Əsas Səhifə > Dünya > Kreml narahatdır və “qırmızı xətt” barədə xəbərdarlıq edir

Kreml narahatdır və “qırmızı xətt” barədə xəbərdarlıq edir


18-06-2021, 08:47
Kreml narahatdır və “qırmızı xətt” barədə xəbərdarlıq edir
İyunun 16-da ABŞ və Rusiya prezidentləri Co Bayden və Vladimir Putin arasında ilk üzbəüz görüşün ardınca Kreml bəyan edib ki, Ukraynanın NATO üzvlüyü məsələsi Moskva üçün “qırmızı xətdir” . Kremlin sözçüsü Dmitri Peskov iyunun 17-də deyib ki, Rusiya, Ukraynaya bir gün NATO üzvlüyü üçün fəaliyyət planının verilə biləcəyi barədə söhbətlərdən narahatdır. Belə plan Ukraynanın NATO üzvlüyünün bir addımlığına gəlib çatması demək olardı.

Ukrayna prezidenti Vladimir Zelenski iyunun 14-də demişdi ki, o Baydendən Ukraynaya fəaliyyət planının verilib-verilməyəcəyinə dair “hə” və ya “yox” cavabını gözləyir. Lakin Bayden bildirib ki, Kiyev əvvəlcə ölkədəki korrupsiyanın kökünü kəsməli və NATO-nun başqa kriteriyalarına uyğunlaşmalıdır.

Rusiya və Ukrayna arasında münasibətlər son aylarda yenidən gərginləşib. Onlar Donbasda hərbi əməliyyatların artmasına görə bir-birini ittiham edirlər. Rusiya ötən aylarda Ukrayna sərhədi boyunca və ilhaq edilmiş Krımda 100 minədək əsgər yerləşdirib. Moskva bunun hərbi təlim məqsədilə edildiyində israr edir. Buna baxmayaraq, ABŞ və Qərb, eləcə də Ukrayna Rusiyanın təcavüz ehtimalından narahatdırlar. Rusiya sonradan qoşunları geri çəkdiyini desə də, Vaşinqton və Kiyev çəkilmənin tam olmadığını vurğulayırlar.

Peskov deyib ki, Moskva Ukraynanın NATO üzvlüyünə can atmasını diqqətlə izləyir:"Biz bu məsələni çox diqqətlə izləyirik və Ukraynanın NATO-ya qoşulma perspektivi bizimçün həqiqətən də qırmızı xətdir”.

Buna baxmayaraq Peskov əlavə edib ki, Moskva Bayden-Putin görüşündən məmnundur: "Lap əvvəldən biz xəbərdarlıq etmişdik ki, bu sammitlə bağlı böyük gözləntilər doğrulmaya bilər. Amma indi prezidentin öz qiymətləndirməsini də nəzərə alsaq, bu görüşü daha çox müsbət dəyərləndirmək olar”.

virtualaz.org

Geri qayıt