Əsas Səhifə > Dünya > "Avropa dövlətləri anlayırlar ki, Türkiyənin Afrikaya yerləşməsi onları nəhəng mənfəət mənbələrindən məhrum buraxa bilər"

"Avropa dövlətləri anlayırlar ki, Türkiyənin Afrikaya yerləşməsi onları nəhəng mənfəət mənbələrindən məhrum buraxa bilər"


21-10-2021, 07:51
"Avropa dövlətləri anlayırlar ki, Türkiyənin Afrikaya yerləşməsi onları nəhəng mənfəət mənbələrindən məhrum buraxa bilər"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Anqola İş Forumunda çıxışında dünya ictimaiyyətinə bir sıra mesajlar verib. Ərdoğan Türkiyə müdafiə sənayesinin əhəmiyyətindən danışaraq pilotsuz uçuş aparatlarını dünyada bir nömrə edəcəklərini bildirib. Prezident deyib ki, pandemiya dövründə G-20 ölkələri problem yaşayarkən, Türkiyə sürətlə böyüyən ikinci ölkə olub: “2021-ci ili 9 faiz artımla tamamlayacağımızı proqnozlaşdırıram”.

Ərdoğan Türkiyənin yeni və müasir texnologiyalar sahəsində də böyük məsafə qət etdiyini bəyan edib. Əlavə edib ki, gələn ilin sonunadək ölkədə elektrikli avtomobillərin istehsalı başa çatacaq: “Quru və dəniz vasitələrində öz ehtiyaclarını ödəyən ölkə olmaq istiqamətində irəliləyirik. Pilotsuz uçuş aparatları sahəsində yeni texnologiyalarla dünyanın bir nömrəli ölkəsi olacağımıza inanıram”.

Türkiyə rəhbərinin Afrikanın üç ölkəsinə - Anqola, Toqo və Nigeriyaya səfəri Qərb ölkələri tərəfindən diqqətlə izlənilir. Avropa dövlətlərinin nüfuzlu media qurumları Ərdoğanın Afrika turunu manşetlərinə daşıyıblar. Mətbuat orqanlarında dərc olunan əksər xəbərlərdə Qərbin narahatlığı gözə çarpıb. Fransanın “Le Monde” qəzeti Ərdoğanın Anqola səfəri ilə bağlı məqaləsində bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikadakı nüfuzunu genişləndirmək istəyir. Məqalədə Ərdoğanın Afrika səfərinin dekabr ayında İstanbulda keçiriləcək üçüncü Türkiyə-Afrika Zirvəsindən iki ay öncə baş tutmasına diqqət yetirilib. Fransa Beynəlxalq Əlaqələr İnstitutunun Yaxın Şərq üzrə proqram meneceri Dorot Şmid isə vurğulayıb ki, Türkiyə bu gün yumşaq və sərt gücü (silah satışı) birləşdirən tam güc siyasətini nümayiş etdirir.

Qardaş ölkə rəhbərinin Afrika ölkələrinə səfərini və verdiyi açıqlamaları “Şərq”ə dəyərləndirən siyasi şərhçi Elçin Xalidbəyli deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika ölkələrinə səfəri Qərbdə böyük narahatlıq doğurub. Çünki Qərb siyasi dairələrində belə qənaət var ki, Türkiyə dünya üzərində öz nüfuz coğrafiyasını genişləndirmək strategiyasını reallaşdırmağa çalışır. Analitik bəyan edib ki, hazırda Türkiyə Orta Asiyada, Şərqi Avropada, ərəb dünyası kimi xarakterizə olunan Şimali Afrikada öz təsir dairəsini kifayət qədər genişləndirə bilib:

“Son vaxtlar isə rəsmi Ankara Afrikanın dərinliklərinə doğru irəliləməyə başlayıb. Buna qədər Afrikanın cənub hissəsində Fransa başda olmaqla, bəzi Qərb ölkələri ilə Çin arasında ciddi rəqabət mövcud idi. Onu da nəzərə almaq lazımdır ki, Afrika ölkələri yaxın keçmişdə Avropa dövlətlərinin kaloniyası olub. Hətta son vaxtlara qədər də həmin Avropa ölkələri öz keçmiş kaloniyalarında öz mövqelərini qoruya bilmişdilər. Afrika ölkələrinin təbii sərvətləri Avropa dövlətləri tərəfindən dəyər-dəyməzinə daşınıb, aparılırdı. İndi Türkiyənin də bu bölgəyə maraq göstərməsi Avropa dövlətlərinin soyğunçuluq fəaliyyəti üçün ciddi problemlər yarada bilər. Ona görə də Avropada Türkiyə prezidentinin Afrika turnesindən ciddi narahatlıq keçirirlər. Avropa dövlətləri anlayırlar ki, Türkiyənin Afrikaya yerləşməsi onları nəhəng mənfəət mənbələrindən məhrum buraxa bilər. Xüsusilə də bəzi Afrika ölkələrinin sahib olduqları zəngin enerji resursları ehtiyatlarının və digər təbii sərvətlərin soyğunçu Avropa dövlətlərinin inhisarından çıxma ehtimalı mövcuddur. Üstəlik, Avropada yaşanan enerji böhranı dövründə belə ehtimallar böyük narahatlıqla qarşılanır”.

E.Xalidbəyli qeyd edib ki, Türkiyənin Afrikaya yerləşməsi rəsmi Ankaranın beynəlxalq mövqelərini möhkəmləndirəcək faktordur:

“Avropa dövlətlərindən fərqli olaraq, Türkiyənin bərabərhüquqlu əməkdaşlıq təklif etdiyi Afrika ölkələrinin beynəlxalq məkanda rəsmi Ankaranı dəstəkləyə biləcəkləri də şübhə doğurmur. Yəni Türkiyə Afrika qitəsində mövqelərini möhkəmləndirməklə, yeni kontinental güc mərkəzinə çevrilə bilər. Nəhayət, bu prosesin iqtisadi-ticari istiqaməti də var. Türkiyə Afrikada özü üçün yeni bazar qazana bilər. Rəsmi Ankara Türkiyə istehsalı olan məhsulları Afrika ölkələrinə satmaqla və həmin dövlətlərin dünya bazarına çıxartdığı təbii sərvətlərin əsas alıcısına çevrilməklə, öz iqtisadiyyatını daha da gücləndirmək imkanına malikdir. Eyni zamanda, soyğunçu Avropa dövlətlərindən fərqli olaraq, iqtisadi-ticari şərtlərə əməl edən Türkiyə ilə əməkdaşlıq Afrika ölkələri üçün də daha sərfəlidir. Türkiyə Afrika ölkələri ilə ticarət əlaqələrini artıq xeyli müddətdir ki, nizama salmağa başlayıb. Bəzi Afrika ölkələri hazırda Türkiyə hərbi-sənaye kompleksinin məhsullarına xüsusi maraq göstərirlər. Çünki Avropa ölkələri onlara müasir silahlar satmırlar. Satsalar belə, çox bahalı olduğundan almaq imkanları da yoxdur. Ancaq Türkiyə Afrika ölkələrinə artıq müasir hərbi texnika satmağa başlayıb. Bəzi Afrika ölkələri Türkiyədə istehsal olunan zirehli döyüş maşınlarını böyük həvəslə alırlar. İndisə, rəsmi Ankara zəif Afrika ölkələrinin müasir PUA-lar satmaq niyyətindədir. Bu hərbi əməkdaşlıq Türkiyəyə külli miqdarda maliyyə vəsaiti qazandıracaq. Afrika ölkələri isə güclənərək, Avropa dövlətlərinin soyğunçuluq vərdişlərinə müqavimət imkanları qazanacaq”.

Politoloq diqqətə çatdırıb ki, Türkiyə prezidentinin Afrikaya səfərindən narahat olmaq üçün Avropa dövlətlərinin kifayət qədər səbəbləri var:

“Avropa dövlətləri Türkiyənin Afrika qitəsinə yerləşməsindən sonra bu qitə üzərində əsrlər boyu qoruyub saxladıqları mövqelərini itirə biləcəklərindən narahatdırlar. Üstəlik, Türkiyə prezidentinin PUA-lara diqqət çəkməsi Qərbə yönəlik üstüörtülü mesajdır. Rəsmi Ankara bununla yeni savaş texnologiyaları sahəsində Qərb ölkələrindən daha üstün durumda olduğuna eyham vurur. Çünki Avropa ölkələri hələlik PUA-lar da daxil olmaqla, yeni savaş texnologiyaları sahəsində elə də ciddi irəliləyiş əldə edə bilməyiblər. Halbuki, Türkiyə artıq pilotsuz savaş təyyarəsinin yaradılması istiqamətində son mərhələyə keçid edib. Bu, Avropa ölkələrinin ordularında olan müasir döyüş təyyarələrini müəyyən mənada, əhəmiyyətdən sala bilər. Bütün bunları nəzərə aldıqda, Türkiyə prezidentinin Afrikaya səfər turnesinin Qərb siyasi dairələrində narahatlıq doğurması qətiyyən təəccüblü deyil”.


Geri qayıt