“Bələdiyyələr icra hakimiyyətlərinin əlaltısıdır” – Millət vəkili
Tarix: 26-05-2015, 09:32 |
Çap et
“Prezidentin dediyi kimi, ölkəmizdə bələdiyyələr fəaliyyətsiz bir quruma çevriliblər. Onlar faktiki olaraq icra hakimiyyətlərinin əlinin altında ikinci dərəcəli, gərəksiz bir qurum kimi fəaliyyət göstərir”.
Bunu AzVision.az-a açıqlamasında millət vəkili Sabir Rüstəmxanlı deyib. Deputatın sözlərinə görə, bələdiyyələrin inkişafı üçün köklü dəyişikliklərə ehtiyac var.
“Bələdiyyələr haqqında qanunlar təkmilləşdirilir, yeni qanunlar qəbul edilir. Bunlara baxmayaraq, bələdiyyələrin fəaliyyəti gözə görünmür. Gərək əvvəlcədən bələdiyyə institutları olardı, onun əsasında formalaşardı, bizdə köhnə idarəçilik sistemindən onların adı dəyişdi, amma icra mexanizmi qalır. Bələdiyyələr hələ ki, öz yerini tapmayıb. Dünyanın müxtəlif ölkələrində valilik var, orada rəhbər olan valilər prezidentin həmin yerlərdə nümayəndəsidir. Daha çox onlar işləri yerinə yetirir. Amma təsərrüfat işləri, iqtisadiyyat işləri qəsəbənin, şəhərin idarəolunması bunlar hamısı bələdiyyələrin işidir. Bizdə o bölgü yoxdur. Ona görə də çox çətindir”.
Qeyd edək ki, prezident İlham Əliyev mayın 20-də keçirdiyi iclasda bələdiyyələrin fəaliyyətindən də söz açıb. Ölkə başçısı bələdiyyələrin fəaliyyətindən narazılığını bildirib.