Əsas Səhifə > Partiya, Güney Press > `Əli Kərimlinin adam içinə çıxmağa üzü yoxdur`

`Əli Kərimlinin adam içinə çıxmağa üzü yoxdur`


11-03-2016, 15:07
`Əli Kərimlinin adam içinə çıxmağa üzü yoxdur`
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu AXCP sədri Əli Kərimlinin müxalifətlə dialoqdan qaçmasını tənqid edib.

Partiya sədri AzVision.az-a açıqlamasında AXCP-də özbaşnalığın hökm sürdüyünü bildirib.

“Bir partiyaya ki, sədrin adına məktub ünvanlayasan, ancaq məktubuna sədrin özü yox, müavini, müavinin müavini, sıravi üzvləri cavab verirsə, bu, həmin partiyanın “bezpridel” olduğunu, nizamnamənin işləmədiyini, özbaşnalığın olduğunu göstərir”,-deyə ADP sədri vurğulayıb.

S.Cəlaloğlu qeyd edib ki, onun Əli Kərimliyə ünvanladığı məktuba müavini Nurəddin Məmmədlinin cavab verməsi AXCP-nin bərbad durumda olmasından xəbər verir: “Mənim partiyama, Sərdar Cəlaloğlunun adına məktub gəlirsə, müavinimin, partiyanın sıravi üzvünün nə ixtiyarı var ki, ona cavab versin? İndiki vəziyyət onu göstərir ki, həmin partiyanı eyni vaxtda həm Əli Kərimli, həm müavinlər, həm rayon təşkilatlarının sədrləri, həm sıravi üzvlər, həm anonim şəxslər, həm də saxta “Facebook” profilləri idarə edir. AXCP adından hər hansı bir anonim şəxs, yaxud açıq şəkildə müavinlərdən biri “Facebook”da ağlına gələni yazır”.

S.Cəlaloğlu hesab edir ki, partiya sədrinin adına gələn məktuba müavinin cavab verməsi nizamnamə tələblərinin pozulması deməkdir: “Əgər partiya sədrinin adına məktub ünvanlanırsa, müavinin buna cavab verməsi nə dərəcədə AXCP-nin nizamnaməsinə uyğundur? Hələ mən siyasi etikanı kənara qoyuram. Ancaq, bu onu göstərir ki, Əli Kərimli partiyanı idarə edə bilmir. Yəni, partiyada mərkəzçilik prinsipi yoxdur, kim necə gəldi partiya adından danışa bilir. Konkret olaraq nizamnamə tələbləri baxımından Əli Kərimlinin adına göndərilmiş rəsmi bir məktuba onun müavinlərinin cavab verməsinin nə kimi əsası var? Əli Kərimlinin özü hüquqşünasdır. Qoy, buna hüquqi qiymət versin. Əli Kərimli məktubumuza pis cavab, söyüş, hətta ağlına gələni deyə bilər. Bu, onun özünün mədəniyyətini göstərir. AXCP sədrini debata ona görə dəvət etmişik ki, virtual aləmdə tutuquşu kimi ötən tərəfdarlarının və bizim tərəfdarlarımız qarşısında bütün məsələlərlə bağlı açıq debat aparılsın”.

S.Cəlaloğlu vurğulayıb ki, Əli Kərimlinin sözü, üzü varsa, debata gələcək, yoxdursa, gəlməyəcək: “Debata gəlməməsi o anlama gəlir ki, pərdə arxasında yenə onu-bunu söyməklə başını girləyəcək. Biz bu addımımızla Azərbaycan müxalifətində formalaşmış eybəcər münasibətləri aradan qaldırmaq istəyirik ki, hərə 3-4 adamı “Facebook”a ötürməklə onun-bunun təklifini, təşəbbüsünü kölgələməyi, başqaları haqqında şayiə, qiybət etmək kimi işləri xalqa siyasət kimi təqdim etməsin. Ona görə hesab edirik ki, açıq debatlara daha çox ehtiyac var. Çünki, hər kəs kimin kim olduğunu görməlidir”.

Partiya sədri Ə.Kərimliyə açıq meydan oxuyub: “Buyursun, AXCP sədri, müavinlərinin dediyi fikirləri koalisiyanın üzvlərindən birinə desin və cavabını alsın. Eyni zamanda bu partiyanın üzvləri həm istədikləri sualları versin, həm də verilən cavabları eşitsinlər. Bəlkə bu zaman həqiqət ortaya çıxdı. Belə olmaz ki, partiya sədrinə məktub göndərəsən, müavin çıxıb sədr adından ağzına gələni danışsın. Əli Kərimli sən AXCP sədrisən? AXCP haqqında kimsə, hər bir üzv, müavinlər, hətta sədrin özü də cavab verə bilər. Ancaq, sədrsənsə, sənə ünvanlanan məktuba müavinin cavab verməməlidir”.

Geri qayıt