Əsas Səhifə > Dünya > RUSİYANIN “QARŞISI ALINMAZ” SİLAHLARINA BİRİ DƏ ƏLAVƏ OLUNACAQ?
RUSİYANIN “QARŞISI ALINMAZ” SİLAHLARINA BİRİ DƏ ƏLAVƏ OLUNACAQ?25-05-2021, 09:30 |
Gələn ildən Rusiya “Ostrota”adını almış yeni silahın sınağına başlayacaq. Bu, Vladimir Putinin silahlanma kampaniyasının əsas tərkib hissəsidir və onun başlıca məqsədi Rusiyanın Qərbin atəş gücünü ötüb keçməsinə yönəlib. Ölçülərinə görə mövcud hipersəs raketlərindən kiçik olacaq bu yeni raket, səsdən iti uçan “Tu-22M3” bombardmançı təyyarələrində və “Su-34” qırıcı bombardmançılarında quraşdırılacaq. Kremlə yaxın olan “İzvestiya” qəzetinin verdiyi məluma görə, ”Ostrota” raketi üçün xüsusi hava-reaktiv mühərriki hazırlanıb ki, bu da istənilən müasir Hava Hücumundan Müdafiə sistemini yarıb keçməyə imkan verir. Rusiya rəsmiləri həmçinin onu da bildiriblər ki, yeni “Sirkon” hipersəs raketinin nəzərdə tutulan dörd sınağından birincisi iyun ayında keçiriləcək. Bütün sınaq dövrü yayın sonuna kimi qurtaracaq. Sürəti saatda 10 000 kilometrə çatan bu “qarşısı alınmaz” qanadlı raketin gələn ildən silahlı qüvvələrin döyüş cərgəsinə qəbulu gözlənilir. Putin gəmilərdə bazalaşdırılmış “Sirkon” hipersəs raketlərinə nüvə münaqişəsi olduğu təqdirdə Amerika şəhərlərinə zərbə vuracaq ölümcül silah kimi baxır. “TASS” informasiya agentliyi yüksək hərbi dairələrdəki mənbəyə istinadla xəbər verir ki, iyun ayında dövlət sınaq proqramı çərçivəsində “Admiral Qorşkov” freqatından “Sirkon” raketinin ilk buraxılışı həyata keçiriləcək. Digər yandan isə Rusiya Baltik donanmasını ciddi şəkildə gücləndirəcək və ”Sirkon” raketləri ilə təchiz olunmuş yeni nəsil sualtı qayıqlarından “Şimal axını-2” qaz boru kəmərinin mühafizəsində istifadə edəcək. Hesab olunur ki, kiçik həcmli “Ostrota” hipersəs raketi Rusiyanın qeyri-nüvə müdafiə gücünü daha müasir hala gətirəcək. Ekspertlər deyirlər ki, bu, Rusiyanın yüksək texnoloji sahədə lider mövqeyinə gəlməsinə və düşmənin yaxşı müdafiə olunan hədəflərinə dağıdıcı zərbələr endirməsinə imkan verəcək. Rusiyanın artıq nüvə təchizatlı “Avanqard” hipersəs raket sistemi var. Putin iddia edir ki, bu raket meteorit kimi zərbə endirir. Həmin raketin hətta səsdən 20 dəfə sürətli uçmasından, yer atmosferi hüdudunu tərk etməsindən və Yer kürəsindəki istənilən nöqtəyə 30 dəqiqədən az müddətə zərbə vura biləcyindən danışırlar. Rusiyanın silah arsenalında xüsusi yerlərdən birini də “MiG-31” qırıcısından buraxılan və saatda 12 400 kilometr sürətlə üça bilən “Kinjal” raketi tutur. Bu yaxınlarda Putin Rusiyanın müasir silah sistemləri üzrə dünya lideri olmasıyla öyünüb. O, bu barədə deyib: ”Bizdə dünyada anoloqu olmayan yeni aviasiya kompleksləri, suüstü və sualtı döyüş gəmiləri ərsəyə gətirilir. Əlbəttə, sual yaranır: silahlı qüvvələrin vəziyyəti və onların perspektiv inkişafı necədir? Nə qədər qəribə olsa da, bu, əksəriyyət üçün qəribə səslənir - bizdə hər şey artıqlamasıyla öz qaydasındadır. Bizdəki qabaqlayıcı nüvə gücü bütün nüvə dövlətlərinkindən daha müasirdir. Rusiya dövlətin müdafiəyə ayırdığı vasitlərə qənaətlə yanaşılması, elmi məktəblərin saxlanılması və inkişafı, mühəndis kadrlarının hazırlığı hesabına yeni silahlar yarada bilib. Biz büdcəni hərbiləşdirmədən silahlı qüvvələrimizə lazımi səviyyədə dəstək veririk. Biz irəlidə də belə fəaliyyət göstərəcəyik”. Rusiya Hərbi-Dəniz Donanmasının baş komandanı Nikolay Evmenov deyib: ”Baltik dənizində NATO-nun iştirakının genişlənməsi səbəbindən yeni çağırışlar və təhlükələrin meydana gəlməsiylə əlaqədar donanmanın fəaliyyəti daha böyük əhəmiyyət qazanır” Hərbi ekspert polkovnik Nikolay Şulqin “Nezavisimaya qazeta”ya bildirib: ”Putinin yeni hipersəs raketi karbohidrogenlərin Avropaya təhlükəsiz tədarükünə və mühüm iqtisadi layihələrin təmininə xidmət göstərəcək.” ABŞ prezidenti Co Bayden isə Rusiyadan böyük həcmdə təbii qaz almaq istəyən Almaniya ilə münasibətləri yoluna qoymaq məqsədilə “Şimal axını-2”-yə qarşı tətbiq olunan yeni sanksiyalardan imtina edib. Kreml qaz nəqlindən Avropa Birliyi ölkələrinin Moskvadan asılı düşməsi üçün istifadə edir. Amma belə bir təhlükəni duymasına baxmayaraq, Vaşinqton bu layihəyə qarşı tətbiq edilən sanksiyaları qaldırmaq niyyətindədir. Ola bilər ki, ABŞ dövlət katibi Entoni Blinken sanksiyaları yenidən işə salsın, çünkü Vaşinqtonda əmindirlər ki, ”Şimal axını-2”-nin işə düşməsi “Putinə hədiyyə”-dir. “The Sun” – (Böyük Britaniya) Tərcümə: “AzPolitika.info” Geri qayıt |