Əsas Səhifə > Dünya > PKK kartı kimin cibindədir?

PKK kartı kimin cibindədir?


Bu gün, 15:22
PKK kartı kimin cibindədir?
Dövlət Baxçalının Öcalanla bağlı “terrorçubaşının təcridi qaldırılırsa, gəlsin TBMM-də DEM Partiyasının qrup toplantısında danışsın, terrorun tamamilə bitdiyini və təşkilatın (PKK) ləğv edildiyini elan etsin” açıqlaması müxtəlif formalarda şərh edilsə də, özündə iki vacib məqamı ehtiva edir.
1. Bu, Baxçalının yox, Ərdoğanın - Türkiyə dövlətinin mövqeyidir;
2. Türkiyə yarım əsrlik terror probleminin həlli istiqamətində növbəti mərhələyə start verməyə çalışır;
Öcalan planını Ərdoğan, yaxud AKP-dən olan hansısa rəsmi şəxs yox, məhz MHP lideri Dövlət Baxçalı açıqlamalı idi. Çünki PKK-ya qarşı mübarizə millətçi kəsimin “qırmızı xətti” olub və çağırışın AKP qanadından edilməsi millətçilərin qarşı çıxmasına, hakim ittifaqın zədələnməsinə səbəb ola bilərdi. Baxçalının danışması millətçi kəsimin tam dəstək verməsə belə, sərt reaksiyasının qarşısını almış oldu.
Türkiyə siyasətində “zəlzələ effekti” yaradan Öcalan çağırışının PKK-ya qarşı mübarizə planında konkret hədəflərə hesablandığı bəllidir.
Birincisi, PKK ideologiyasının Türkiyə siyasətində ləğv edilməsidir.
Türkiyə terror təşkilatının məhv edilməsi istiqamətində praktiki nəticələr əldə edib, istər PKK-ya qoşulanların sayının ciddi şəkildə azalması, istər daxili və sərhəd təhlükəsizliyinin gücləndirilməsi real vəziyyəti izah edir. Hərçənd, terror təşkilatının ideologiyasının Türkiyə siyasətində davam etdiyi, keçmiş HDP lideri Dəmirtaşın terrora açıq dəstəyə görə həbs edilməsi belə bu reallığı dəyişdirmədiyi ortadadır. Öcalanın TBMM-də PKK-nın ləğv edildiyini elan etməsi, terror təşkilatına bağlı ideologiyanın siyasi müstəvidə də zəifləməsinə zəmin yarada bilər.
İkincisi, AKP-MHP ittifaqının PKK və ona bağlı siyasi qüvvələri parçalamaq gedişidir. Bu kontekstdə Baxçalının “Nə Qəndil, nə də Ədirnə: ünvan İmralıdan DEM-ə uzansın, bu ağır və tarixi terror problemi ölkə gündəmindən tamamilə çıxarılsın” sözləri diqqət çəkir. MHP lideri Qəndil dedikdə PKK-nın danışıqlara, hətta Öcalana qarşı çıxan lideri Cəmil Bayakı, Ədirnə dedikdə, həbsdə olan keçmiş HDP lideri Səlahəddin Dəmirtaşı nəzərdə tutur. Buna nail olarlarsa:
- “kürd məsələsi”ni Qəndilin nəzarətindən çıxara, PKK-nın siyasi müstəviyə təsirini aradan qaldıra bilərlər;
- hətta plan tam effekt verməsə belə, bu, “kürd məsələsi” üzərindən siyasət aparan və terror aktı törədən qrup daxilində parçalanma yaradacaq: Türkiyə DEM və Öcalandan Qəndil və onun siyasi müstəvidəki qruplarına qarşı alternativ kimi istifadə edə biləcək;
- belə bir parçalanma Türkiyə siyasətində “kürd məsələsi” ətrafındakı elektoratın da bölünməsinə səbəb ola, müxalifətin səslərini azalda, yaxud bu səsləri bölə bilər;
- Və “kürd məsələsi” kartının, bunuTürkiyəyə qarşı istifadə edən kənar qüvvələrin də əlindən alınması imkanı yarana bilər;
Mümkündür ki, Baxçalının çıxışından öncə Öcalan və DEM-lə müzakirələr aparılıb və müəyyən razılaşmalar əldə edilib. DEM-in TUSAŞ terroruna reaksiyası bu fikri gücləndirən detaldır. PKK-nın terror aktı törətməsi də mümkün anlaşmaya qarşı “müqavimət cəhdi”dir. Və terror aktlarının davam edəcəyi gözləntisini yaradır. Çünki DEM-Öcalan planı təkcə Qəndilin təsir rıçaqlarını zəiflətmir, həm də PKK kartından istifadə edən güclərə sərfəli deyil.

Asif Nərimanlı - "DİA-AZ"

Geri qayıt