“Ciddi kadr islahatları aparılmasa, məqsədə tam çata bilməyəcəyik” - deputat
Tarix: 1-05-2019, 09:12 | Çap et
Prezident İlham Əliyevin aprelin 3-də “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” imzaladığı Fərmanda bu sistemin inkişafında yeni mərhələnin başlanması və bu sahədə islahatların dərinləşdirilməsi nəzərdə tutulur.
Fərman imzalanandan sonra məhkəmə-hüquq sistemində aparılacaq islahatlar ciddi müzakirələrə səbəb olub. Bəzi ekspertlər, hüquqşünaslar islahatlarda real nəticənin əldə olunması üçün məhkəmə-hüquq sistemində kadr dəyikiliyindən başlanılmasını zəruri hesab edirlər.
Reyting.az-ın Prezidentin fərmanından irəli gələn məsələlər və məhkəmə-hüquq sistemində mövcud olan problemlərlə bağlı suallarına Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, 1989-1990-cı illərdə Ədliyyə Nazirliyində şöbə rəisinin müavini, 1990-1992-ci illərdə Vəkillər Kollegiyasının üzvü, 1992-1993-cü illərdə Bakı şəhər prokuroru vəzifələrində çalışmış tanınmış hüquqşünas Çingiz Qənizadə cavab verib.
- Çingiz bəy, Prezidentin imzaladığı fərman məhkəmə-hüquq sistemində ciddi islahatlar aparılmasını nəzərdə tutur. Sizcə, bu sistemdə ilk növbədə hansı dəyişikliklərə ehtiyac var?
- Əvvəla, cənab Prezidentin aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” ilə bağlı Fərman olduqca ciddi və lazımlı bir sənəddir. Biz bunu alqışlayırıq. Çünki məhkəmə hakimiyyətinə insanlarda inam demək olar ki, tamamilə itib. Bunu beynəlxalq təşkilatlar da dəfələrlə öz hesabatlarında göstəriblər. Bu gün məhkəmə hakimiyyətinin tərkibində əgər 10-20 faiz qeyri-prosessual hərəkətlərə yol verən, korrupsiyaya qurşanmış, rüşvət alan hakimlər varsa, bu, ümumilikdə təbii ki, Azərbaycan məhkəməsinin imicinə təsir edir. Bunun nəticəsində sanki məhkəmədən haqq-ədalət gözləyən insanlarda məhkəmə hakimiyyətinə bir inamsızlıq yaranıb. İnsanlarda belə fikir formalaşıb ki, onsuz da hər hansı “dil tapa” bilən tərəf burada üstünlük əldə edəcək və s. Bütün bunların aradan qaldırılması üçün cənab Prezident çox mühüm bir fərman imzaladı. Fərmanda məhkəmə-hüququ sistemində bir çox islahatların aparılmasının zəruriliyi xüsusi vurğulanıb.
Ümumilikdə hesab edirəm ki, fərman olduqca ciddi və vacibdir, hazırda müəyyən dövlət orqanlarına təkliflərin hazırlanması üçün vaxt verilib. Bu istiqamətdə iş gedir.
Amma mən paralel olaraq bildirmək istəyirəm ki, bu islahatların dərinləşdirilməsi, uğurlu aparılması üçün kadr məsələlərinə də baxmaq lazımdır. Yəni bizim bu gün tənqid etdiyimiz qurumlara rəhbərlik edən şəxslərin yenidən islahatlar adı altında nələrisə müsbətə doğru aparacaqları tam inandırıcı görünmür. Ona görə də cənab Prezidentin istədiyi bir qurum yaradılmalı və insanların məhkəmə hakimiyyətinə inamını tam bərpa etmək lazımdır. Buna nail olmaq üçün, elə hesab edirəm ki, bu qurumlarda kadr islahatlarının aparılmasına çox ciddi ehtiyac var. Bu qurumların rəhbərlərinin bir-biri ilə şəxsi, dostluq münasibətləri, bəzən qəbul olunan qərarların daha yuxarı instansiyalarda həllinə təsir göstərir. Şəxsi münasibətlər, subyektiv meyarlar qərarların qəbuluna təsir edir.
Məhkəmə hakimiyyətinin tam müstəqilliyini təmin etmək üçün həm daxildə islahatlar aparılmalı, həm də onlara rəhbərlik edən şəxslər dəyişdirilməlidir. Yəni bu sistemin rəhbərliyində də ciddi kadr islahatlarına ehtiyac var.
Yeri gəlmişkən qeyd edim ki, bu gün Azərbaycan məhkəmələrində bir ənənə, qeyri-qanuni bir hal müşahidə olunur. Bu nədən ibarətdir? Bütün məhkəmələrin sədrləri belə hesab edirlər ki, vəzifəyə təyin olunduqdan sonra o binadakı bütün səlahiyyət tamamilə onlarındır. Halbuki sədrlər, sadəcə, məhkəmənin işinin təşkilində, kargüzarlığın və digər məsələlərin həllində birinci şəxs olaraq bunları etməlidirlər. Amma hakimlər qərar qəbul etməzdən öncə məhkəmə sədrinə iş barədə məruzə etməlidirlər. Niyə? Halbuki sədri də, hakimi də cənab Prezident təyin edib. Əgər işi oxuyan hakim öz mövqeyini bildirəcəksə və bu zaman sədr ona “yox, bu belə deyil, get, bu cür qərar qəbul et”,- deyəcəksə, burada müstəqillikdən söhbət gedə bilməz. Bunu tamamilə aradan qaldırmaq lazımdır. Yəni məhkəmə sədrlərinə iş məruzə olunmamalıdır. Hakim Azərbaycan Respublikası adından qanuni, qanunsuz qərar çıxarırsa, öz imzasını ora qoyursa, deməli, bunu sədrin göstərişi olmadan etməlidir və sonra özü də ona görə məsuliyyət daşımalıdır. Ümid edirəm ki, əgər sədrlərə məhkəmələrdə baxılan işlərin məruzəsinin qarşısını ala bilsək, bu sahədə xeyli irəliləyiş əldə edə biləcəyik.
Fərmanda bütün məhkəmə proseslərinin audio yazısının təmin olunması şərt kimi qoyulub. Bu da vacib məsələdir. Çünki məhkəmə iclasının protokolları, şahid ifadələri sonradan saxtalaşdırılırdı və hansısa tərəfin xeyrinə olan məsələ hətta protokola belə salınmırdı. İndi audio yazı olacaq və saxtakarlıq etmək mümkün olmayacaq. Belə hesab edirəm ki, bu sahədə ümumi kompleks islahatlarla bərabər, kadr islahatlarının aparılması vacib şərtlərdən biridir.
- Azərbaycanda vəkillik institutu ilə bağlı da müəyyən islahatlar aparılıb. Sizcə, bu sahədə hansı çatışmazlıqlar hələ də mövcuddur və daha nələri etməyə ehtiyac var?
- Hazırda ölkədə vəkil çatışmazlığı var. Bununla bağlı iki il bundan öncə müzakirələr aparılanda məlum oldu ki, Azərbaycan vəkillərin sayına görə Avropa Şurasına üzv dövlətlər arasında ən axırıncı yerdə olan dövlətlərdən biridir. Bizdə hər 100 min nəfər əhaliyə 8-9 vəkil düşürdü. Halbuki bu göstərici Gürcüstanda 43-dür, hətta bəzi ölkələrdə 100-ə çatır, bəzən hətta daha çoxdur.
Vəkillər Kollegiyasının rəhbərliyi dəyişdi. Anar Bağırov Vəkillər Kollegiyasına sədr seçildikdən sonra bu qurum sanki dirçəlməyə başladı. İndi orada böyük islahatlar gedir, vəkillərə sərbəstlik verilib, yeni vəkillərin qəbulu gündəmdədir. Bu yaxınlarda imtahan verən 80 nəfər də Kollegiya üzvlüyünə qəbul olunub, yəqin ki, yaxın bir-iki ayda təyinat alacaqlar. Amma hesab edirəm ki, yenə də azdır. İstərdim ki, vəkillik institutunda işə qəbulla bağlı “Vəkillər və vəkillik haqqıda”qanunun, səhv etmirəmsə, 11-ci maddəsindəki işə qəbulla bağlı məhdudiyyətlər aradan götürülsün. Məhdudiyyətlər götürülsə, vəkillərin sayının artırılmasının şahidi olacağıq. Tutaq ki, uzun illər prokurorluq, polis və digər qurumların istintaq orqanlarında çalışıb təqaüdə, yaxud ərizə verərək könüllü işdən çıxan insanlar vəkilliyə imtahansız qəbul edilməlidirlər. (vəkilliyə daxil olanda təkcə hakimlər imtahan vermirlər) Onlar da hüquqşünaslardır. Bəlkə də istintaq orqanında çalışan insanın təcrübəsi, professionallığı hakimdən daha çoxdur, belədirsə, onlar niyə vəkilliyə imtahan verməlidirlər? Bu məsələləri qaldırmışıq. Hüquq-mühafizə orqanlarında çalışan müəyyən insanlar vəkillik institutna imtahansız qəbul olunmalıdırlar.
Bizdə bu günə qədər vəziyyət beləydi – Anar Bağırovun Vəkillər Kollegiyasına sədr təyinatına qədər vəkillərə sanki məhkəmə proseslərində və ibtidai istintaq zamanı bir saymamazlıq vardı. Halbuki, qanuna görə proses iştirakçıları olan hakim, vəkil və ittihamçı tam bərabərhüquqludurlar. Amma bizdə ittihamçı ilə hakim birləşərək, belə deyək, vəkillərə üstdən aşağı baxırdılar, bəzən onları haqqında tədbir görməklə hədələyirdilər. Artıq bu hüquqlar bərabərləşib. Məncə, istər ittiham orqanı, istərsə də məhkəmə hakimiyyəti bilməlidir ki, qarşısındakı vəkil onun kimi qanunla tam bərabərhüquqlu bir şəxsdir və onları sıxışdırmaq olmaz.
Ancaq, eyni zamanda vəkillər tərəfindən hakimlərin ələ alınması, qeyri-prosessual hərəkətlərə sövq olunması halları da var. Ona görə ki, məhkəmə hakimiyyətində korrupsiya halları var və onların da bir çoxu buna meyllidirlər. Bunlar sanki bir “makler” rolunu oynayırlar. Bu qanunsuzluqlar da aradan götürülməlidir və insanlar vəkil tutanda bilməlidir ki, həmin şəxs onun hüququnu axıra qədər qoruya biləcək. Yəqin ki, Vəkillər Kollegiyası da Prezidentin imzaladığı yeni fərmandan irəli gələn və öz üzərinə düşən vəzifələri, tapşırıqları həll edəcək. Ümumilikdə, inanıram ki, cənab Prezidentin bu fərmanından sonra məhkəmə-hüquq sahəsində müsbətə doğru müəyyən irəliləyişlər olacaq. Amma kadr islahatları aparılmasa, biz məqsədə tam çata bilməyəcəyik.
- Fərman imzalanandan sonra bəzi şəxslər bu qurumlarda rəhbər şəxslərin istefasını tələb etdilər. Sizcə, rəhbərlikdəki dəyişikliklər uğurlu islahat üçün təkanverici amil ola bilər?
- Bildiyiniz kimi, bizdə üçpilləli məhkəmə hakimiyyətidir. Birinci instansiya, apellyasiya və kassasiya məhkəmələridır. Əvvəla, Ali Məhkəmənin özünün və onun funksiyası ilə adı arasında bir qeyri-müəyyənlik görürəm. Əgər üçüncü məhkəmə instansiyamız kassasiya məhkəməsidirsə, onda ayrıca bir kassasiya adında, məsələn, apellyasiya məhkəməsi kimi, məhkəmə orqanı olmalıdır. Ali bir qurum da Ali Məhkəmədirsə, onda Ali Məhkəmə aşağı məhkəmələrin üzərində təftişedici, nəzarətedici, yaxud tövsiyəedici bir qurum olmalıdır. Amma Ali Məhkəmə hüquqi baxımdan həm də Kassasiya Məhkəməsi rolunu oynayır. Bunların arasında bir bağlılıq var. Burada anlaşılmayan məqamlar da var. Belə görünür ki, bizdə Kassasiya Məhkəməsi həm də Ali Məhkəmə deməkdir.
Bəzən insanlar deyir ki, Ali Məhkəməyə şikayət etmişəm. Əslində o, Ali Məhkəməyə yox, Kassasiya Məhkəməsinə şikayət edib. Məncə, bu qurumların adları və fəaliyyəti tam dəqiqləşdirilməlidir. Ola bilsin ki, bir Ali Məhkəmə olsun, yuxarıda otursun, onun belə deyək, müəyyən tövsiyələri, qaydaları, müəyyən məsələləri qiymətləndirmə funksiyası olsun. Amma Kassasiya Məhkəməsinin də Ali Məhkəmə funksiyasını yerinə yetirməsi başadüşülən deyil.
Sonra, bayaq dediyim kimi, hakimlərə tam sərbəstlik verilməlidir və məhkəmə sədrlərinə işin məruzə olunması praktikası dayandırılmalıdır. Bundan başqa, birinci şəxslərin - bu günə qədər məhkəmə orqanlarına rəhbərlik edənlərin fəaliyyətinə qiymət verilməli və yarıtmaz rəhbər şəxslər yeni, cavan, təmiz kadrlarla əvəz edilməlidir. Daha obyektiv, daha təmiz və daha vətənpərvər, xalqına bağlı insanlar məhkəmə rəhbərləri təyin olunmalıdırlar. Hesab edirəm ki, onlar yeni tələblərlə əvvəlki hakimlərin üzərində şərt qoymaqla, nəzarət etməklə məqsədə çata bilərlər. Amma dünən sədr və hakim arasında alış-veriş olubsa, mən onların bugünkü islahat prosesində düzələcəyinə inanmıram.
- Bunun üçün böyük kadr potensialına ehtiyac var. Bütün məhkəmə sədrlərini birdən-birə dəyişdirmək mümkündür?
- Kifayət qədər kadrlarımız var. Məhkəmə sədrinin 20 illik təcrübəsinin olması mütləq vacib deyil. Beş il işləyən gənclər də məhkəmə sədri ola bilərlər. Cənab Prezidentin kadr islahatlarına diqqət yetirin: Bir neçə gün idarəçilik və rəhbərlik təcrübəsi olmayan gənclər müəyyən qurumlara rəhbər təyin edildilər. Nazirlərimizin bir neçəsi gənc kadrlardır. Onların əvvəllər heç bir idarəçilik təcrübəsi olmayıb. Amma onlar savadlıdırlar, işə vicdanla yanaşırlar, korrupsiya və digər neqativ hallara bulaşmamış şəxslərdir. Cənab Prezident də tələb qoyub ki, bu şeylər olmayacaq, gedin, işləyin. Yeni kadrlar üzərində dayanılmalı, o tələblər qoyulmalıdır. 3-5 il məhkəmə sistemində işləmiş gəncin birini məhkəmə sədri təyin etmək olar.
- Bu islahatların aparılması Avropa Məhkəməsinə göndərilən şikayətlərin sayını azaldacaqmı? Siyasi məhbuslarla bağlı problemin həllində irəliləyiş gözlənilirmi?
- Bilirsiniz, nə qədər ki, bizdə qeyri-hökumət təşkilatları var, “siyasi məhbus” ifadəsi də gündəmə gətiriləcək. Mən də, cənab Prezidentin təşəbbüsü ilə yaranan İşçi Qrupun tərkibindəyəm. Biz bunları “problemli məhbus” adlandırırıq. Müzakirə edəndə görürük ki, bəzən istintaq, məhkəmə prosesində vətəndaşın prosessual hüquqları pozulub. Əvvəla, niyə pozulmalıdır? Belə hesab edirik ki, əgər onların prosessual hüquqları pozulubsa, azadlığa çıxmaq haqları var. Cənab Prezidentin martın 16-da imzaladığı əfv fərmanında 50 nəfərdən yuxarı belə adamın adı siyahıya salınmışdı.
Mənə elə gəlir ki, Prezidentin imzaladığı fərmandan sonra Avropa Məhkəməsinə gedən şikayətlərin sayı azalacaq. Çünki vətəndaş əgər burada üç məhkəmə instansiyasında öz haqqını tapa bilmirsə, ora müraciət etməyə məcburdur.
Bu yaxınlarda telekanalların birində fərmanla bağlı çıxışımda bir sənəd göstərdim. Azərbaycan məhkəmələrinin hər üç instansiyasından keçmiş bir işdir. Tərəfin imzası, möhürü olmadan hansısa bir müqavilə Pirallahı Rayon Məhkəməsində hakim işləmiş və hazırda Xəzər Rayon Məhkəməsində hakim işləyən Əkrəm Qəhrəmanovla “razılaşdırılmaqla” saxta bir qərar qəbul edilib. Prosesdə yalnız iddiaçının oğlu iştirak edib. Cavabdeh tərəfin belə bir məhkəmənin keçirilməsi ilə bağlı xəbəri olmamış və nə cavabdehlər, nə də şahidlər prosesdə iştirak etməmişlər. Amma qərar qəbul olunub və başqa instansiyalardan da keçib. Əgər üç mərhələdən bu cür sənədi keçirmək mümkündürsə, deməli, yüzlərlə belə qanunsuzluq edilir. Belə qanunsuzluğu edənlərlə islahat aparmaq mümkün olmayacaq.
İkincisi, hakimlərə qarşı cəza siyasəti sərtləşdirilməlidir. Hakim Azərbaycan dövləti adından qərar qəbul edir. Hesab edirəm ki, bu cür hakimlərə qarşı daha ciddi cəzalar tətbiq olunmalıdır. Amma bir neçə qərar və qətnaməni bilərəkdən qanunsuz çıxaran hakim bu vəzifədən uzaqlaşdırılmalı, o, heç vəkil kimi də işə götürülməməlidir.
Biz məhkəmə binasına ədalət evi kimi baxmağa çalışırıq. Amma orada ədalət təmin olunmursa, deməli, ədalət evi deyil. Onu ədalət evi səviyyəsinə çatdırmaq üçün mütləq islahatlar getməlidir. Bunun üçün kadr, struktur islahatları aparılmalı, o qurumun iş qaydaları, prinsipləri dəyişdirilməlidir.
- Sizin vaxtilə işlədiyiniz prokurorluq orqanları da daxil olmaqla digər qurumlarda da islahat aparılmasına ehtiyac yoxdurmu?
- Cənab Prezidentin məhkəmə-hüquq sistemindəki islahatlarla bağlı fərmanı hesab edirəm ki, həm də digər hüquq-mühafizə orqanlarına bir mesajdır. Ümumiyyətlə, ölkənin hüquq sahəsində islahatlara ehtiyac var. Hansı qurumda hansı çatışmazlıq varsa, cənab Prezident münasibət bildirib. Məhkəmə hakimiyyətinin, ekspertizaların, icra işlərinin süründürməçiliyinin qarşısının alınması və digər alternativ ekspertizaların keçirilməsi qaydalarının təhlili, dünya təcrübəsinin öyrənilməsi və s. Hesab edirəm ki, digər qurumlar da bu fərmana uyğun olaraq artıq müəyyən iclaslar keçirirlər, canlanma hiss olunur, onlar da öz işlərində dönüş yaratmalıdırlar.
Əslində, istintaqdan gələn cinayət işlərinə bəzən məhkəmə baxır, əgər orada qüsurlar varsa, məhkəmə də bir az qüsura yol verirsə, deməli, vətəndaşın haqqı pozulur. Bu qurumlar insan taleyini həll edirlər. Yəni həkim insanın həyatını xilas edir, bu qurumlar isə insanın həyatını müəyyən edir, yaxın 3-5 ildə azadlıqdan məhrum edilirsə, haqlı olunub-olunmadığını bilməliyik. Haqsız azadlıqdan məhrumedilmə olmamalıdır. Yaxud kimsə əmlakından məhrum olunur. Əmlak dünyada ən müqəddəs predmetlərdən biridir. Dünyanın hər yerində vətəndaşın əmlakının əlindən alınması, ona müdaxilə olunması yolverilməzdir. Amma bu gün məhkəmələrin qətnaməsi ilə vətəndaş əmlakından məhrum olunur, o əmlak onun ailəsinin dolanışıq yeridir. Onu vətəndaşın əlindən bilə-bilə haqsız olaraq alırlarsa, deməli, burada qüsur yox, cinayət var. Mən belə qüsur və cinayətlərə qarşı barışmaz mübarizə aparılmasının tərəfdarıyam. Biz bu işdə cənab Prezidentə dəstək olmalıyıq. Harada neqativ məqamlar, xoşagəlməz hallar varsa, bunu deməliyik. Bəzən mətbuat da harasa və kiməsə yarınmaq xatirinə haqqı yazmaq istəmir. Biz hamılıqla Azərbaycan xalqına, dövlətinə xidmət edən bir mövqe ortaya qoymalıyıq və cənab Prezidentin bu istiqamətdə atdığı addımları dəstəkləməklə bərabər, həm də ona kömək etməliyik ki, bu problemlər sürətlə həll olunsun.
- Mülkiyyət hüququnun pozulmasından, məhkəmələrdəki qanunsuzluqlardan danışdınız. Amma yerli icra hakimiyyətlərində də insan haqları ilə bağlı xeyli qanunsuzluqlara yol verilir. Yəqin ki, Siz deputat kimi bunu hamıdan çox bilirsiniz?..
- Cənab Prezident bu məsələyə də münasibət bildirdi. Bir neçə gün öncə Mərdəkan qəsəbəsində vətəndaşlarla söhbət zamanı dedi ki, icra strukturlarında da nöqsanlar var, onlar deyilməli və tənqid olunmalıdır.
Əlbəttə, problemlər icra strukturlarında da var. Bəzən saymamazlıq olur, insanların əmlakına qəsd edilir, vətəndaşları qəbul etməkdən yayınırlar. Bu problemlər kompleks şəkildə həll olunmalıdır. Düşünürəm ki, yerli icra hakimiyyətləri Prezidentdən nümunə götürməlidirlər. Əgər Prezident bu gün vətəndaşlarla birbaşa təmasda olursa, onların ərizə və şikayətlərini özü qəbul edirsə, yerli icra orqanları da hər zaman əhalinin yanında olmalıdır, kabinetdəki telefonun yanında oturub nəyisə həll etməkdən çəkinməlidirlər.
Ayrı-ayrı məmurlar hesab edirlər ki, 150 minlik maşına minib xalqa xidmət edəcək. Elələri vəzifə başına gələn kimi oturacağı binanı təmir etdirir, bahalı mebel alır, amma bu, xalqa xidmət deyil.
- Prezidentin böyük islahatlara start verdiyi göz önündədir. Bu təkcə məhkəmə-hüquq sistemi ilə bağlı deyil. Kreditlərlə bağlı problemin həll olunması çox ciddi addım idi. Bu, cəmiyyətdə də müsbət qarşılandı. Sizcə, bu islahatlara hakimiyyətin daxilində maneə törədə biləcək qüvvələr varmı?
- Bu mütləqdir, mühafizəkarlar həmişə olub, yenə də olacaq. İslahata mane olmaq üçün başqa cür fikir formalaşdırmağa, rəy verməyə çalışırlar. O baxımdan bəzən görürsən ki, islahatlar ləngiyir.
Cənab Prezidentin iqtisadi sahədə başlatdığı islahatların nəticələri də artıq göz qabağındadır. İnsanların sosial rifahının yaxşılaşdırılması ilə bağlı xeyli addımlar atılıb. Biz son 4-5 ayda hər gün bu cür islahatların şahidi oluruq. Hesab edirəm ki, bunun qarşısını almaq çətindir, lakin təbii ki, bu islahatlarla razılaşmayan qüvvələr də var. Məncə, onlar da zaman-zaman ifşa olunub üzə çıxdıqca, zərərsizləşdiriləcəklər. Məsələn, “Diqlas” ticarət mərkəzi ilə bağlı məsələdə cənab Prezident yenə də yükü öz üzərinə götürdü. Amma yəqin ki, sonda dövlət bu zərəri “Diqlas”ın sahibkarlarına qarşı yönəldəcək. Əslində buna hüquqda reqres iddia deyilir, yəni tərəfin biri ödəyir, amma digərinə qarşı iddia qaldırır. Dövlət olaraq cənab Prezident iş adamlarına müəyyən kompensasiyalar verib, onun həcmini də sahibkardan çıxmalıdırlar. Çünki burada təhlükəsizlik qaydaları təmin edilməyib, yaxud mühafizəsi zəif olub, yanğın əleyhinə müəyyən qurğular olmayıb. Təbii ki, cənab Prezident kompensasiya verilməsinə getməklə bəlkə də milyonların alqışını qazandı. Amma ayrı-ayrı kiçik vəzifəli məmurlar xırda problemlər yaratmaqla yenə də insanları narazı salmağa çalışırlarsa, bu, başqa məsələdir. Bu, yolverilməzdir, məncə, islahatlar da davamlı olacaq. Biz də Prezidentə dəstək olmalıyıq ki, islahatlar davamlı aparılsın.
- Sizin təmsil olunduğunuz qanunverici orqanda hansısa islahata ehtiyac varmı? Növbədənkənar parlament seçkilərinin keçiriləcəyi son vaxtlar tez-tez səsləndirilir. Siz həm də bəzi həmkarlarınızın müəyyən məsələlərdə fəal olmadığını qeyd etdiniz...
- Belə hesab edirəm ki, həmkarlarım yerlərdəki görüşləri zamanı qaldırılan məsələlərə münasibət bildirirlər. Mətbuata çıxmasa da, mən bunun şahidiyəm. Həmkarlarımın çoxu müxtəlif qurumlara zəng edirlər, seçicilərin xahişlərini, seçildiyi bölgənin problemlərini çatdırırlar. Amma problem niyə olmalıdır ki?.. Məsələn, işıq, qaz, su ilə bağlı problemlər bizə gəlib çıxmamalıdır. Biz əslində, problem həll edən qurum deyilik, qanunverici hakimiyyətik, ona görə elə qanunların üzərində işləməliyik ki, onlar insanlara xidmət etsin. Amma çox təəssüf ki, bəzən belə məsələlərlə də məşğul oluruq.
Məncə, hər bir deputatın fəaliyyətinə seçicilər qiymət verirlər. Yəqin ki, kimin etimadı doğruldub-doğrultmadığı da təhlil olunur, hər növbəti seçkidə də parlamentin tərkibi 30-40 faizi yenilənir.
Bilirsiniz ki, 2016-cı il sentyabrın 26-da Konstitusiyaya dəyişikliklər etmişik. Buna görə, Prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qaldırılıb. Belə fikirlər var ki, 2020-ci ildən sonra - 2025-ci ildə parlament seçkiləri ilə prezident seçkiləri üst-üstə düşəcək və buna görə vaxt dəyişməlidir. Mən hesab edirəm ki, bunlar dəhliz söhbətləridir. Yəni, mən bununla bağlı ciddi məsələ eşitməmişəm. Əgər seçkiyə bir il qalırsa və bu il nəzərə alsaq ki, həm də bələdiyyə seçkiləri keçirilməlidir, onda bir az inandırıcı görünmür. Amma hər şey ola bilər, yəni bu səlahiyyət Konstitusiya ilə Prezidentə verilib. Əgər belə bir siyasi qərar qəbul olunacaqsa, onda seçkilər keçirilə bilər. Ancaq mən hələ ki növbədənkənar parlament seçkilərinin keçirilməsinə ehtiyac olduğunu görmürəm.
- Bələdiyyələrin bugünkü səlahiyyətləri çərçivəsində fəaliyyəti Sizi qane edirmi? Bu institutun fəaliyyətinin normal qurulması üçün nələrə ehtiyac var?
- Tam qane etmir. Bələdiyyələr icra strukturlarından sanki asılı bir qurumdur.
Birincisi, bələdiyyələr yerli özünüidarəetmə orqanı olsa da, tam müstəqil deyillər.
İkincisi, bələdiyyələr yaranan zaman müəyyən boşluqlara yol verilib. Bələdiyyə torpaqlarının böyük əksəriyyəti qanuni, qanunsuz satılıb. Elə bələdiyyə var ki, onun ərazisindəki torpağın bir sotu, tutaq ki, min manatlarla ölçülürdü, eləsi də var ki, heç on manat da deyildi.
Bələdiyyələrin hüququ eyni olsa da, onların özlərini maliyyələşdirmə imkanları fərqli olub. Bəzi bələdiyyə sədrləri milyonlar qazanıb, hətta dövlət torpaqlarını da satıblar. Bu məsələyə də baxılmalıdır.
Parlamentin Regional məsələlər komitəsi bələdiyyələrlə işləyir. Bələdiyyələrə müstəqillik verilməlidir, özünü maliyyələşdirmək üçün imkanlar yaradılmalıdır və öz ərazilərində müəyyən iş yerləri yaratmaq üçün dövlətin onlara dəstəyini artırmaq lazımdır. Bələdiyyələrə dövlət büdcəsindən ayrılan vəsait artırılmalı və xərclənməsinə nəzarət etmək lazımdır. Məncə, builki seçkilərdən sonra bələdiyyə üzvlərinə də münasibət dəyişəcək. Daha gənc və savadlı şəxslərin bələdiyyə üzvlüyünə namizədlikləri irəli sürülsə, yaxşı olardı.
Sonda onu qeyd edim ki, Azərbaycan bu gün dünyanın ən təhlükəsiz stabil və iqtisadi baxımdan qüdrətli bir dövlətidir. Azərbaycan dünyada söz sahibinə çevrilmiş dövlətlərdən biridir. Bizimlə hesablaşır, bizə hörmət edirlər. Eyni zamanda dünyada bizi sevməyən qüvvələr də çoxdur. Odur ki, biz ölkəmizin təhlükəsizliyi və gələcəyi naminə cənab Prezident tərəfindən islahatlarla bağlı atılmış hər bir addımı alqışlamalı və onun həyata keçirilməsi üçün əlimizdən gələni etməliyik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Putin Trampa görə qəzəbləndi: - “Sui-qəsd çağırışının əsas məqsədi…”
Bu gün, 22:32 |
|
|
|
• Bazarlarda tüğyan edən saxta pullar: Azərbaycanda dövriyyədə belə əskinaslar varmı? - AÇIQLAMA
Bu gün, 22:29 |
|
|
|
• Zəngəzur dəhlizi: Həm rahat, həm qazanclı - HƏQİQƏTƏN DƏ...
Bu gün, 19:02 |
|
|
|
• Kreml Ermənistanla münasibətləri yaxşılaşdırmaq niyyəti güdür - GÖRÜNƏNİ BUDUR
Bu gün, 19:00 |
|
|
|
• Ermənistan regiona kənar geosiyasi mərkəzləri cəlb etməyə çalışır - İrəvanın "Avropa" gedişi
Bu gün, 18:58 |
|
|
|
• "Azərbaycan bələdiyyəsinin büdcə maliyyə istiqamətləri əgər alınırsa..." - ŞƏRH
Bu gün, 18:00 |
|
|
|
• Elmina Kazımzadəyə yeni vəzifə verildi - 900 manat maaş alacaq
Bu gün, 17:58 |
|
|
|
• Kobaxidzedən Aİ səfirinə XƏBƏRDARLIQ: - “Daxili işlərimizə müdaxiləni dayandırmasa...”
Bu gün, 17:49 |
|
|
|
• “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ - 4 min manata satdığı telefon…
Bu gün, 17:43 |
|
|
|
• Rusiya "3+3"ü təşkilata çevirmək İSTƏYİR
Bu gün, 17:41 |
|
|
|
• Tərəflər sülh masasına qayıdır: - Gələn ay bu sənədlər müzakirə ediləcək
Bu gün, 17:36 |
|
|
|
• Papikyan Kopırkinlə görüşdü
Bu gün, 17:31 |
|
|
|
• İnvestAZ-ın rəhbərliyində təyinatlar – Şirkət Korporativ İdarəetməsini təkmilləşdirir
Bu gün, 17:28 |
|
|
|
• Paşiyan Azərbaycan qarşı yeni müharibəyə hazırlaşaraq itirdiyi nüfuzunu bərpa etməyə çalışır - ƏGƏR BELƏDİRSƏ...
Bu gün, 17:24 |
|
|
|
• “Hansı səbəbdən işdən çıxarıldığımı bilmirəm” - NARAZILIQ VAR...
Bu gün, 17:21 |
|
|
|
• Paşinyanın başqa yolu qalmadı: Sülhə ilk addımı - NƏ BAŞ VERİR?
Bu gün, 17:16 |
|
|
|
• "SAT-SAS-2024" təlimi başa çatıb
Bu gün, 17:09 |
|
|
|
• 18 milyon manatlıq şirkət ləğv edilir - “ATS FOOD”LA BİRLƏŞİR
Bu gün, 17:03 |
|
|
|
• Kəmaləddin Heydərov alay komandirini işdən çıxardı - Yeni təyinat
Bu gün, 17:01 |
|
|
|
• Milli Məclisdə “marjinal və populist siyasi qüvvələrə” mesaj... - “Diqqətli olsunlar”
Bu gün, 16:57 |
|
|
|
• Agentlik tender keçirmədən bu şirkətlə 42 milyonluq müqavilə imzaladı - "DƏRƏ"Nİ XƏLVƏT BİLİR...
Bu gün, 16:54 |
|
|
|
• Saxta şərab hazırlayan azərbaycanlı dəstə İFŞA OLUNDU
Bu gün, 16:52 |
|
|
|
• Rusiya Ermənistana yeni hərbi attaşe təyin edib
Bu gün, 16:49 |
|
|
|
• "Cavanlar az qalır deyə ki, qocal çıx get"
Bu gün, 15:46 |
|
|
|
• Azər Səmədova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 15:43 |
|
|
|
• FHN yetkilisi pul alıb tikintiyə göz yumdu, sonda 50 ailə evsiz qaldı - İTTİHAM VAR...
Bu gün, 15:39 |
|
|
|
• Yeni Vergi Məcəlləsi hazırlanır
Bu gün, 15:34 |
|
|
|
• Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Bu gün, 15:30 |
|
|
|
• Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Bu gün, 15:25 |
|
|
|
• Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Bu gün, 15:01 |
|
|
|
• Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Bu gün, 14:47 |
|
|
|
• Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Bu gün, 14:10 |
|
|
|
• DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Bu gün, 14:07 |
|
|
|
• Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02 |
|
|
|
• “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Bu gün, 14:00 |
|
|
|
• Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Bu gün, 13:58 |
|
|
|
• Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Bu gün, 13:12 |
|
|
|
• Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Bu gün, 13:07 |
|
|
|
• İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Bu gün, 13:05 |
|
|
|
• Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Bu gün, 13:02 |
|
|
|
• Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Bu gün, 12:58 |
|
|
|
• Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Bu gün, 12:56 |
|
|
|
• Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Bu gün, 12:52 |
|
|
|
• Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Bu gün, 12:37 |
|
|
|
• Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Bu gün, 12:35 |
|
|
|
• "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Bu gün, 12:32 |
|
|
|
• "Nəvəmə qızımın adını qoymuşam"
Bu gün, 12:31 |
|
|
|
• Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: - Bu, Bakı üçün nə deməkdir?
Bu gün, 12:27 |
|
|
|
• Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24 |
|
|
|
• Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb - 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər
Bu gün, 12:15 |
|
|
|
|