Əsas Səhifə > Dünya > Türk lirəsinin dəyər itirməsində siyasi amillər varmı?
Türk lirəsinin dəyər itirməsində siyasi amillər varmı?27-10-2021, 10:57 |
Türkiyə Respublikası Mərkəzi Bankının faiz qərarından sonra türk lirəsinin ucuzlaşması sürətlənib. Dollar və avro isə kritik hədləri keçərək kəskin yüksəlib. Bəs, məzənnənin qalxması türk vətəndaşlarına necə təsir edəcək? Ekspertlər mənzərənin bədbin olduğunu deyir. “Türkiyə qışı ağır keçəcək” deyən ekspertlərə görə, yeni inflyasiyanın olması qaçılmazdır. Ekspertlər vurğulayıb ki, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının faiz dərəcələrini iki bənd aşağı salması türk lirəsinin məzənnəyə nisbətdə dəyər itirməsini sürətləndirib. Bu gün məzənnə 9,62-dirsə, bu, TL-nin Mərkəzi Bankın real məzənnə indeksindən 55 faiz aşağı olması deməkdir. Bu isə respublika tarixində ən aşağı qiymətdir. Bəs, bu artımın Türkiyə iqtisadiyyatına təsiri necə olacaq? Türkiyənin bir çox maddələrdə idxaldan asılı olduğunu söyləyən ekspertlərə görə, qiymətlərin yenidən qalxması gözlənilir. Xüsusən də Türkiyədə yanacağın və qazın qiymətinin artacağı qaçılmazdır. Mütəxəssislər ərzaq qiymətlərində ciddi artım gözləyirlər. Türkiyədə istehsal 40 faiz ixracdan, 80 faiz isə idxaldan asılıdır. Sirr deyil ki, məzənnə yüksəldikcə xaricdən gətirilən xammalların qiymətləri də artır. Bu həm istehsal xərclərini artırır, həm də inflyasiyanı. Ekspertlər qeyd edir ki, artan məzənnə səbəbindən Türkiyə xarici borclara görə problem yaşaya bilər. Xüsusən də özəl sektorun xarici valyuta ilə borclarını ödəməkdə kəskin problemlər ortaya çıxa bilər. Qeyd olunur ki, Türkiyənin hazırda 200 milyard dollar xarici borcu var, lakin bunu ödəməsi çox çətindir. “Heç bir tədbir görülməsə, yoxsulluq artacaq” deyən iqtisadçılar struktur islahatlarının təcili aparılmasının vacibliyini vurğulayırlar. Mütəxəssislər qeyd ediblər ki, əgər tədbir görülməsə, xalq daha çətin vəziyyətə düşəcək. İdxal payı 40 faizdən 10 faizə endirilməsi tövsiyə olunur. Ekspertlər tövsiyə edir ki, Türkiyədə istehsal üçün investisiya infrastrukturu yaxşılaşdırılmalı, Mərkəzi Bankın müstəqilliyi təmin edilməli və hüquqi infrastruktur yaradılmalıdır. Bəs, türk lirəsinin ucuzlaşmasında siyasi faktorlar varmı? Sualımızı cavablandıran iqtisadçı-ekspert Fuad İbrahimov "Şərq"ə açıqlamasında vurğulayıb ki, iqtisadiyyatda siyasi göstəricilərin dolayı yolla müəyyən təsirləri olur. Ekspert qeyd edib ki, ancaq məzənnənin istənilən dünya valyutasının məzənnəsini formalaşdıran amillər qrupunda siyasi baxış yoxdur: "Siyasi davranışla, siyasi təsdiq olunan hər hansı sanksiya ilə dolayı yolla təsir edə bilər. Amma birmənalı şəkildə demək ki, siyasi məqam var, bu, iqtisadi nəzəriyyənin tələblərinə cavab vermir". Geri qayıt |