Qarabağa gedən türkiyəlilərdən Bakıya daha bir xəyanət - "Türkiyə Ermənistanla sərhədləri indi açmalıdır"
Tarix: 30-09-2017, 12:13 |
Çap et
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edən Türkiyə vətəndaşları – HDP-nin keçmiş İstanbul millət vəkili Ufuk Uras, yazar Sait Çetinoğlu, jurnalistlər Əli Bayramoğlu və Erol Katırcıoğlu qondarma “DQR” rejiminin “Artsakhpress” qəzetinə açıqlama verib.
Publika.az xəbər verir ki, U.Uras Türkiyəni öz tarixi ilə üzləşməyə və qondarma “erməni soyqırımı”nı tanımağa çağırıb.
U.Uras Azərbaycanı da təhdid edərək, “Qarabağ münaqişəsinin müharibə yolu ilə həllinin olmadığını” iddia edib.
O, Qarabağa qanunsuz səfər etdiyinə görə, Azərbaycanın “qara siyahısı”na düşməkdən qorxmadığını da bildirib.
“Yağışa düşənin islanmaqdan qorxusu yoxdur”, - deyə o qeyd edib.
Türkiyədə əksər insan tərəfindən vətən xaini elan edilən U.Uras iddia edib ki, “Qarabağ problemi “erməni soyqırımı” ilə əlaqəlidir.
“Hesab edirəm ki, Türkiyə Ermənistanla sərhədləri indi açmalıdır”, - deyə o Azərbaycana qarşı çıxışını davam etdirib.
Qeyd edək ki, Azərbaycan Qarabağa qanunsuz səfər edən Türkiyə vətəndaşlarının həbs olunaraq, məhkəmə qarşısına çıxarılmasını istəyir. Türkiyə ictimaiyyəti də bu tələbi dəstəkləyir.