Əsas Səhifə > Dünya > Baş nazir Molla Məhəmməd ilk dəfə publika qarşısına çıxdı

Baş nazir Molla Məhəmməd ilk dəfə publika qarşısına çıxdı


29-11-2021, 09:54
Baş nazir Molla Məhəmməd ilk dəfə publika qarşısına çıxdı
Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən 3 ay sonra Talibanın baş naziri ilk dəfə ictimai çıxışını edib. Talibanın həmtəsisçisi olan Molla Məhəmməd Həsən Axund dövlət televiziyasında yayımlanan müraciətində bir sıra məsələləri işıqlandırıb.

“Biz bütün ölkələri əmin edirik ki, onların daxili işlərinə qarışmayacağıq və onlarla yaxşı iqtisadi əlaqələr qurmaq istəyirik”, - deyə Axund 30 dəqiqəlik çıxışında bildirib.

Taliban avqustun ortalarında ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq qüvvələr 20 illik müharibədən sonra ölkədən geri çəkilərkən hakimiyyəti ələ keçirib. Hazırda ölkədə artan inflyasiya, işsizlik və onsuz da kövrək olan iqtisadi böhran yaşanır. Milyonlarla əfqan, o cümlədən uşaqlar aclıq içərisindədir.

“Biz bütün beynəlxalq xeyriyyə təşkilatlarından xahiş edirik ki, yardımlarını əsirgəməsinlər və taqətdən düşmüş xalqımıza kömək etsinlər... insanların problemləri həll olunsun”, - Talibanın baş naziri əlavə edib.

O bəyan edib ki, Birləşmiş Ştatlar Əfqanıstanın mərkəzi bankının ehtiyatlarının təxminən 10 milyard dollarını sərbəst buraxsa, ölkədəki iqtisadi böhran həll olunacaq. Molla Məhəmməd əlavə edib ki, əfqanlar əvvəlki korrupsioner hökumətin nəticəsi olduğunu iddia etdiyi ölkənin problemlərində Talibanın günahkar olduğuna inanmamalıdırlar.

Qeyd edək ki, Taliban bir tərəfdən beynəlxalq ictimaiyyət qarısında legitimlik qazanmağa və beynəlxalq yardımları cəlb etməyə çalışır, lakin digər tərəfdən Əfqanıstandan hər gün taliblərin orta əsrlərə aid şəriət qaydaları əsasında insanlara zülm etdiyi barədə xəbərlər gəlir. Hələlik heç bir ölkə Taliban hakimiyyətinin legitimliyini tanımayıb və Əfqanıstanın yeni hakimiyyəti ilə münasibətlər qurmaqda tərəddüd edir.

Geri qayıt