“Əgər Ayaz Mütəllibov qayıtsa, tarix səni bağışlasa da mən heç vaxt bağışlamayacam”
Tarix: 26-02-2015, 09:49 | Çap et
Ali Sovetin keçmiş sədri, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor Yaqub Məmmədov Moderator.az-a müsahibə verib, onun birinci hissəsini təqdim edirik:
-Yaqub müəllim, Xocalı şəhidlərini hər il ziyarətə gedirsinizmi?
-Təbii ki, hər il gedirəm.
-Adətən 25-də, yoxsa 26 fevralda abidəni ziyarət edirsiniz?
-Elə olur ki, 25 fevralda gedirəm, əsasən fevralın 26-da gedirəm.
-Ziyarət zamanı özünüzü bu faciədə günahkar hesab edirsinizmi?
-Mən o zaman yalnız universitet rektoru və deputat idim. Mən hadisədən 7 gün sonra Ali Sovetin sədri seçilmişəm. Xocalı hadisəsi törədilən günün səhərisi dövlət televiziyası xəbər verdi ki, yalnız iki adam həlak olub. Fevralın 28-də Ayaz Mütəllibov Prezident Aparatında müşavirə keçirdi. Yalnız həmin müşavirədə bəyan edildi ki, Xocalıda misligörünməmiş qırğın olub. Birinci dəfə idi ki, Qarabağ məsələsinə həsr olunmuş müşavirəni Ayaz Mütəllibov özü keçirirdi. O vaxtadək bütün müşavirələri Telman Orucov aparırdı. Mütəllibov orada çox kəskin çıxış elədi. İqtidarlı-müxalifətli respublikanın bütün rəhbər işçiləri də həmin müşavirədə idi. Bildirdi ki, fevralın 14-də Minskdə Kollektiv Təhlükəsizlik Təşkilatı yaradılırdı və müxalifət mənə imkan vermədi ki, gedib ona qol çəkim, elə ona görə də bu faciələr bizim başımıza gəldi. Ayaz Mütəllibov çıxışını bitirəndən sonra əlimi qaldırdım ki, mənim bir sualım var. Dedi buyur. Dedim siz bilirdinizmi ki, o müqaviləyə qol çəkməməklə Azərbaycanın başına belə bir müsibət gətiriləcək? Dedi bilirdim. Dedim bəs niyə qol çəkmədiniz? Dedi müxalifət imkan vermədi qol çəkməyə. Dedi müxalifətlə Milli Şurada bu məsələni müzakirə edəndə onlar birmənalı olaraq bildirdilər ki, nə MDB-yə getmək, nə də kollektiv təhlükəsizlik müqaviləsinə qol çəkmək olmaz. Mən müxalifətdən bu mandatı almadığıma görə o sənədə qol çəkmədim. Onda mən ona sual verdim ki, siz ölkə prezidenti kimi Azərbaycanın Konstitusiyasına və Qurana əl basaraq xalqın təhlükəsizliyini təmin edəcəyinizə and içmisiniz. Bəs siz bilirdiniz ki, bu imzanı atmamaqla xalqın təhlükəsizliyinə belə zərbə vurulacaq, onda siz nə prezidentsiniz? Dedim siz yerinizi o adamlara verin ki, sizi bu addımı atmamağa təhrik etdilər. Bu sözlərim zalda çox böyük təşvişə səbəb oldu. Yəni institut rəhbəri, müxalifətçi olmayan bir adam haqlı olmuş olsa belə prezidenti bu cür açıq şəkildə tənqid edirdi. Bir müddət zala sükut çökdü. Prezident də açığı heç bir cavab verə bilmədi. Sadəcə bildirdi ki, indi belə oldu. Məndən sonra Kərim Kərimov adlı neftçi vardı, o çıxış elədi. O da məndən bir az yumşaq çıxış etsə də eyni qınağı dedi. Sonra Sabir Rüstəmxanlı da çıxış elədi. Deməyim odur ki, həmin müşavirədə biz bildik ki, ermənilər Xocalıda hansı vəhşiliyi töprədiblər. Səhərisi günü məni Prezident Aparatına dəvət etdilər...
-Demədilər ki, nəyə çağırırıq? Yəqin fikirləşmisiniz ki, dünən prezidentə verdiyiniz suala görə sizi əməlli-başlı tənbeh edəcəklər...
-Heç nə demədilər. O vaxt Adil Hacıyev vardı, ərazi idarəetmə orqanları üzrə iş şöbəsinin müdiri idi. O məni qəbul edərək bildirdi ki, yaxın günlərdə Ali Sovetin sessiyası çağrılmalıdır və Elmira Qafarova xəstəliyinə görə vəzifədən gedəcək. Bildirdi ki, biz onun yerinə namizəd üçün çox adamın mövqeyini öyrənmişik, hamı birmənalı sizin namizədliyinizin üzərində dayanıblar. Dedim etimadınız üçün təşəkkür edirəm, amma çox səmimi sözümdü, mənə lazım deyil. Bildirdim ki, indi ölkədə çox qarmaqarşıq vəziyyətdi və belə bir şəraitdə mənə Ali Sovetin sədrliyi çox çətin olar. Amma razılaşmadı və dedi ki, hər halda çağırmışıq ki, vəziyyəti biləsiniz. Bir daha təkrar etdi ki, ola bilsin səni prezidentin yanına çağırdılar, məsləhət görürəm ki, etiraz etmə. Adil Hacıyev mənə hələ Xocalı qırğınından xeyli əvvəl də bu barədə demişdi. O vaxt Milli Şuranın yaradılması haqqında komissiya təşkil ediləndə, yəni Ali Sovetin hələ oktaybr sessiyasında qurumun səlahiyyətlərinin Milli Şuraya verilməsi zamanı da komissiyanın üzvü idim və Adil Hacıyevlə yaxınlığım onda yaranmışdı. Elə ondakı müzakirələri görüb dedi ki, bu Ali Soveti səndən başqa heç kəs idarə edə bilməz, sən bu işləri yaxşı bilirsən. Onda da cavab vermişdim ki, Ali Sovet mənim nəyimə lazımdır, buna əsəb tab gətirməz. Beləliklə martın 5-də Ali Sovetin sədri seçildim.
-Maraqlıdır, Ayaz Mütəllibovu o cür tənqid edəndən sonra hansı məntiqlə sizin namizədliyinizə razılıq verdi?
-Bunu elə Adil Hacıyevə də dedim. Bildirdim ki, dünənki müşavirədəki çıxışımdan sonra Ayaz Mütəllibov mənə imkan verərmi ki, Ali Sovetin sədri olam? Dedi ki, doğrudur, dünənki çıxışın az qala işləri korlamışdı, amma səndən yaxşı namizəd yoxdur. Elə orda da dedi ki, prezident mənə göstəriş vermişdi ki, ayrı-ayrı deputat qrupları ilə görüş, mövqelərin öyrən gör kimin namizədliyini dəstəkləyirlər, onların da əksərtiyyəti sizin adınızı çəkdilər. Bildirdi ki, əvvəlcə sizinlə dövlət katibi Midhət Abbasov söhbət edəcək. Martın 2-də Midhət müəllim məni dəvət etdi və onunla söhbət elədik. O da mənə dedi ki, hamının fikri sizin Ali Sovetin sədri olmağınızdır. Midhət müəllimlə münasibətimiz çox yaxşı idi, ondan da xahiş etdim ki, imkanınız varsa, Ayaz Mütəllibova da deyin, mən Ali Sovetin sədri olmaq istəmirəm. Mənə etiraz etdi ki, narahat olma, çətinlikdən qorxmaq lazım deyil, əl-ələ verib işləyəcəyik, nə vaxt getsəniz də hansı yüksək postu istəsəniz gedin orda işinizi davam etdirin. Dedi otur gözlə, mən gedim Mütəllibovla danışım səni qəbul etsin. Mən onun kabinetində gözlədim, o getdi aşağı, onun prezidentin yanından qayıtması xeyli çəkdi. Qayıdıb gələndə gördüm xeyli narahatdır. Soruşdum ki, nə baş verdi ki, belə dilxor qayıtdınız? Dedi heç nə, aramızda bir xeyli ciddi söhbət oldu, onda sənə qarşı bir tərəddüd yaranıb. Açıq dedi Ayaz Mütəllibov narahatdır ki, birdən siz başqa cür hərəkət edə bilərsiniz.
-Yəni nə cür?
-Dedim Midhət müəllim, sən Allah, mənə düzünü deyin. Dedi o nigarandır ki, siz Heydər Əliyevin adamısınız, onunla yaxın olmusunuz, Heydər Əliyevlə birləşib onu yıxa biləcəyinizdən ehtiyatlanır. Dedim, doğrudur, Heydər Əliyev hamımızın böyüyü olub, hamımız onun vaxtında rəhbər vəzifələrə gəlib çıxmışıq, amma mən heç vaxt kiminləsə separat danışıqlara gedib dövlətin indiki çətin vaxtında onun zəifləməsinə yol verəcək birisi deyiləm. Bunu da bildiyiniz üçün mənə etimad göstərirsiniz. Mən heç özüm istəmirəm bu vəzifəni, ona görə də belə fikirləri qəbul edə bilmərəm. Dedi narahat olma, onu inandırdım ki, qorxmasın və axır ki, razılıq verdi sizin Ali Sovetin sədri olmağınıza. Dedi ki, sizi gözləyir, gedin qəbuluna. Getdim görüşdüm, 5 dəqiqə söhbətimiz oldu və heç dərinə getmədən ironiya ilə bircə bunu dedi ki, deyəsən səni də mənim günümə salmaq istəyirlər. Dedim nə olub ki? Pəncərədən göstərib dedi ki, bax görürsən, yenə bir şəhidin cənazəsini Prezident Aparatının qarşısından Şəhidlər Xiyabanına aparırlar, bax, hay-harayla mnəni söyürlər. Dedi bax mənim günüm budur. Gileyləndi ki, bu nə ədalətdir, mən neynməmişəm ki, məni söyürlər, lənətləyirlər? Hardasa bu olub martın 4-də. Bildirdi ki, yoldaşlar belə məsləhət biliblər ki, Ali Sovetin sədrliyinə sizin namizədliyiniz müdafiə olunsun, mən də etiraz etmirəm. Gəl əl-ələ verib işləyək.
-Həmin müşavirədəki çıxışınıza qayıtmadı ki?
-Yox, bu barədə heç nə demədi.
-Hər zaman sizi Şuşanın işğalına görə deyil, Ayaz Mütəllibovun ikinci dəfə hakimiyyətə qayıdışına icazə verməkdə ittiham edirlər. Bu qayıdışa mane ola bilərdinizmi?
-Mən buna çox çalışdım, ancaq mümkün olmadı. Mən heç Ali Sovetin həmin iclasını da çağırmaq istəmirdim. Kim necə düşünür və necə qiymət verər, özü bilər, tam səmimi deyirəm ki, Mütəllibovun yenidən qayıtmağını qəti istəmirdim. Amma yaxşı bilirsiniz ki, həmin parlamenti elə Ayaz Mütəllibov formalaşdırmışdı. Orda olan deputatların böyük əksəriyyəti onun adamı idi. O deputatlardan hansına ərkim çatırdı deyirdim ki, həmkarlarınıza da deyin ki, iclasa gəlməyin,bəlkə yetərsay olmasın. Mən Afiyyədin Cəlilova da tapşırmışıdm ki, deputatlarla iş aparın, bəlkə gəlməsinlər. Mən ayın 12-də Mütəllibovun özünü dəvət edib demişdim ki, qayıdışınız fəlakətlə nəticələnəcək və sizi işləməyə qoymayacaqlar. O da dedi ki, sən mənə düşmənçilik etmə, hər zaman sənə hörmətim olub, heç bir pislik etməmişəm sənə qarşı, mənim Xocalının qırğınında heç bir günahım yoxdur, mənim də nəslim-nəcabətim, övladlarım var, axı məni haqsız yerə düşmən gözündə təqdim etməyiniz onların da həyatını məhv edə bilər, onların günahı nədir? Dedi ki, bütün deputatlar mənə müraciət edib, xalq minlərlə teleqram göndərib, hamı deyir ki, siz nahaq gedibsiniz, qayıtmalısınız. Hətta mən iki dəfə milli təhlükəsizlik naziri İlhüseyn Hüseynovu onun yanına göndərdim ki, onu bir ağsaqqal kimi başa salın ki, gəlməsin, gəlsə vəziyyət nəzarətdən çıxacaq. Onun gəlməyindən istifadə edib qarışıqlıq salacaqlar, ölkədə vəziyyət daha da pisləşəcək. Hətta mən İlhüseyn müəllimə demişdim ki, ona baş nazir vəzifəsi də təklif edirəm, istəyirsə gəlsin əl-ələ verib işləyək. Yəni mən yaxşılıqdan deyirəm o gəlməsin, gəlsə həm də hörmətdən düşəcək. Amma Mütəllibov İlhüseyn Hüseynovun da israrlı xahişini qəbul etmədi. Mən nə qədər çalışdım ki, sessiya baş tutmasın, alınmadı. Bundan sonra səy göstərdim ki, sessiya heç olmasa bir neçə gün ertələnsin, onu da qoymadılar. Mayın 14-də Daşkənddə MDB dövlət başçılarının müşavirəsi keçirilməliydi deyə, bunu əsas tutub deyirdim ki, gedim qayıdım, sonra sessiya çağıraq. Mütəllibovun adamları da deyirdi ki, yox, Daşkəndə Mütəllibov getməlidir. Beləliklə, sessiya çağrıldı və yetərsay oldu, Xocalı istintaq komissiyasının rəhbəri Ramiz Fətəliyev və komissiyanın katibi də Əli Ömərov idi, onlar da çıxış edib dedilər ki, Ayaz Mütəllibovun Xocalı qırğınında heç bir günahı yoxdur. Deputatlar da yekdilliklə əl çala-çala onu qaytardılar prezidentlik kürsüsünə. Həmin ərəfədə mənim Heydər Əliyevlə dəfələrlə telefon danışıqlarım oldu, ona israrla deyirdim ki, təyyarə göndərim, gəlin, təhlükəsizliyinizə də tam cavabdehəm, bir ağsaqqal kimi çıxış edin və bu adamı da başa salaq ki, gəlməsin. Dedi mən Bakıya gəlməyəcəm, sən Ali Sovetin sədrisən, sən heç bir halda onun qayıtmasına imkan vermə. İndi demək istəmirəm, onun haqqında çox kəskin danışdı ki, bu xalq bu bəladan təzə qurtarıb, onu yenidən prezidentlik kreslosuna oturmağa qoymaq olmaz. Bir sözlə, söhbətimiz alınmadı, eyni zamanda mənə onu da dedi ki, əgər Ayaz Mütəllibov qayıtsa, tarix səni bağışlasa da mən heç vaxt bağışlamayacam. Gördünüz ki, heç bağışlamadı da. Təbii ki, bu gün də bir çoxları elə düşüncədədir ki, Mütəllibovu mən qaytarmışam, amma həqiqət dediyim kimi olub.
-Ayaz Mütəllibovun bir açıqlaması olmuşdu ki, məni ikinci dəfə hakimiyyətdə qalmağa cəbhəçilər imkan versəydilər mayın sonunadək Şuşanı qaytarmağın razılığın almışdım...
Ardı var...
|