“Tarif Şurası ləğv edilməlidir” deyən deputatdan AÇIQLAMA - “Oyunbazlıq edirlər”
Tarix: 2-02-2021, 09:51 |
Çap et
Dünən Milli Məclisin iclasında çıxış edən millət vəkili Tahir Kərimlinin açıqlaması ölkə gündəmini əməlli-başlı silkələdi. Sudan istifadəyə görə qiymətlərin artmasından danışan Tahir Kərimli, Tarif Şurasının ləğv edilməsinin vacib olduğunu bildirdi. Millət vəkilinin bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu.
KONKRERT.az-a özəl açıqlama verən millət vəkili yenidən Tarif Şurasını tənqid edib. Tahir Kərimli bildirib ki, Şura ancaq gecə yarısı kommunal xidmətlərin , yanacağın, eləcə də digər mal və məhsulların qiymətini qaldırmaqla məşğuldur:
“Bu, xalq tərəfindən ciddi narahatçılıq doğurur, insanların psixoloji vəziyyəti korlanır. Oturub Tarif Şurasının qəfil veriləcək qərarlarını gözləyirlər”.
Millət vəkili deyir ki, 2005-ci ildə yaranandan Tarif Şurasının tərkibinə heç bir məsuliyyət daşımayan nazir müavinlərini daxil ediblər:
“Bunlar isə gizlin qərarlar verir, oyunbazlıq edirlər. Bu isə narazıçılıq yaradır. Ona görə də, Tarif Şurası ləğv edilməlidir. Çünki qiymət siyasətinə məsuliyyəti birbaşa hökmumət daşıyır və tarifləri də hökumət müəyyənləşdirməlidir. Konstitusiyanın 12-ci maddəsində də qeyd olunur ki, dövlətin ən ali məqsədi vətəndaşın rifah halının yüksəldilməsidir. Heç bir halda bu maddə məhdudlaşdırıla bilməz”