YAP-dan parlament seçkisi ilə bağlı açıqlama
Tarix: 7-03-2015, 10:08 |
Çap et
Azərbaycanın hakim partiyası parlament seçkiləri ilə bağlı təhlillər aparırlar.
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov Trend-ə bildirib ki, parlament seçkiləri ilə əlaqədar seçicilərin dəqiqləşdirilməsi işləri gedir: “Hər seçki məntəqəsi üzrə 3-4 nəfər təyin edilib. Bunlara seçicilərin öyrənilməsi üzrə təlimlər keçirilir. Burada həm seçicinin hansı partiyaya mənsub olması, siyasi baxışları, rəyləri, demoqrafik vəziyyət, seçicilərin yaşı və digər məsələlər öyrəniləcək. Bilirsiniz ki, yeni evlər tikilir, insanlar bir yerdən digər yerə köçür, həmçinin 18 yaşına çatanlar, hərbi xidmətdən qayıdanlar, dünyasını dəyişənlər var. Bu baxımdan biz hər seçki məntəqəsi üzrə 3-4 nəfər təhkim etmişik və bunlar da yaxın zamanlarda seçicilərin dəqiqləşdirilməsinə başlayacaqlar”.
YAP rəsmisi deyib ki, o cümlədən seçki dairələrindəki problemlərin nədən ibarət olması, onları aradan qaldırmağın yolları və digər məsələlərlə bağlı geniş təhlil işləri aparılır: “Bu təhlillər bitdikdən sonra biz hansı seçki dairəsindən hansı xarakterə malik namizəd irəli sürülə biləcəyini müəyyənləşdirəcəyik”.
Qeyd edək ki, Azərbaycanda parlament seçkilərinin bu ilin payız aylarında keçirilməsi gözlənilir.