Əsas Səhifə > Dünya > “İsrail-İran müharibəsi başlayır": An məsələsidir, yoxsa?
“İsrail-İran müharibəsi başlayır": An məsələsidir, yoxsa?23-10-2021, 08:30 |
İsrailin maliyyə naziri Aviqdor Liberman ölkəsilə İran arasında olan qarşıdurmanı dəyərləndirib. O, açıqlamasında İsrail və İran arasında toqquşmanın hər an baş verə biləcəyini bildirib. Həmçinin, nazirin sözlərinə görə, İranla nüvə sazişi üzrə aparılan danışıqlar əhəmiyyətsizdir və heç bir razılaşma bu ölkənin nüvə proqramını dayandıra bilməz. Qeyd edək ki, İsraildə İranın nüvə obyektlərinə hücum imkanlarının artırılması məqsədilə 1.5 milyard dollarlıq yeni fond yaradılıb. Ümumiyyətlə, İran və İsrail arasında uzun müddətdir yaşanan gərginlik son vaxtlar pik həddə çatıb. İsrailin İrana qarşı 1,5 milyarlıq fond yaratması isə geniş şəkildə müzakirə olunmuşdu. Aviqdor Libermanın bu açıqlamasının isə iki ölkə arasında vəziyyətin daha da gərginləşməsinə səbəb olacağı aydındır. İsrail və İran arasında birbaşa toqquşmaların olma ehtimalı nə dərəcə realdır? Hərbi-ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Cebhe.info-ya açıqlamasında bildirib ki, İsrail və İran arasında heç bir toqquşma olmayacaq: “Aviqdor Liberman uzun illərdir siyasətdədir, hətta İsrailin müdafiə naziri vəzifəsində də çalışıb. O, İran ilə toqquşmanın İsrail üçün nə demək olduğunu çox gözəl bilir. Hesab edirəm ki, Liberman bu sözləri sadəcə fikir olaraq səsləndirib. Çünki indiyə kimi İsrail və İran arasında bundan da gərgin anlar olub. Yəni “an məsələsi”, “saat məsələsi” kimi sözləri biz illərdir eşidirik, amma ciddi toqquşma baş vermir. Tərəflər arasında gərginlik, söz savaşı illərdir olub, var və bundan sonra da olacaq. Ona görə də Libermanın bu açıqlaması sadəcə olaraq növbəti bəyanat kimi qəbul etmək lazımdır. Ümumiyyətlə, yalnız lokal xarakterli hansısa hərəkətlər ola bilər, amma geniş mənada toqquşma və müharibə mümkün deyil. Bəzi dövlətlər İsrail və İran arasında gərginlik yaşanmasının marağında olsa da, bu müharibəyə heç kimin imkan verəcəyini zənn etmirəm”. Hərbi ekspert hesab edir ki, Libermanın “İranla nüvə sazişi üzrə aparılan danışıqlar əhəmiyyətsizdir” sözləri həqiqətdir: “Libermanın İranın nüvə proqramdan əl çəkməyəcəyilə bağlı fikirini bölüşürəm, amma yerdə qalan sözləri ciddi qəbul etmirəm. Çünki İran artıq neçə illərdir ki, nüvə proqramını həyata keçirir və bunu gizlətmir. Hətta bu proqramı dayandırması üçün İrana çox böyük təzyiqlər olsa da, onlar bundan imtina etməyib”. Geri qayıt |