Əsas Səhifə > Dünya > Moldovada fövqəladə vəziyyət elan olundu

Moldovada fövqəladə vəziyyət elan olundu


25-10-2021, 08:25
Moldovada fövqəladə vəziyyət elan olundu
Moldovada Qərbyönümlü Mayya Sandunun hakimiyyətə gəlməsinə bu günə qədər səbrlə yanaşan Rusiya deyəsən gözlədiyi qisas anının yaxınlaşdığını düşünür.

Ovqat.com-un məlumatına görə, Moskva Sandu hökumətini bu qış mövsümündə qazla imtahana çəkməyə qərar verib.

Bildirilir ki, Moldova hökuməti ilə “Qazprom” arasında oktyabrın 21 və 22-də Moskvada keçirilən iki günlük danışıqlar uğursuz alınıb və saziş imzalamaq mümkün olmayıb. Nəticədə Kişinyov ölkədə qazla bağlı fövqəladə vəziyyət elan edib. “Qazprom” isə böhranın bütün günahını Moldovada görür.

“Hazırda Moldovaya Rusiya qazının tədarükü ilə bağlı çox çətin vəziyyət var. Bunun günahı tamamilə Moldova hakimiyyətinin üzərinə düşür. Söhbət Moldovanın aldığı qazın haqqını ödəməməsi böhranından gedir”, - “Qazprom”un rəsmi nümayəndəsi Sergey Kupriyanov media açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda borcun ümumi həcmi 433 milyon dollardır və ödənişlərin gecikməsini nəzərə alsaq borc məbləği 709 milyon dollara qədər yüksələ bilər. “Eyni zamanda, Moldova təmsilçiləri nədənsə yığılmış borc məbləğini tanımaq istəmirlər. Moldova nümayəndələri qazın qiymətini bəyənmirlər, baxmayaraq ki, burada qiymətlər aydın və şəffafdır”, - deyə Kupriyanov vurğulayıb.

Qeyd olunur ki, “Qazprom” Moldovaya 700 milyon dollardan çox borcunu üç il ərzində ödəmək şərtilə əlavə 25% endirimlə bazar qiyməti təklif edib, lakin Moldova tərəfi qazın bazar qiymətindən iki dəfə aşağı olmasında israrlıdır. Rusiyanın "Kommersant" nəşrinə məlumat verən mənbə bunun səbəbini vəsait çatışmazlığı ilə əlaqələndirib.

“Qazprom” nümayəndəsi Moldovanın qazla imtahana çəkilməsində hər hansı siyasi motiv axtarılmasını istisna edir. Onun fikrincə, böhranın yeganə səbəbi iqtisadidir:

“Burada siyasət yoxdur, “Qazprom” səhmdar cəmiyyətdir və zərərlə işləyə bilməz, RF büdcəsinə vergi ödəmələrini itirə bilməz. Səbrin sərhədləri var. Moldova özü də öz əlləri ilə böhran yaradır”, - deyə “Qazprom” nümayəndəsi Kişinyovun borcdan yayınmaq üçün “Moldovaqaz”ı ləğv etməyi planlaşdırdığını bildirib və bundan təəccübləndiyini gizlətməyib.

O, həmçinin qeyd edib ki, "Qazprom" Kişinyova bir neçə güzəştli təkliflər verib, amma Moldova rəsmiləri bu təkliflərlə də razılaşmaq istəmirlər: “Yığılmış borclara baxmayaraq, Moldova tərəfi qaz tədarükü üzrə müqavilənin bu ilin oktyabr və noyabr ayları üçün uzadılmasını xahiş edir. "Qazprom" burada da kompomis təklif irəli sürüb. Moldova tərəfi oktyabr ayı üçün müqavilə imzalayıb bu ilin sentyabr və oktyabr ayları üçün tədarükləri tam ödəsə, “Qazprom” noyabr ayına qədər müqaviləni uzatmağa hazırdır".

Kupriyanov onu da vurğulayıb ki, ödənişlərin edilməməsi və yeni müqavilə üzrə danışıqların nəticəsiz qalması halında “Qazprom” dekabrın 1-dən Moldovaya qaz nəqlini tamamilə dayandıracaq.

“Qazprom”un bu qərarından sonra Kişinyov alternativ qaz qaynaqları axtarmağa başlayıb. Bildirilir ki, bu axtarışların ilk məqsədi cari kəsiri ödəməkdir. Moldovanın “Energocom” şirkəti qaz alışı hərracının başlandığını elan edib.

“Moldovada qaz sektorunda fövqəladə vəziyyət elan edilib. 100% dövlətə məxsus olan “Energocom” şirkəti Ukrayna və Rumıniya ilə Moldova sərhədinə qaz tədarük etmək üçün qaz almağa hazırlaşır. Buna görə də şirkət yaxın günlərdə və həftələrdə tədarükçülər üçün müxtəlif tenderlər təşkil edəcək”, - Moldova şirkətinin açıqlamasında deyilir.

Açıqlamada bildirilir ki, “Energocom”un kifayət qədər maliyyəsi var və şirkət öncədən də ilkin ödənişlər edə biləcək. “Energocom”un yeganə səhmdarı olan Dövlət Əmlak Agentliyi seçilmiş təchizatçılar üçün ödənişə zəmanət vermək üçün xüsusi məktub hazırlayacaq. Şirkətin tenderə dəvət etdiyi tədarükçülər arasında “Qazprom”-un adı isə yoxdur.

İddia olunur ki, iki gün davam edən hərracda hələlik heç bir şirkət Moldovaya qaz vermək istəməyib. Görünən budur ki, Moldova Avropaya inteqrasiya siyasətinin bədəlini qışda donmaqla ödəyəcək. Avropa isə Rusiyanın “Şimal axını-2” layihəsinin necə həyata keçirməyin hesabını aparır.

Ovqat.com

Geri qayıt