Əsas Səhifə > Partiya, Güney Press > "Azərbaycan müxalifətinin aparıcı rol oynayacağını mən görə bilmirəm"

"Azərbaycan müxalifətinin aparıcı rol oynayacağını mən görə bilmirəm"


29-02-2016, 08:27
"Azərbaycan müxalifətinin aparıcı rol oynayacağını mən görə bilmirəm"
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Azərbaycanda və regionda cərəyan edən proseslər və digər aktual mövzularla bağlı çoxsaylı suallarımızı cavablandırıb. Onunla müsahibənin sonuncu hissəsini təqdim edirik:

(əvvəli ötən saylarımızda)

- Azərbaycan da Pentaqonla və xüsusi xidmətlərlə çox sıx işbirliyindədir. Buna nə deyərdiniz?

- Yəni siz mənim dediyimi təkzib eləmirsiniz, əslində qüvvətləndirirsiniz.

- Ölkəmiz sistem böhranından çıxa biləcəkmi? Müxalifət böhrandan çıxa biləcəkmi? Bunlar nə dərəcədə bir-biri ilə bağlıdır? Dediniz ki, müxalifətin güclənməsində hakimiyyət maraqlı olmalıdır. Müxalifət özü niyə təşəbbüs göstərmir? Sanki hamı oturub nəyisə gözləyir.

- Burada mənə elə gəlir, yeni şərait yaranır. Yeni siyasi-iqtisadi landşafta uyğun qüvvələr ortaya çıxacaq. Azərbaycan müxalifətinin burada nə aparıcı rol oynayacağını, nə də hərəkətverici qüvvə olacağını mən görə bilmirəm. Bəli, prosesdə hansısa formada iştirak edə bilər. O da şərtidir, sizin dediyiniz kimi, təşəbbüskarlıq göstərə bilsə. Əgər müxalifət vəziyyəti düzgün qiymətləndirib ondan tələb olunan addımları atsa, yüksək siyasi yetkinlik, siyasi mədəniyyət göstərib enerjilərini daxili mübarizəyə verməsə, ölkəni düşünsələr bu dəyişikliklər prosesində müəyyən bir seqmenti tuta bilərlər. Amma bir daha təkrar edirəm ki, prosesdə aparıcı rol oynayacağı görünmür. Bu, nəzəri cəhətdən bir halda mümkündür ki, real aparıcı rol oynayası qüvvələr meydana çıxmaqdan çəkinsinlər, vasitəli oyunda iştirak eləmək qərarı versinlər və sadəcə, hansısa liderə və müxalif siyasi qüvvəyə oynasınlar.

- Ölkə prezidenti son iki ayda həm Nazirlər Kabinetinin iclaslarında, həm bölgələrə səfərlərində, həm də Davosda və digər xarici səfərlərində etdiyi çıxışların mərkəzində dayanan bir fikir var - islahatlar üçün zaman yetişib. Siz də bizimlə söhbətimizdə təhlil elədiniz ki, dövlət başçısı islahatlara start verdi, amma sonra nəyə görəsə dayandı. İndi bizdəki məlumat isə bundan ibarətdir ki, islahatlar üçün müəyyən iş gedir, kadr bazası formalaşdırılır və s. İslahat prosesi yenidən başlasa və dediyiniz təhlildəki kimi xalqın içindən çıxan kadrlardan, müxalifətin də potensialından istifadə eləmə qərarı versə, şəxsən sizin mövqeyiniz necə olar? Partiyadan kadrlar vermək, prosesdə şəxsən iştirak eləmək kimi məsələləri heç düşünmüsünüzmü?

- Nəinki düşünmüşəm, hətta düşündüklərimi təkliflər şəklində yazılı sənəd halına gətirib təqdim eləmişəm. Məncə, Azərbaycanda siyasi partiyalar içərisində ən çox təklif verən partiya bizim partiyadır, ən çox təklif verən partiya sədri də mənəm.

- Yəni siz o qeyd etdiyimiz prosesə sıcaq baxırsınız?

- Siz məni neçə illərdir tanıyırsınız. Sizin də yaxşı tanıdığınız Oqtay Daşoğuz var idi. Naxçıvana gəlirdi və deyirdi ki, Sülhəddin Əkbər ekspert kimi danışmır, dövlət xadimi kimi danışır. Bilirsiniz ki, mən özümü tərifləməyi xoşlamıram. İndi özüm haqqında bu fikri xatırlatdığım üçün də üzr istəyirəm. Sadəcə ona görə bunu xatırlatdım ki, mənim ortaya qoyduğum mövqenin dövlətimizin maraqları üçün edildiyini ifadə edim. Tam səmimi deyirəm, əgər dövlət başçısı islahat yolunda addımlar atacaqsa, Azərbaycan xalqından da, demokratik qüvvələrdən də dəstək görəcək. Ölkəni sevən, bu ölkədə demokratik dəyişikliklər istəyən bütün qüvvələrdən, şəxslərdən dəstək alacaq.

- O cümlədən, şəxsən sizdən?

- Bəli. Şəxsən məndən də dəstək alacaq.

Geri qayıt