Əsas Səhifə > Partiya, Güney Press > “Azərbaycanlılar öz ölkələrində girov - bankların köləsidirlər”

“Azərbaycanlılar öz ölkələrində girov - bankların köləsidirlər”


22-02-2016, 10:03
“Azərbaycanlılar öz ölkələrində girov - bankların köləsidirlər”
DİA.AZ: - “Azərbaycanda bank sistemi hər zaman bərbad olub. Belə demək olar ki, cəngəllik qanunları ilə idarə olunub. Bir çox bank filialları bankın öz vəsaitləri və ya səhmdarların vəsaitləri ilə yox, pulu olan fərdi adamlarla anlaşma şəraitində yaradılıb. O şəxslər də bankları istədikləri kimi - cəngəllik qanunları ilə idarə ediblər. Ümumiyyətlə, demək olar ki, bank sistemi Azərbaycan iqtisadiyyatının şaxələnməsində əsaslı rol oynamayıb və oynamır. Hətta, düşünürəm ki, xarici maliyyə institutlarından kiçik və orta sahibkarlıq subyektlərinin inkişafı adı altında aldıqları krediti də şəxsi məqsədləri və vətəndaşları daha da soymaq üçün istifadə ediblər”.

DİA.AZ bildirir ki, bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev danışıb. Sədr bildirib ki, Bank faizləri o qədər qədər yüksəkdir ki, demək olar, Azərbaycanda ailələrin çoxu bankların əsiridir:
“Vətəndaşlar doğulduqları və yaşadıqları ölkədə girov kimi - bankların köləsi kimi yaşayırlar. Hər gün yeni bir şəxsin kreditlər ucbatından özünü asdığını eşidirik. Budurmu ədalət, budurmu sosial inkişaf, budurmu dövlətin vətəndaşlarının maraqlarını və mənafeyini qoruması? Vətəndaşa bank bəzən zorla dollarla kredit sırıyır və yazıq a vətəndaş səhərisi gün gözünü açıb görür ki, manat ölüb, dəfn edilməyə aparılır, dollar isə qəhqəhə çəkib gülür. Vətəndaş görür ki, 1000 manat borcu var idi, indi olub 2000 manat. O, vətəndaş onsuz da kefindən və ya xoş günündən kredit götürməyib. O, vətəndaş 1000 manatı canını dişinə tutub ödəyirdi. Bəs indi 2000 manatı necə ödəsin? Budurmu sosial ədalət?”
“Banklar indi də quldurluq, qoçuluq, təhdid və hədə prinsipi ilə fəaliyyət göstərirlər” deyən R. Nurullayev qeyd edib ki, qanun uydurub vətəndaşları qorxudurlar ki, kreditlərini ödəməyən 3 ildən-6 ilədək həbs ediləcək:

“Bəs siz? Əgər, sizi yoxlasalar, arxanızda duran məmurlar geri çəkilsə və yaxud bankın sahibi olan məmur həbs edilsə, siz nə günə qalarsınız? Siz banklar o qədər qanunsuzluqlar və cinayətlər etmisiniz ki, heç 10-15 il həbs ilə də canınızı qurtara bilməzsiniz. Əgər hökumət vətəndaşının təhdid olunmasına, aşağılanmasına göz yumursa, vətəndaşına sahib çıxmırsa, belə hökumət mənə lazım deyil. Heç sizə də. Heç kimə lazım deyil”.


Geri qayıt