Gədəbəy sakinləri prezidentə icra başçısı ilə bağlı müraciət ünvanladılar - «Gədəbəylilərin «Ramiz Yediyarov» adlı probleminin »…
Tarix: 19-03-2015, 12:25 |
Çap et
DİA.AZ: - Redaksiyamıza müraciət edən Gədəbəy rayon sakinlərinin narazılığı icra başçısındandır. DİA.AZ-a danışan Gədəbəy sakini Vasif Əliyev bildirir ki, Ramiz Yediyarov bu gün rayonda elə bir mühit yaradıb ki, onun icazəsi olmadan bir kişinin evinə belə bir manat qazanıb aparması da müşkülə çevrilib.
Narazı vətəndaşın dia-az.life-a söylədikləri: «Neçə müddətdir ki, fermer təsərrüfatı qurmaq istəyirəm. Əvvəllər Rusiyada yaşayırdım. Məlum böhrandan sonra Rusiyadakı biznesimi satıb vətənə qayıtdım. Ümid edirdim ki, burada biznes quracam.
Başçı məni rəsmən aldatdı. İki dəfə onun adamlarına ayrı-ayrılıqda 20 min manat pul versəm də, mənə ferma qurmağa lazım olan sənədləri vermədilər. İndi bilmirəm hara şikayət edim.
Başçının qəbuluna düşmək də çətindir».
Başqa bir Gədəbəy sakini isə dia-az.life-a müraciətində bildirir ki, Ramiz Yediyarov rayonda «qoçu dəstələri» saxlayır: «Kim başçının əleyhinə danışırsa, açıq şəkildə hədələnir. Gədəbəyi sanki Azərbaycandan ayırıb bu adam. Burada Azərbaycanın yox, Yediyarovun qanunları işləyir».
Sakinlər bildirirlər ki, onlar mətbuat vasitəsilə prezidentdən kömək istəyirlər: «Cənab prezident. Bizim Sizdən başqa arxamız, dayağımız yoxdur. Sizə ümidliyik. Bizə kömək edin və gədəbəylilərin «Ramiz Yediyarov» adlı probleminin aradan qaldırılmasına göstəriş verin».
Qarşı tərəfi də dinləməyə hazırıq…