Əsas Səhifə > Dünya > Moskva ikibaşlı “miqrant qamçısı”nı yerə qoymur: Gedin! Qalın...

Moskva ikibaşlı “miqrant qamçısı”nı yerə qoymur: Gedin! Qalın...


4-11-2021, 08:42
Moskva ikibaşlı “miqrant qamçısı”nı yerə qoymur: Gedin! Qalın...
“Moskva miqrantsız həyata öyrəşməlidir. Biz çalışmalıyıq ki, paytaxtda olan kadr çatışmazlığını öz vətəndaşlarımızın hesabına təmin edə bilək. Hazırda bununla bağlı proqram sənədi hazırlanır. Həmin sənəd yerli əhalinin hesabına kadr çatışmazlığını aradan qaldırmağa zəmin yaradacaq”.

Belə bir açıqlama ilə Rusiya paytaxtının şəhərsalma siyasəti və tikinti üzrə vitse-meri Andrey Boçkarev çıxış edib. Deyib ki, bütün bu işlər mərhələli şəkildə həyata keçiriləcək. İddialara görə, Moskvada başlayan proses ardınca Rusiyanın digər şəhərlərinə də sirayət edəcək.

Qeyd edək ki, milyonlarla miqrant soydaşımız hazırda Rusiyada çalışır. Onların əksəriyyəti Azərbaycanda yaşayan qohumlarını da maddi cəhətdən təmin edir, bununla da ölkəmizə valyuta axını gətirirlər. Miqrantlarla bağlı sərt qərar verilərsə, bu, yaxın gələcəkdə onların ölkəyə qayıtmasına, işsizlik böhranına və sosial problemlərin dərinləşməsinə səbəb ola bilərmi?

AYNA Rusiyada yaşayan soydaşlarımızın fikirlərini öyrənib.

Moskva ətrafında yaşayan və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan Əfruz Niftili deyib ki, hazırda onlara qarşı hər hansı təzyiq yoxdur: “Əslində qərib ölkədə yaşayıb, fəaliyyət göstərirsənsə, onsuz da təzyiq altındasan. Çünki digər dövlətlərdə olduğu kimi, Rusiya da ilk növbədə öz vətəndaşlarını düşünür. Bizim bəxtimiz onda gətirib ki, ruslar daha çox elitar işlərə meyllidirlər”.

“Misal üçün, hüquq-mühafizə orqanlarında çalışmaq, vəkillik, müəllimlik, həkimlik - bu cür işlər onlar üçün daha cəlbedicidir. Bu səbəbdən ticarətə çox da meyl etmirlər. Lakin bizneslə məşğul olan bacarıqlı ruslar sürətli kareyra yolu keçirlər. Onlara xüsusi güzəştlər edilir. Banklar kredit ayırırlar, bir sözlə, hər bir şərait yaradılır. Lakin Rusiya hökuməti kadr çatışmazlığı problemini həll edə bilmir. Görünən odur ki, bundan sonra da edə bilməyəcək. Bu, elə də asan məsələ deyil”, - deyə həmsöhbətimiz bildirib.

Niftilinin sözlərinə görə, ən böyük arzuları Azərbaycana qayıtmaqdır: “Mütəmadi olaraq vətənə gəlib-gedirik. Ən böyük arzumuz isə öz ölkəmizdə yaşamaq, çalışmaqdır. Çox təəssüf ki, bu arzumuzu həyata keçirə bilmirik. Bunun da öz növbəsində obyektiv və subyektiv səbəbləri var. Bir səbəb bizim uzun müddət kənarda qalmağımız və bu səbəbdən ölkə bazarına bələd olmamağımızdırsa, digər səbəb Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa real şəraitin olmamasıdır”.

Moskva şəhərində yaşayan Atatürk Kamallı da sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Onun dediyinə görə, burada elitar sahələrdə təmsil olunmaq asan məsələ deyil: “Çünki bu vəzifələrə rusları və uzun müddətdir burada yaşayan digər xalqların nümayəndələrini təyin edirlər. Moskva meriyasının rəsmisinin açıqlaması ilə tanış oldum. Onlar ilk dəfə deyil ki, belə fikir səsləndirirlər. Təbii ki, Rusiya hökumətinin imkanı olsa, miqrantları sıxar, onları geri dönməyə təşviq edərdi. İndiki halda isə bunu etsələr, böyük işsizlik problemi yaşayarlar”.

Həmyerlimiz Rusiyada normal şərait qura bildiklərini qeyd edib: “Biz buraya gələnə qədər uzun müddət Azərbaycanda yaşamışıq. Əgər öz potensialımızı ölkəmizdə reallaşdıra bilsəydik, təbii ki, buralara qədər gəlib çıxmazdıq. Şükürlər olsun ki, özümüzü də, ailəmizi, eyni zamanda Azərbaycanda yaşayan valideynlərimizi də maddi cəhətdən təmin edə bilirik. Hazırkı vəziyyətimizdən şikayətçi deyilik. Ara-sıra miqrantlara qarşı müəyyən təzyiqlər olsa da, bu, intensiv xarakter daşımır. Bir daha söyləmək istəyirəm ki, bunu etmək üçün insan resursları çox azdır”.

Uzun müddət Sankt-Peterburqda yaşayan Barat İmaninin dediyinə görə, Rusiya miqrantlar məsələsindən təzyiq vasitəsi kimi istifadə edir: “İlk dəfə deyil ki, belə münasibət ortaya qoyurlar. Bundan öncə də belə açıqlamalar olub. Yəqin ki, bundan sonra da olacaq. Təbii ki, Rusiya hökumətinin imkanı olsaydı, bu təzyiqləri daha da artırardı. Lakin bu gün Rusiya iqtisadiyyatı həm də miqrantların hesabına ayaqdadır. Şimal qonşumuzda ciddi kadr çatışmazlığı hökm sürür və bu vəziyyət demək olar ki, bütün şəhərlərdə belədir. Hesab edirəm ki, miqrantların kütləvi şəkildə geri qaytarılması mümkün deyil. Belə olarsa, Rusiyada biznes sektoru faktiki olaraq çökər”.

Soydaşımız deyib ki, əvvəlki dövrlərdən fərqli olaraq artıq azərbaycanlılara münasibət də dəyişib: “Qabaqlar soydaşlarımıza daha çox bazarda çalışan, xırda ticarətçilər kimi yanaşırdılarsa, bu gün artıq belə deyil. Demək olmaz ki, çox ciddi fərq hökm sürür, lakin artıq münasibətlər əvvəlki kimi deyil. O səbəbdən ki, dünyada biznes yanaşması dəyişib, iş fəaliyyəti müasirləşib və bu, Rusiyada da özünü göstərir. Vaxtilə bazarlarda çalışan soydaşlarımız bu gün sahibkara çevriliblər və yaşadıqları şəhərlərin sosial-iqtisadi həyatında yaxından iştirak edirlər”.

Rusiyanın Norilsk şəhərində yaşayan və sürücü işləyən İlham Əhmədov isə bildirib ki, bu şəhərə giriş-çıxış üçün xüsusi icazə olmalıdır: “Norilsk şəhəri qapalı şəhər statusundadır. Bu şəhərə ancaq Rusiya vətəndaşları və xüsusi icazə olan şəxslər daxil ola bilərlər. Sənaye şəhəri olduğuna görə havaya böyük miqdarda zəhərli qaz buraxılır və insanların səhhətində ciddi problemlər yaranır. Orta yaş müddəti isə 50 ildir. Əksər soydaşlarımız bu uzaq Rusiya diyarında özləri işləsələr də, ailələrini Azərbaycanda saxlamağa üstün tuturlar. Bu yolla özlərini riskə atsalar da, övladlarını xəstəlik riskindən qorumağa çalışırlar”.

Həmsöhbətimizin sözlərinə görə, şəhərdə çoxlu sayda zavod və fabrik fəaliyyət göstərir: “Ən böyuk zavod Norilsk Nikel Zavodudur. Bu zavod Rusiya iqtisadiyyatında xüsusi əhəmiyyətə malikdir və şirkətin sahibi Vladimir Potanin ölkənin ən zəngin iş adamlarındandır. Alıcılıq qabiliyyəti çox yüksəkdir, işləyən, zəhmət çəkən insanlar yaxşı pul qazanırlar. Məhz elə buna görə də o zəhəri udmağa, həyatını təhlükə altına atmağa razı olurlar”.

Geri qayıt