Əsas Səhifə > Dünya > Moldovada böhran: prezident Mayya Sandu Azərbaycandan kömək istədi

Moldovada böhran: prezident Mayya Sandu Azərbaycandan kömək istədi


29-10-2021, 10:02
Moldovada böhran: prezident Mayya Sandu Azərbaycandan kömək istədi
Moldova prezidenti Mayya Sandu ölkədə yaranmış kəskin yanacaq böhranı ilə bağlı Rumıniya, Polşa, Almaniya və Azərbaycandan kömək istədiyini bəyan edib. virtualaz.org xəbər verir ki, Avropa bazarlarında təbii qazın qiymətinin fantasik ölçülərdə artdığı bir vaxtda kasıb ölkə Moldova Rusiyanın “Qazprom” şirkəti ilə anlaşa bilmir və nəticədə yanacaq təchizatı ilə bağlı mürəkkəb vəziyyətlə üzləşib.

“Mən qaz böhranının aradan qaldırılması üçün Moldovanın əsas tərəfdaşlarından yardım istəmişəm və belə cavab almışam ki, respublikanın sakinləri bu böhran qarşısında tək qalmayacaqlar”,-prezident Sandu bildirib.

Moldova dövlət başçısı deyib ki, bu məsələni Vyanaya səfəri zamanı qaldırıb, habelə Avropa rəsmiləri ilə müzakirə edib. Prezident ümid etdiyini bildirib ki, onun ölkəsi tezliklə bu energetika böhranını aradan qaldıra biləcək.

Moldova “Qazprom”la 2008-ci ildə imzalanmış müqavilə üzrə Rusiyadan qaz alırdı, bu il sentyabrın 30-da müqavilənin vaxtı bitib. Tərəflər yeni şərtlərlə bağlı razılığa gələ bilməyiblər və iki dəfə müqavilənin müddətini bir aylıq uzadıblar. Üstəlik qazın min kubmetrinin qiyməti 790 dollardan hesablanıb. Rusiya şirkəti bildirir ki, Moldova indiyədək yığılıb qalmış 700 milyon dollarlıq borcunu ödəyəndən sonra bu ölkəyə qaz təchizatını davam etdirə bilər. Əks halda dekabr ayından “Qazprom” Moldovaya qaz təchizatını dayandıracaq.

Məlumatlara görə, Rusiya tərəfi eyham edir ki, Moldova nisbətən ucuz qiymətə qaz almaq istəyirsə özünün qərbyönümlü oriyentasiyasını dəyişməlidir və Moskvanın orbitinə qayıtmalıdır. Qərbyönümlü prezident Mayya Sandu isə bu şərti rədd edir.

Yaranmış vəziyyətlə bağlı Moldova parlamenti oktyabrın 22-də ölkədə fövqəladə vəziyyət elan edib, habelə Kişnyov Polşanın PGNiG və Niderlandın Vitol şirkətindən 1 milyon kubmetr qaz alıb. Əgər qaz təchizatında böhran aradan qaldırılmasa ölkədə elektrik enerjisi böhranı da başlayacaq.

virtualaz.org

Geri qayıt