Əsas Səhifə > Dünya > Türkiyə Suriyanın şimalında kiçikmiqyaslı əməliyyatlara başladı:

Türkiyə Suriyanın şimalında kiçikmiqyaslı əməliyyatlara başladı:


4-11-2021, 10:03
Türkiyə Suriyanın şimalında kiçikmiqyaslı əməliyyatlara başladı:
Rusiyanın Suriya hava sahəsini Türk Silahlı Qüvvələrinə bağlamasına baxmayaraq, Türkiyə və ona bağlı Suriya Milli Ordusunun Fərat çayının şərqində kiçikmiqyaslı hərbi əməliyyatlara başladığı bildirilir.

Ovqat.com-un yerli qaynaqlara istinadən verdiyi məlumatına görə, Türkiyə Ordusu və bağlı qüvvələr dünən “Barış pınarı” bölgəsində kürd separatçılarından təşəkkül tapan Suriya Demokratik Qüvvələrinə (SDQ) məxsus ərazilərə pilotsuz təyyarələrlə zərbələr endirib.

Bildirilir ki, Türkiyə kəşfiyyatı Rakkanın şimalında da əməliyyatlar həyata keçirir.

Suriya İnsan Haqları Müşahidə Qrupunun iddialarına inansaq, Türk silahlı dronları Tel-Abyadın qərbində Rəsulayn – Tel-Təmr – Həsəka xətti boyunca separatçı qrupların hədəflərinə silahlı dronlarla zərbələr endirib. Tel-Təmr və Əbu Rasin arasındakı yolda yerləşən Kozliya kəndi yaxınlığındakı terror yuvalarının da hədəfə alındığı bildirilir.

Rusiyanın Suriyadakı Hava Hücumlarından Müdafiə sistemləri işlək vəziyyətdə olsa da, Türk silahlı qronlarının Həsəkaya qədər ərazilərdə hərbi əməliyyat keçirməsi yalnız bir səbəblə açıqlanır – Türk dronlarının radara yaxalanmaması ilə. Yerli mənbələr Həsəka çölündə Əl-Malikiya şəhəri yaxınlığındakı sursat anbarında partlayışın baş verdiyini, böyük ehtimalla, bunun Türk pilotsuz təyyarələrin bombalanması nəticəsində meydana gəldiyini bildirirlər. Partlayışın səbəbinin tam müəyyənləşdirilə bilinməməsi də yuxarıdakı iddianı təsdiqləyir.

TSQ-nın və ona bağlı döyüşçülərin Kürd Xalq Mühafizəsinə qarşı mümkün hərbi əməliyyata başlaması qorxusu və hərbi hərəkatların artması nəticəsində Suriya Demokratik Qüvvələrinin bölgədəki bir sıra qərargahları boşaltdıqları da gələn bilgilər arasındadır.

Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, Türkiyə kəşfiyyatı dünən Rakkanın şimalında Türkiyə ilə həmsərhəd bölgələrində təhlükəsizlik əməliyyatı keçirərək bəziləri naməlum elementləri hədəfə alıblar. Şiddətli toqquşmalardan sonra terrorçulardan bir neçəsinin həbs edilib naməlum istiqamətə aparıldığı qeyd olunub.

Türkiyənin kiçikmiqyaslı hərbi əməliyyatlara başlaması ilə bağlı xəbərlər Pentaqonda da müzakirə mövzusuna çevrilib. Dünən media qarşısına çıxan Pentaqonun sözçüsü Con Kirbi Türkiyə rəsmilərinin Suriyanın şimalında SDQ-nin mövqelərinə qarşı yeni hərbi əməliyyata başlamaq təhdidləri ilə əlaqədar suala cavab verməkdən yayınıb.

Əməliyyatların artıq başlaması barədə iddialara isə Kirbi belə cavab verib: “Hərbi əməliyyatlarla bağlı çoxlu spekulyasiyalar var. Baş verdiyi bildirilən hadisələr Pentaqonun nəzarətindən kənardadır, ona görə də mənim bu iddialar haqqında deyəcək heç bir fikrim yoxdur. Türklərin nə edib-etmədiyini Ankaradakı rəsmilərdən soruşun”.

Kürd qaynaqlarından verilən digər məlumatlara görə, Türk Ordusunun hələ genişmiqyaslı əməliyyatlara başlamaması təsadüfi deyil. İddia olunur ki, Ankara PKK/YPG qüvvələrinin Rusiyanın vasitəçiliyi ilə Suriya rejimi arasında aparılan danışıqların nəticələrini gözləyir. İddialara inansaq, Rusiya kürd separatçılarının müstəqillik xülyasından vaz keçmələri və Suriya rejiminin hegemonluğunu qəbul etmələri üçün 4 təklif irəli sürür.

Bölgədə yalnız Suriyanın bayrağı dalğalanacaq;
Bölgənin neft və qaz gəlirlərinin 75%-i Dəməşqə çatacaq. Suriyanın şimalında məskunlaşan kürdlər isə neft gəlirlərinin 25%-i ilə kifayətlənəcək;
Separatçılar Bəşər Əsəd rejiminin legitimliyini tanıyacaqlar;
Dəməşq də öz növbəsində kürdlərə qismi muxtariyyatlıq verəcək.

Məlumata görə, separatçılar bundan əlavə, kürdlərin milli hüquqlarının tanınmasına və Suriya Demokratik Qüvvələrinin (SDQ) təhlükəsizliyinin qorunmasına zəmanət verilməsini istəyiblər. Rusların cavabı isə belə olub: bu kimi məsələlər başlayacaq danışıqlar zamanı müzakirə masasına yatırıla bilər.

Moskvanın fikrincə, kürd separatçılarının bu şərtləri qəbul etməsi Türkiyəni rahatlada bilər. Əks halda TSQ-nın və ona bağlı Suriya Milli Ordusunun hərbi əməliyyatlara başlaması qaçılmaz ola bilər.

Mənbələr ABŞ-ın da prinsip etibarilə Rusiyanın kürd separatçıları ilə Dəməşq arasında dialoqa dair ilkin şərtlərinə qarşı olmadığını da bildiriblər. Separatçılar isə Bəşər Əsəd rejimi ilə birbaşa özlərinin danışıqlar aparmasında və heç kimin araya girməməsində maraqlıdırlar. Demokratik Birlik Partiyasının (PYD) həmsədri Aldar Xəlil bir neçə gün əvvəl rejimlə aralarındakı problemlərin həll yolunun tapılması lazım olduğunu vurğulayaraq, Suriya hökuməti ilə birbaşa dialoqa hazır olduqlarını bəyan edib. “Başqa bir formul üzərində düşünürük", - deyə o bildirib.

Geri qayıt