümkünlüyünü şübhə altına salır. Məsələnin hərbi çözümü yoxdursa və Rusiya istədiyi ölkəni Ukrayna kimi təslim edə bilərsə, onda NATO-ya nə ehtiyac var?

Qeyd edək ki, Ukrayna və Gürcüstan 2018-ci ildə NATO-nun Buxarest sammitində alyansın genişləndirilmiş səlahiyyətli tərəfdaşı statusu qazanmışdı. Bu status isə üzvlüyə yaxın imtiyazdır. Ukraynanın bütün çağırışlarına baxmayaraq, NATO ölkələri rus təhdidini əsas gətirib ona üzvlük statusu vermirlər. Digər “əsaslı bəhanələri” də var: "Kiyev hələ bəzi islahatlar aparmalı və NATO standartlarına yaxınlaşmalıdır".

Heydər Oğuz,
Ovqat.com

Geri qayıt