Əsas Səhifə > Dünya > Krımı Rusiyaya birləşdirmək planı genişləndi
Krımı Rusiyaya birləşdirmək planı genişləndi7-03-2014, 09:56 |
Ukraynanın Krım yarımadasında yerləşən Sevastopol şəhərində Rusiyanın tərkibinə daxil olmaq qərarı çıxarılıb. “Media forum” saytının məlumatına görə, martın 6-da Sevastopol Şəhər Şurasının çıxardığı başqa bir qərara görə, əhali Krım Muxtar Respublikasında keçiriləcək referendumda iştirak edəcək. Sevastopol şəhəri Krım yarımadasında yerləşsə də, muxtar respublikaya daxil deyil. Bu şəhərdə Rusiyanın Qara Dəniz Hərbi Donanmasının qüvvələri var. Ötən ayın sonunda Rusiya ordusu Krımı işğal edib və bölgədə Moskvanın adamları hakimiyyətə gətirilib. Martın 6-da Krım parlamenti bölgənin Rusiya Federasiyasına birləşdirilməsi haqqında qərar qəbul edib. Parlamentin başqa bir qərarına əsasən, martın 16-da yarımadada referendum keçiriləcək. Referenduma çıxarılan bir sual Krımın Rusiyaya birləşdirilməsi, digəri bölgənin muxtariyyətinin daha geniş olduğu 1992-ci il konstitusiyasına qayıtmaq barədədir. Ukrayna prezident səlahiyyətlərini icra edən Aleksandr Turçinov Kiyevin Krımda referendum keçirmək qərarını ləğv etdiyini açıqlayıb. ABŞ prezidenti Barak Obama özəl açıqlama yayaraq Krımda planlaşdırılan referendumun Ukrayna Konstitusiyasına və beynəlxalq hüquqa zidd olduğunu deyib. O, Ukraynanın ərazi bütövlüyü və suverenliyinin pozulması, Ukrayna xalqına məxsus sərvətin oğurlanmasına görə məsuliyyət daşıyan fərdlərə, qurumlara qarşı sanksiyaların tətbiqinə icazə verən sərəncam imzalayıb. ABŞ prezidenti bildirib ki, demokratik dövlət rəhbərlərinə saymazyana yanaşıb hansısa sərhədləri təzədən cızmaq dövrləri çoxdan keçib. Avropa İttifaqı liderləri isə martın 6-da Brüsseldə bir araya gələrək Rusiya ilə geniş əməkdaşlığa yol açacaq razılaşma və viza anlaşması ilə bağlı danışıqları təxirə salmağa qərar veriblər. “Azadlıq” radiosunun məlumatına görə, Avropa İttifaqının prezidenti Herman Van Rompey deyib ki, Moskva yaxın bir neçə gündə Kiyevlə danışıqlara başlamasa, Brüssel başqa addımları da nəzərdən keçirəcək. Bunlar səhmlərin dondurulması, səfər qadağaları, Avropa İttifaqı-Rusiya sammitinin ləğvi ola bilər. Herman Van Rompey Krımın Rusiya yönlü parlamentinin bölgənin statusu haqda referendum keçirmək qərarını qanunsuz adlandırıb. Geri qayıt |