Əsas Səhifə > Hadisə, Manşet > "62 yaşım var deyə əzab çəkməliyəm"

"62 yaşım var deyə əzab çəkməliyəm"


19-05-2015, 10:15
"62 yaşım var deyə əzab çəkməliyəm"
Ölkəmizdə dövlət qurumlarının yerlərdəki bəzi idarə və müəssisələri özbaşınalıqlara yol verirlər. Ölkə başçısının apardığı daxili və xarici siyasəti gözdən salmağa çalışırlar. Bəzi məmurlar vətəndaşların problemlərini dinləmirlər, onları narahat edən məsələlərin həllinə çalışmırlar. Bu da ondan irəli gəlir ki, vətəndaşlarla bəzi məmurlar arasında sanki bir sədd çəkilib.

Sakinlərdən uzaq olmağa çalışırlar. Bir az varlanan kimi nə vətəndaşları sayırlar, nə də onların problemlərini yoluna qoyurlar. Bu cür soyuqluq isə vətəndaşları çıxılmaz duruma salır. Təəssüf ki, məmurların vəzifələrində və hərəkətlərində yol verdikləri neqativ hallar bəzən daha böyük narazılıqlara gətirib çıxarır. Çox vaxt vətəndaşlar problemini həll etməyən məmura bildirir ki, yuxarılara yazacağam. Məmur isə öz növbəsində bildirir ki, yuxarılara müraciət etsən, işin heç həll olunmayacaq. Bundan qorxan sadə vətəndaşlar isə heç bir lazımi orqana müraciət etmir. Bundan istifadə edən bəzi məmurlar ümumiyyətlə, heç bir iş görmürlər. lakin vətəndaşlar bu işdə aktiv olmalıdırlar. Lazımi qurumlara müraciət etmələri daha yaxşı olardı.

Xüsusilə də regionlarda insanların bəzi məmurlar tərəfindən incidilməsi halları daha çoxdur. Vətəndaşların hüquqlarını pozurlar. Sakinlərin problemini dinləmirlər. Bir sözlə, get-gələ salırlar. Vətəndaşlar isə dövlət qurumlarının fəaliyyətindən cana yığılıblar. Hara və kimə müraciət edəcəklərini belə bilmirlər.

Belə ki, İsmayıllı rayonunun Qubaxəlilli kənd sakini Babayev Novruz Mürsəl oğlu tərəfindən redaksiyamıza məktub daxil olub. Kənd sakini məktubda ölkə başçısına müraciət edir.

Babayev Novruz Mürsəl oğlu yazıb bildirir ki, uzun müddət işləmiş və 31 il əmək stajı var: "Təqaüdə çıxmaq üçün yaşım çatmır. Bir neçə il sosial yardım aldım. Lakin 5 aydır ki, onu da vermirlər. Deyirlər ki, 63 yaşa kimi insan işləməlidir. Mən müraciət edərək bildirirəm ki, hal-hazırda idarələrin hamısı 35 yaşından yuxarı heç kəsi işə götürmür. Deməli 62 yaşın içindəsənsə, əzab çəkməlisən. Mən bu il Novruz bayramını qeyd edə bilmədim. Çünki buna maddi imkanım olmadı. Halbuki, Novruz bayramı ərəfəsində mənim ad günüm idi. Həm bayramı, həm də ad günümü keçirə bilməməyim mənə çox pis təsir etdi. Müvafiq qurumların məni incitməsiylə bağlı sizə müraciət etmişdim. Amma müraciətimə cavab ala bilmədim. Görünür, bəzi məmurlar mənim müraciətimi sizə çatdırmayıblar.

Keçmişdə Koroğlu igidliyi bütün dünyaya yayılmışdır. İndi də qədirbilən xalqımız onun qəhramanlığı ilə fəxr edir. Lakin onun igidliyini heçə endirən keçəl Həmzədir. Keçəl Həmzə elə bilirdi ki, onun atını oğurlamaqla onu hörmətdən salacaq. Bəlkə də sizin siyasətinizi heçə endirmək istəyən yüksək dövlət məmurları həmin keçəl Həmzənin nəvələridir. Təzə nazir vəzifəyə qoyulduqda evdə ailəsinə və uşaqlarına bir söz deyə bilmir səhər işə gələn kimi qanunları dəyişir. Bunun da ən böyük zərbəsi sadə insanlara dəyir. İmkan verməyin ki, keçəl Həmzənin nəvələri xalqı incitsinlər. Çünki bu gələcəkdə çox ağır nəticələr verəcək. Bəzi məmurlar unutmasınlar ki, dövlət məmurlarının xalqdan oğurladığı pulu var. Sadə insanların isə göydə Allahı, yerdə prezidenti var. Bir gün gec -tez onların qəzəbinə gələcəklər".

Sonda onu da qeyd edək ki, bəzi məmurlar həqiqətən də xalq üçün çalışmır. Vəzifəyə gələr-gəlməz birinci öz yaxınlarını ətrafına toplayır. Yalnız və yalnız öz maraqları üçün çalışır. Vətəndaşları özlərindən uzaq tutmaqla özlərini gözdən salırlar.
\\ gundelik-baku.com \\
Geri qayıt