Əsas Səhifə > Dünya > Talibləri gözləyən 4 əsas problem

Talibləri gözləyən 4 əsas problem


9-09-2021, 17:01
Talibləri gözləyən 4 əsas problem
Dövlət çevrilişləri zamanı hakimiyyəti əli keçirmək işin ən asan tərəfidir. Ən vacibi və çətini onu idarə etməkdir. Hazırda Əfqanıstanda olduğu kimi...
Bir müddət əvvəl Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirdi və son olaraq bütün gücü ilə ona qarşı dirənən Pəncşirin də inadını qırdı. Qısaca, “Easy level”i keçə bildi. Ancaq vəziyyətin təhlili göstərir ki, Taliban gələcəkdə bir çox problemlərlə üzləşəcək:

1. Ehtimal olunan vətəndaş qarşıdurması

Hazırda Talibanın taleyi ölkənin idarəetmə quruluşu ilə bağlı verəcəyi qərarlardan asılıdır. Hərakat bundan sonra bütövlüyünü qoruya biləcəkmi, yoxsa hakimiyyət uğrunda mübarizədə regional qruplaramı parçalanacaq? Hər halda, bunu verəcəyi qərarlar təyin edəcək.
Xatırladaq ki, Taliban əslində təşkilatdan daha çox, heterogen bir hərəkatdır. Bundan başqa, Talibanın lideri Heybətulla Axundzadənin üç müavini, Molla Əbdül Qəni Baradar, Molla Məhəmməd Yaqub və Siracuddin Hakkani arasında fikir ayrılıqları hələ də qalmaqdadır. Əgər bundan sonra Baradar səhra və döyüş komandirləri üzərində təsirini qoruya bilməzsə, Hakkani və Yaqub ciddi gücə çevriləcəklər. Üstəlik, onların döyüşçüləri hazırda güclü silahlanıblar. Amerikanın Qəndahar, Şindad və Baqramdakı bazalarını da məhz Hakkani və Yaqubun silahlıları ələ keçirmişdilər. Onların ikisini müqayisə etsək, deməliyik ki, Siracuddin Hakkani müəyyən üstünlüyə malikdir. Onun, “Əl-qaidə” və Pakistanınn idarələrarası kəşfiyyatı ilə yaxın əlaqələri var. Bir sözlə, bu 3 lider hər an vətəndaş müharibəsinə hazırdır.

2. Xarici təsirlər

Bu gün dünya və regional oyunçuların Əfqanıstana münasibətdə aktivliyini müşahidə edirik. ABŞ, Avropa, Rusiya, Çin, İran və Pakistan Talibanın regional qruplaşmaları ilə əlaqələr qurur. Xarici qüvvələr, Taliban qruplaşmalarının hərəsi ilə ayrılıqda əlaqələr yaratmağa çalışırlar ki, bu da nəticə etibarilə qruplaşmanın parçalanmasına gətirib çıxara bilər. Bu tendensiya davam edərsə, bir azdan bir neçə Taliban qruplaşması – “Çin Talibanı”, “Pakistan Talibanı”, “İran Talibanı” və s. ortaya çıxacaq.

3. Yerli müqavimət

Pəncşir ələ keçirildi, ancaq həm orada, həm də şimalda Talibana qarşı narazılıq qalmaqdadır. İqtisadi böhran kəskinləşdikcə bu narazılıq daha da artacaq. Lokomativ olaraq gənclər, əhalinin təhsilli fərdləri çıxış edəcək. Taliblərin özlərini iqtisadi problemləri həll edə biləcək və digər dövlətlərlə beynəlxalq səviyyədə konstruktiv əlaqələr qura biləcək ciddi bir hökumət olaraq doğruldacaqları heç də, mümkün görünmür.

4. Terrorçu qrupların fəallığı

ABŞ hərbi kəşfiyyatının proqnozlarına görə, Taliblər mövqelərini gücləndirə bilməyəcəklər. Terrorçu qruplaşmalar da bundan istifadə edəcək. Xüsusilə, Əl-Qaidə güclənəcək, İŞİD, eləcə də çoxlu sayda digər qruplar daha da fəallaşacaqlar. Bir-iki ilə bölgədə terrorizm yenidən güclənəcək.

Sadaladığımız bu amillər Əfqanıstanda vətəndaş müharibəsi ehtimalının son dərəcə yüksək olduğundan xəbər verir. Qonşuları isə Əfqanıstanın qeyri-stabil əmirlik olacağından əmindirlər.

Azvision.az

Geri qayıt