Əsas Səhifə > Dünya > Bugünkü Soçi görüşündə üç paytaxt masada
Bugünkü Soçi görüşündə üç paytaxt masada29-09-2021, 08:51 |
Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Rusiyaya bu gün baş tutacaq səfəri zamanı çox ciddi məsələlərin müzakirəsi gözlənir. Məhz buna görə Kreml Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə nəzərdə tutulan görüşünü ikitərəfli münasibətlər yaranandan bəri ən geniş mövzuların müzakirə olunacağı bir görüş kimi dəyərləndirir. Türkiyənin Haber7.com saytında Ərdoğanın Rusiya prezidenti Vladmir Putinlə müzakirə edəcəyi məsələlərə dair məqalə dərc olunub. Suriyada müxalifətçilərin iki qalası - Dəra və İdlib var. Rusiya, Suriya rejimi və İran Dəranı alıb. İndi növbə İdlibə çatıb. İdlibdə genişmiqyaslı hərbi əməliyyatlar aparılsa, bu ərazilərdən insan köçü də başlana bilər və bu, Türkiyəni çətin vəziyyətə sala bilər. Rusiya hazırda həm İdlibi bombalayır, həm də Türkiyəni günahlandırır. İdliblə bağlı ən son memorandum 2020-ci il martın 5-də imzalanıb. Meydandakı aqressivliyi nəzərə aldıqda memorandumun yenilənməsinə ehtiyac yaranır. Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda suriyalı həmkarı Bəşər Əsədi qəbul edib. O, görüş zamanı Suriya ərazisinin 90 faizinə onun, yəni Bəşər Əsəd rejiminin nəzarət etdiyini qeyd edib. Deməli, Putin hesab edir ki, qalan 10 faiz ərazi İdlibdir. Putin PKK-PYD terror qrupunun işğalı altında olan Fərat çayının şərqindəki ərazini Suriya torpağı saymır. Əgər Putin riyazi səhvə yol vermirsə, bununla Fəratın şərqindəki terror təşkilatına muxtariyyət verilməsi mesajını vermiş olur. Rusiya əvvəllər də PKK-PYD-yə belə bir jest edib. Putinin bu sözlərindən iki gün sonra Moskvada Rusiya xarici işlər nazirinin köməkçisi PYD terror təşkilatının lideri, İlham Əhməd adını daşıyan terrorçu qadını (o, bir vaxtlar Qəndildə xidmət etmiş məşhur PKK terrorçusudur) qəbul etdi". Məqalədə bildirilir ki, Ortada Qafqaz məsələsi də var. “Bugünlərdə Türkiyə, Azərbaycan və Pakistan birlikdə ”Üç qardaş-2021" adlı beynəlxalq təlimlər keçirib. Türkiyə ilə Azərbaycanın başqa birgə hərbi təlimləri də olub. Rusiya bunlardan da narahatdır və xarici işlər nazirinin sözçüsü Mariya Zaxarova vasitəsilə öz narahatlığını Bakıya çatdırıb". Məqalədə o da iddia olunur ki, Rusiyanı Türkiyəyə qarşı aqressivləşdirən səbəblər Ukrayna-Türkiyə əlaqələri, Kiyevin NATO ilə bağlı Türkiyədən dəstək istəməsi və Türkiyənin buna şifahi razılıq verməsi, Ankaranın Krım işğalına münasibətidir. Göründüyü kimi, xüsusilə Suriya məsələsində tərəfləri çətin müzakirə gözləyir. Çünki söhbət Türkiyənin şərqində yarana biləcək “terrorçu muxtariyyətdən” gedir ki, Ankara heç bir halda buna imkan verməyəcək. Türkiyənin Cənubi Qafqazda da möhkəmlənməsindən Ankaranın təkcə Azərbaycanca deyil, həm də Gürcüstanla artan əlaqələrindən Moskva narahat olmağa başlayıb. Ukrayna və Krım məsələsi isə Rusiya üçün bu məsələlərin önündə gəlir ki, son olaraq Türkiyənin xarici işlər nazirinin Krımdakı Duma seçkilərini qeyri-qanuni hesab etməsi Kremlin narazılığına səbəb olmuşdu. YAP-çı deputat Ceyhun Məmmədov görüşün önəmindən danışdı: “Türkiyə və Rusiya prezidentlərinin belə görüşlər keçirməsi artıq ənənəvi hal alıb. Davamlı keçirilən belə görüşlər bir çox hallarda Soçidə baş tutur. İki ölkəni maraqlandıran məsələlər ətrafında geniş müzakirələr aparılır. Hazırda da Moskva və Ankara arasında müzakirə aparılmasına ehtiyac olan bir çox məsələlər var. Suriya məsələsində anlaşmalar olsa da, bir sıra hallarda fikir ayrılıqları da baş verir. Bildiyiniz kimi, Suriya ordusu bir sıra əraziləri azad edib və İdlib şəhərini də azad etməyə çalışır. Burada təbii ki, Rusiya da ciddi rol oynayır. Bu da Türkiyənin təhlükəsizliyi üçün çox ciddi təhdidlər yaradır. Bir də bölgə əhalisinin yenidən Türkiyəyə köçürülməsi məsələsi gündəmdədir. Bu görüşdə heç şübhəsiz ki, bu məsələlər geniş müzakirə olunacaq. Görünən odur ki, Suriya, eləcə də Rusiya çalışır ki, bütövlükdə Suriya ərazisinə tam nəzarət etsinlər. Əlbəttə, bu ərazilər Suriyanındır. Amma Türkiyənin təhlükəsizliyi də ön sırada dayanır. Türkiyə və Rusiya arasında ən çox müzakirə olunan məsələlərdən biri Ukrayna-Türkiyə münasibətləridir. Rəsmi Ankaranın Ukraynanı dəstəkləməsi, seçkiləri tanımaması Kreml tərəfindən birmənalı qarşılanmır. Rusiya Türkiyənin bu münasibətindən ciddi şəkildə narahatdır və dəfələrlə bu məsələyə münasibət bildirib”. Deputat daha bir önəmli məsələyə də toxundu: “Türkiyə və Rusiya arasında olan ən önəmli məsələlərdən biri də Azərbaycanla bağlıdır. Hesab edirəm ki, son illərdə Azərbaycanla Türkiyənin apardığı danışıqlar, müzakirələr rəsmi Bakının mövqeyinin güclənməsinə hesablanıb. Ümumilikdə götürsək, əlbəttə, deyə bilərik ki, Rusiya Türkiyənin bölgədə olmasından o qədər də razı deyil. Amma qardaş ölkənin də apardığı uğurlu xarici siyasət nəticəsində bu gün artıq Azərbaycanın da mövqeyi güclənməkdədir. Həm Rusiya, həm də Türkiyə çalışır ki, aralarındakı münasibətləri daha da inkişaf etdirsinlər. Zaman-zaman bu ölkələr arasında gərginlik yaşansa da, bölgədə olan vəziyyət, reallıqlar ortaq məxrəcə gəlmək üçün tərəflərin ortaq mövqe nümayiş etdirmələrini zəruri edib. Kürdlərlə və digər məsələlərə gəldikdə hesab edirəm ki, Rusiya rəqiblərinin mövqeyini dəyişmək, onları təcrid etmək üçün müxtəlif siyasi gedişlər edir. Bu kimi addımlar atır. Birmənalı olaraq bunlar Türkiyəyə təsir məqsədi daşıyır. Biz bunun dəfələrlə şahidi olmuşuq. Hesab edirəm ki, Türkiyənin də burada mövqeyi kifayət qədər prinsipialdır, güclüdür. Qardaş ölkə hər an çalışır ki, öz mövqeyini daha da gücləndirsin. Düşünürəm ki, bu görüşdə də çox ciddi məsələlər müzakirə olunacaq”. “Yeni Müsavat” Geri qayıt |