"Razi Nurullayevin istefası cəbhənin daxili məsələsidir" - Milli Şuradan
Tarix: 3-03-2015, 12:17 |
Çap et
Bu gün Milli Şuranın koordinasiya mərkəzinin iclası keçiriləcək. İclasda əsasən mitinqlə bağlı məsələlər müzakirə ediləcək.
Bu barədə Hafta.az-a şuranın üzvü Rafiq Manaflı məlumat verib. O, AXCP sədrinin sabiq müavini və Milli Şuranın üzvü Razi Nurullayevin də son zamanlar apardığı siyasəti ilə bağlı fikir bildirib. R.Manaflı hesab edir ki, R.Nurullayev illərdir birlikdə çalışdığı şəxslər haqqında bu qədər sərt ifadələr işlətməməli idi:
“Razi Nurullayevin istefası cəbhənin daxili məsələsidir. Onu çox ağıllı adam hesab edirəm. Lakin onun son davranışlarını doğru hesab etmirəm. Gərək bu cür məsələləri sakit tərzdə həll edəsən. Hansısa qurumdan getmək olar. Hər bir şəxsin öz fikrini dəyişməsi mümkündür. Bir məsələ var ki, ancaq "idiot"lar öz fikirlərini dəyişmirlər. Lakin bir yeri tərk edəndə gərək ora tüpürüb bunu etməyəsən”.
R.Nurullayevin Milli Şuradan çıxarılacağı ilə bağlı xəbərlərə isə R.Manaflı bu cür aydınlıq gətirib:
“Milli Şurada Razi Nurullayevin təmsil olunduğu partiyanın üzvləri də var. Onlarla necə üzbəüz gələcək? Bu məsələ müzakirə obyektidir. Bu proses AXCP-nin daxili məsələsidir. Bütün hallarda düşünürəm ki, Razi Nurullayevin etdikləri doğru deyil”.
Qeyd edək ki, R.Nurullayev bildirib ki, Milli Şuradan istefa vermək fikri yoxdur: “Milli Şurada o insanlar təmsil olunmalıdır ki, müstəqil fikir söyləyə bilirlər. Əli Kərimlinin inhisarında deyillər”.