Paşinyan Putinin ürəyincə deyil
Tarix: 3-08-2018, 08:39 |
Çap et
Paşinyan bir rəhbər kimi Rusiya rəhbərliyinin ürəyincə deyil.
Bu sözləri Axar.az-a Ermənistan Baş naziri Nikol Paşinyanın Moskvaya ehtimal edilən səfəri haqda danışan millət vəkili Rasim Musabəyov deyib.
“Bildiyim qədərilə, Nikol Paşinyan hələ ki, ABŞ-a səfər etməyə hazırlaşır və Nyu Yorkda Donald Trampla görüşmək niyyətindədir. Ancaq hələlik Nikolun Moskvaya səfəri ilə bağlı dəqiq fikir söyləmək çətindir. Məsələ burasındadır ki, Putinin Paşinyanı Moskvada qəbul edib-etməyəcəyi sual altındadır. Paşinyan bir rəhbər kimi heç də Rusiya rəhbərliyinin ürəyincə deyil. O, tamamilə küçədən gəlib və Rusiyaya nifrətini heç vaxt gizlətməyib. Erməni tərəfi indi sözdə bu münasibətin dəyişdiyini bildirir. Ancaq bütün hallarda Moskvada Paşinyana inamın artdığını düşünmürəm”, - deputat bildirib.
Millət vəkili qeyd edib ki, məhz bu səbəbə görə də Paşinyan istədiyi vaxt Moskvaya gedə və orada Putinlə görüşə bilməz:
“Buna ilk növbədə Rusiya razılıq verməlidir. Bu səfər baş tutsa belə, bu, Ermənistanla Rusiyanın müttəfiqliyi xatirinə ola bilər. O zaman isə Paşinyanın Moskvada hansısa izahatlar verəcəyi istisna deyil”.