Əsas Səhifə > Dünya > ABŞ Əfqanıstanı yeni bir "bomba" halına gətirir

ABŞ Əfqanıstanı yeni bir "bomba" halına gətirir


29-07-2021, 08:22
ABŞ Əfqanıstanı yeni bir "bomba" halına gətirir
Rusiyanın Müdafiə naziri Sergey Şoyqu ABŞ-ın və Şimali Atlantika Alyansının Əfqanıstandakı missiyasının uğursuz olduğunu və bu ölkədəki vəziyyətin sürətlə pisləşərək hökumətin nəzarətindən çıxdığını deyib. Sergey Şoyqu bu barədə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin müdafiə nazirlərinin iclasında deyib. Şoyqu bildirib ki, Əfqanıstanın şimal sərhədlərində baş verən hadisələr və əfqanların Tacikistan və Özbəkistan ərazisinə kütləvi köç etməsi, ABŞ ilə "Taliban" hərəkatı arasındakı razılaşmanın həyata keçirilmədiyini göstərir. Nazirin sözlərinə görə, Əfqanıstanda vəziyyət sürətlə pisləşir və praktiki olaraq hakimiyyətin nəzarətindən çıxır:

"Taliban" artıq ərazinin böyük hissəsinə nəzarət edir. Xüsusilə İŞİD-in və digər beynəlxalq səviyyədə tanınmış terror təşkilatlarının burada mövqelərinin güclənməsi narahatlıq doğurur. Beləliklə, ABŞ və NATO-nun Əfqanıstandakı missiyasının uğursuz olduğunu bildirməliyik”, - deyə Rusiya Müdafiə naziri vurğulayıb.

Mövzu ilə bağlı siyasi şərhçi Əziz Əlibəyli "Şərq"ə açıqlama verib. O qeyd edib ki, Amerika Birləşmiş Ştatlarının bu məsələdə əsas missiyası birmənalı şəkildə Əfqanıstanı yeni bir "bomba" halına gətirmək və onu partlatmaqdan ibarətdir:

"Təbii ki, bu partlayışda əsas zərərçəkən Rusiya olacaq. Qərb artıq Rusiyanın sərhədləri boyunca tamamilə fərqli formalarda münaqişə ocaqları yaratmaqdadır. Bu, Bayden dönəmində xüsusilə də özünün ən zirvə nöqtəsinə çıxacaq. Təbii ki, burda Əfqanıstanın üzərinə xüsusi bir missiya düşür. Əfqanıstan radikal islamçıların əlinə buraxılır və bu məsələ Rusiyanın öhdəsinə verilir. Rusiya Əfqanıstanla nə cür davranacaq? Rusiya Əfqanıstanda keçmiş acı təcrübəyə malikdir. Hətta özünün ən güclü dönəmində, yəni SSRİ dönəmində onillik sovet-əfqan müharibəsində biabırçı şəkildə uduzdu. Bilirsiniz ki, bu da ittifaqın dağılmasına gətirib çıxaran proseslə nəticələndi. Ona görə də, Şoyqunun dediyi kimi, Əfqanıstanda vəziyyət hakimiyyətin nəzarətindən çıxır. Düşünürəm ki, Əfqanıstan Amerika Birləşmiş Ştatları hücum eləməmişdən qabaqkı vəziyyətə qayıdır. Artıq taliblər ölkənin 90 faizinə nəzarət etməkdədir. Bundan sonra nə baş verəcək? Bundan sonra Orta Asiya radikalları ilə əfqan talibləri birgə dil tapacaqlar. Ondan sonra hədəflər birinci növbədə Tacikistanı təhdid etmək olacaq. Konkret olaraq, Tacikistanın radikal dindarları mərkəzi hakimiyyətə qarşı çıxacaq. Tacikistan isə KTMT üzvüdür və Rusiyanın bölgədəki əsas müttəfiqidir. Dolayısıyla bu da Rusiyanın özünün artıq sərhədlərinin təhlükə altında olması deməkdir".


Geri qayıt