Əsas Səhifə > Dünya > "Ukrayna hökuməti fərqindədir ki, birbaşa Rusiya ordusu ilə üz-üzə gəlmək gücündə deyil"
"Ukrayna hökuməti fərqindədir ki, birbaşa Rusiya ordusu ilə üz-üzə gəlmək gücündə deyil"3-11-2021, 08:22 |
Ukrayna ordusunun ilk dəfə “Bayraqdar” PUA-sından istifadə edərək, Donbasda düşmən haubitsasını məhv etməsi münaqişənin aktiv fazaya keçmə ehtimalını gücləndirib. Ukrayna nə yolla olur-olsun, ərazi bütövlüyünü təmin etməyə, siyasi cəhdlərlə bərabər, ordusunu da gücləndirməyə çalışır. Eyni zamanda müəyyən strateji kəndləri nəzarətə götürməyə səy göstərir. Artıq Ukrayna ordusu bir kəndi ələ keçirib. Təbii ki, baş verənlər Rusiyanı ciddi şəkildə narahat edir. Ukrayna sərhədinə Rusiyanın ordu cəmləməsi barədə məlumatlar yayılmaqdadır. Moskvanın bu istiqamətə ”İsgəndər” raketləri göndərdiyi barədə videolar sosial şəbəkələrdə yayılıb. Rusiya rəsmiləri açıqlama verirlər ki, Kiyev Kremli birbaşa münaqişəyə cəlb etməyə çalışır. Məsələ ondadır ki, Rusiya Ukrayna ilə açıq müharibəyə başlasa, bütün sivil dünya ukraynalılara dəstək verəcək, bu isə Kremlin qətiyyən arzulamadığı bir vəziyyətdir. Ancaq Moskva birbaşa qarşıdurmadan yayınsa da, Donbas separatçılarını cidd-cəhdlə dəstəkləyir. Bu dəstək həm hərbi, həm də siyasi-iqtisadi müstəvidədir. Bu arada Ukrayna lideri Vladimir Zelenski Rusiyaya sanksiyaları genişləndirib. Sanksiya siyahısına Krımda Rusiya Dövlət Dumasına seçkiləri təşkil edən şəxslər əlavə edilib. Ukrayna-Rusiya gərginliyi ilə bağlı “Şərq”ə danışan AĞ Partiyanın sədr müavini, politoloq Əhəd Məmmədli deyib ki, tərəflər arasında gərginlik müəyyən dövrlərdə arta, hətta daha kəskin hal ala bilər. Amma Şərqi Donbasda genişmiqyaslı hərbi-əməliyyatların başlanma ehtimalı zəifdir: “Rusiya birmənalı bəyan edib ki, əgər Kiyev öz qoşunlarını separatçıların nəzarətində olan bölgələrə yeridərsə, rus qoşunları dərhal müdaxilə edəcək. Ukrayna hökuməti fərqindədir ki, birbaşa Rusiya ordusu ilə üz-üzə gəlmək gücündə deyil. Rəsmi Kiyevdə, indiki iqtidarda siyasi iradə görmürəm. Bunun başqa səbəbləri də var. Ukrayna Qərb ölkələrindən kifayət qədər dəstək görmür. Almaniya və Fransa kimi Avropa ölkələri Kiyevə etiraz edir, Ukraynanın öz ərazi bütövlüyü uğrunda mübarizə aparmasına, separatçılara qarşı çıxmasına narazılıq bildirir. ABŞ da lazım olan səviyyədə Ukraynanın yanında dayanmır”. Ə.Məmmədliyə görə, yeganə ölkə Türkiyədir ki, həqiqətən Kiyevi dəstəkləyir, müasir silah-sursatla təmin edir: “Ancaq reallıq odur ki, Ankaranın Moskva ilə münasibətləri də normaldır və tərəflər mövcud əməkdaşlığı nəzərə alırlar. Yəni Moskva-Kiyev münasibətləri gərgin olaraq qalacaq və hər iki tərəf bir-birini sərt şəkildə ittiham edəcəklər. Lakin ən azı indiki dönəmdə Ukraynanın genişmiqyaslı hərbi əməliyyatlara başlayacağı ehtimalı çox zəifdir. Yanında yetərli dəstəyi olmayan heç bir dövlət Rusiyanı qarşısına almaz”. Geri qayıt |