Əsas Səhifə > Dünya > Donbass təşviş içində: Ukraynanın “Qarabağ” ssenarisi
Donbass təşviş içində: Ukraynanın “Qarabağ” ssenarisi6-11-2021, 13:30 |
Donetskdə mülki əhali hərbi təmas xətti boyunca yerləşən yaşayış məntəqələrini tərk etməyi planlaşdırır. Ovqat.com-un məlumatına görə, separatçı rejimə məxsus sosial şəbəkələrdə bu barədə bildirilir. Bildirildiyinə görə, Ukraynanın son həftələrdə başlatdığı kiçik miqyaslı əməliyyatlar Donbassda ciddi təşvişə yol açıb. “Bu təşviş ilk növbədə, Ukrayna Silahlı Qüvvələrinin nəinki Donetskin cənubunda milislərin müdafiəsini yarması, həmçinin əhəmiyyətli bir bölgəni mühasirəyə ala bilməsi ilə bağlı yaranmış ciddi risklərdən qaynaqlanır. Problemlə bağlı açıqlama verən DXR könüllülərinin özləri də etiraf edirlər ki, bu tendensiya kritik vəziyyətə işarə edir”, - Rusiyanın Avia.pro nəşri yazır. Nəşr Donbassdakı könüllü döyüşçülərin fikirlərinə də yer verib. Andrey Lisenko adlı könüllü sayta açıqlamasında deyib: “Bu gün mənə Stila və Yasnoyedən zəng gəldi. İnsanlar informasiya çatışmazlığı fonunda texnikaların uğultusunu, mərmi atışlarını eşidirlər. Çoxları yenidən çamadanlarını yığıb, bölgədən qaçmağa hazırlaşır. Sakinləri ən çox qorxudan isə tikə-tikə doğranacaqları və mühasirəyə düşəcəkləri ehtimalıdır". Yerli ekspertlərin fikrincə, Ukrayna Silahlı Qüvvələrinin DXR-in mövqelərinə güclü zərbələr endirməsi də əslində bu cür çaxnaşmalar yaratmaq və əvvəl mülki əhalinin, sonra isə separatçı respublikanın müdafiəçilərinin geri çəkilməsinə nail olmaq məqsədinə xidmət edir. Bu mənada Kiyevin öz məqsədinə çatdığını düşünən müşahidəçilər yaranmış vəziyyətin Ukrayna Silahlı Qüvvələrinə sürətli hücum keçirmək və əhəmiyyətli əraziləri ələ keçirmək imkanı verdiyindən narahatdırlar. “Özünü elan etmiş respublikalar üçün ən pis ssenari kütləvi panikadır. Ukrayna pilotsuz təyyarələrinin zərbələri buna kömək edir, çünki DPR və LPR-də bu dronlara qarşı çıxara biləcəkləri silahlar yoxdur. Əgər Ukrayna Silahlı Qüvvələri onlardan kütləvi şəkildə istifadə etməyə başlasa, o zaman panikanın qarşısını almaq ümumiyyətlə mümkün olmayacaq və Kiyev bir il əvvəl Qarabağda həyata keçirilən ssenarini olduğu kimi həyata keçirə bilər”, - deyə adı çəkilməyən ekspert Avia.pro-ya açıqlamasında bildirib. Geri qayıt |